Bəli, Çar Rusiyasının, SSRİ dövlətinin, hazırda da Çar Rusiyasının və SSRİ-nin qanuni varisi olan Rusiya FR-nın Qafqaza ayağını basmış bütün çinovnikləri, bütün rəsmi nümayəndələri hər zaman ermənilərin Qafqazda törətdiyi qırğınlara, vəhşiliklərə, cəlladlığa yaşıl işıq yandırıb. Çünki erməni olmadan rusların Qafqazda genişlənməsi imkansız olardı. Bu səbəbdən də bugün erməni xalqı yaşayırsa, bugün Ermənistan dövləti varsa, bütün dünya erməniləri ruslara böyük bir minnət duyğusu ilə yanaşmalıdırlar. Rusiyanın Qafqazdakı "çomağı”, eyni zamanda iyrənc siyasəti həm Qafqaz xalqlarına , həm də dünya xalqlarına gün kimi aydındır.
Ermənistan yaradılması ideyası nə vaxt başladı?
Tarixçilərin araşdırmasına görə, bu yerlərə ermənilərin, ilk növbədə, geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra tarixi mənbələrdə də əksini tapıb. Məsələn, Qafqazdakı rus qoşunlarının komandanı 1805-ci il 22 may tarixli 19 nömrəli raportunda qeyd edirdi ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da darvazası sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 1805-ci il mayın 14-də imzalanmış "Kürəkçay” müqaviləsi bu vəzifənin yerinə yetirilməsinə əlverişli şərait yaratmış oldu və həmin dövrdən etibarən Rusiya imperiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsinə başlandı. XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir sıra tarixi mənbələrdə, o cümlədən S.Qlinka, N.Şavrov, A.Qriboyedov, V.Veliçko, S.Zelinski və başqalarının əsərlərində və digər tarixi mənbələrdə əksini tapıb. Çar Rusiyasının müvafiq dövlət qurumları tərəfindən ermənilər Azərbaycanın Qarabağına və digər bölgələrinə köçürülərkən Azərbaycan xalqını bu proseslərin uzunmüddətli olmayacağına inandırmağa çalışdılar.
Əslində 1805-ci ildən başlayan köçürülmə prosesi xüsusilə İran və Türkiyədən köçürülən ermənilərin Azərbaycanda yerləşdirilməsi siyasəti hətta Azərbaycan sovetləşdirildikdən sonra da davam etdirildi. Arxiv sənəd və materialları, digər tarixi mənbələr təsdiqləyir ki, kənardan gətirilən ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesi hətta azərbaycanlıların əzəli türk torpaqlarında yaradılıb və sonralar Ermənistan adlandırılan ərazilərdən qovulduqları vaxtlarda da davam etdirilib.
Məsələn tanınmış rus tədqiqatçısı N.Şavrov yazırdı: "Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarı ilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza irandan 40 mindən və Osmanlı dövlətindən 84 mindən çox erməni köçürülmüşdür. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axalsıx və Axalkələk bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər ”.
N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb yerləşdirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın yerli əhalisi deyil. Onlan buraya biz köçürüb gətirmişik”.
Yeri gəlmişkən, tarixçilər Azərbaycan-Türkiyə torpaqları hesabına "Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri cinayətləri, soyqırımını 5 mərhələyə bölmüşlər.
Birinci mərhələ - XVII əsrdən -1905-ci ilə kimi olan dövr.
İkinci mərhələ - 1905-ci ildən -1914-cü ilə kimi olan dövr.
Üçüncü mərhələ - 1914 ildən -1920-ci ilə kimi olan dövr.
Dördüncü mərhələ - 1948 ildən -1953-cü ilə kimi olan dövr.
Beşinci mərhələ - 1988-ci ildən sonrakı dövrlər.
Yenədə dönək o illərə...
Qırğınların təşkilatçıları, icraçıları...
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələrə əsaslanaraq qələmə aldığı qeydlərini nəzərdə keçirsək təşkilatçı və icraçıların kim olduğunu daha dəqiq bilərsiniz:” 1917-ci ilin noyabrında Bakıda hakimiyyəti ələ keçirmiş və tərkibi əsasən ermənilərdən ibarət olan "Bakı Komunası” adı altında yaradılmış birinci "bolşevik” hökuməti tərəfindən "əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəstələri göndərilib. S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında Azərbaycanın müxtəlif bölgələrinə göndərilmiş həmin silahlı dəstələr 1918-ci il martın 30-da və 31-də, aprelin 1-də Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay, Ərəş və Quba qəzalarının kəndlərində, habelə Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törədib, minlərlə günahsız, dinc əhalini qətlə yetirib. Həmin qırğınlar T.Əmiryan, H.Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak "hərbçi”lərinin başçılığı altında həyata keçirilib. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak-bolşevik qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş soyqırımı həyata keçirdi”.
Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilib. Memarlığın incilərindən sayılan İsmailliyənin binası yandırılıb. Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər.
Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, "erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibədə” iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "borcunu” yerinə yetirirdi”.
1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalıb. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. 1919-cu il martın 30-da "Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının "Çağırış”ı dərc olunub. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: "Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin 15 minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını "bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar, qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.
Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olub. Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törədiblər. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də, onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir.
A.Novatski qeyd edir ki, müsəlmanların dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırıblar. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. Ayrı-ayrı mənbələrə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülüb. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Nəhayət 70 il bəzilərinin fəxarətlə öydüyü sovet dönəmində xalqımızın başına gətirilən bu bəlalar örtüb basdırıldı, Saxta tarix, saxta faktlarla düşmənlərimizi tanımamağımız, vaxtında ölçü götürə bilməməməyimiz nəticəsində yeni-yeni faciələrə qucaq açdıq.
Əziz xalqım bu tarixi, və bu tarixi düşmənlərimizi heç vaxt unutma! Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Əntiqə Rəşid