Kamalə Abiyevanın poetik nümunələrində obrazlar
Tarix : 01 Fevral 2026, 16:17 Kamalə Abıyevanın poetik nümunələrində bədii obrazlar özünü həm geniş, həm də qısa, bəzən isə açıq-aydın şəkildə, bəzən üstüörtülü, eyhamlı şəkildə təqdim edir. Bu amillərə baxmayaraq, şairin poetik dünyasında görünən obrazlar zəngin və müxtəlif olması ilə seçilirlər. Şairin obrazlar qalereyasında şəhid, Vətən, müəllif məni, Azərbaycan, ana və s. obrazlarla üzləşmək olar.
Kamalə Abiyevanın şəhidlərə məktub şəklində yazdığı "Sən elə azadsan” adlı şeirində canını dogma Vətəninə fəda etmiş şəhidlərin ümumiləşdirilmiş obrazı canlandırılır. Şeirdən bir bəndə diqqət yetirək:
Bu torpaq uğruna fəda etdiyin
həyatına qurban, özünə qurban.
Bağrımı yandıran son nəfəsinin
"Vətənim sağ olsun” sözünə qurban.
Şair Vətən uğrunda canından keçən bu ölməz qəhrəmanların fiziki məhv olmalarına rəğmən, əbədiyaşar olmalarını açıqlamağa nail olur. Şairin "Şəhidlərə”, "Sənin arzuların”, "Vətən savaşı” və s. şeirlərində ölməz şəhidlərimizin obrazı yaşadılır. Kamalə Abiyeva şəhidlərin Vətənə dönməsini poetik dillə tərənnüm etməsi şairin sənətkarlığının təsdiqləyicisidir.
Şairin əksər şeirlərində obraz kimi müəllif məni çıxış edir. Bu müəllif məni Ana Vətən də ola bilir, ana da, körpə də ola bilir, şəhid də... Müəllif məni şairin şeirlərində bir çox obrazlarda çıxış edir. Məsələn, "Mənə nağıl danış” adlı şeirdə müəllif məni nağıl istəyən bir şəxsin obrazı kimi təqdim edilir. Bu yaşlı insan da ola bilər, körpə uşaq da.
Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.
"Azadlıq” şeirində isə azadlıq arzusunda olan müəllif məni vətəndaş qismində çıxış edir:
Ruhun azadlıq sevər.
Azadlıq istər.
Azadlığı geyinər, sevinər.
Kamalə Abiyevanın "Anladığım həqiqət”, "İnanmadım” və digər şeirlərində kamil, dolğun ana obrazı canlandırılır. "İnanmadım” şeirində deyir:
Ana, səni özlədim
Ana, səni gözlədim...
Hey yol çəkdi gözlərim
Bu yol gedər-gəlməzdi,
Kimsəni də bir daha
Geriyə gətirməzdi.
"Anladığım həqiqət” şeirində də şairin anayla bağlı nisgilli dünyasının olmasına rəğmən, ananın əvəzolunmamazlığı, həyatda tutduğu mövqeyi obraz səviyyəsinə qaldırılaraq təqdim edilir:
Eşidərək səsini, duyaraq nəfəsini,
Açan çiçəyə, gülə baxmaqdan daha gözəl,
heç nə yoxmuş dünyada.
Elə sənin yanında gözəl imiş dünya da.
Şair bütün gözəlliklərin fövqünə ana varlığını yüksəltməklə yanaşı, onunla bir olma məqamının səadət olmasını, həyatı dərk etməyimizə yol göstərmələrini sərgiləməyə də qadir olur.
"Qocaldım ana” şeirində Anaya olan sevgi fonunda ana obrazı təqdim edilir:
Sənsiz sevinmək də necə çətindir
Bölünmür sevincim, artır ağrılar
Dərd-sərin içimdə gəzirəm indi
Tək sənə deməyə ehtiyacım var
Kamalə Abiyevanın ana obrazı içərisində şəhid anasının obrazı diqqəti cəlb edir. "Şəhid anası” şeirində şair şəhid analarının ümumiləşdirilmiş obrazını canlandırır:
Ağlama, gözünün yaşını sil sən
Sənin göz yaşında Vətən boğular.
Ay müqəddəs qadın sənin bətnindən
oğul doğulmayıb Vətən doğulub.
F.e.d. Lütviyyə Əsgərzadənin vurğuladığı kimi "Kamalə xanımın şeirləri bütövlükdə Vətənimizə, Şəhidlərimizə, şəhid analarına sitayişdir, duadır”. Kamalə Abiyeva şeirlərində də ana əzəmətini üstün tutaraq, anaya məhəbbəti qüvvətli şəkildə səsləndirir. Şairin ana ilə bağlı şeirlərindəki ana obrazı ilə onun şəxsiyyətinin birləşməsinin də şahidi oluruq.
Filologiya Elmlər doktoru, prof. Salida Şərifova