YAZI / DÜŞÜNCƏ
Cəzasızlığın nəticələri - Flora Hüseynova yazır Tarix : 13 Oktyabr 2022, 17:38
Yazar : Flora Hüseynova


İnsan xisləti çox mürəkkəbdir. Ağıl, dərrakə, düşüncə insanı ən ali varlıq etsə də, bəzən insan ağlagəlməyən, yolverilməz hərəkətlər edir. Elə buna görə də qanun var, cəza var. Hər bir kəs, hər bir vətəndaş qanunun aliliyinə inanmaq istəyir. Bir sözlə, hər bir vətəndaş ictimai, siyasi statusundan asılı olmayaraq atdığı hər bir addıma görə cavab verir, daha doğrusu cavab verməlidir. Amma bəzən tərəddüd də var, tərəddüd etməyə səbəblər də...


Hansını deyim? İsmayıllı rayonunda 1 saylı uşaq bağçasında kiçik uşağın başına vurub videoya çəkən bağça müəlliməsini, Şamaxıda uşaq bağçasında aşpazın kiçik qızın saçını yolmasını, Mehnur loqoped mərkəzində nitqi qüsurlu kiçik uşaqlara işgəncə verən "tərbiyəçiləri”, - hansını?


Nə cəza verildi ki, onlara? İctimaiyyətə verilən məlumat: ölçü götürüləcək. Uşaq bağçasında başına-başına vurulan uşağın valideynləri tərbiyəçini bağışladı, ya da ictimaiyyətə belə məlumat verildi, loqoped mərkəzində baş verənlərə görə də 3 aylıq ev həbsi – yenə də ictimaiyyətə verilən məlumata görə.


Kimdən soruşsaq cəzanın verilmədiyini deyəcək. Əslində, fərq etməz, qanunu pozan kim olsa belə cəzasını çəkməyəndə davamı gəlir. "Cinayətə göz yummaqla sən daha bir cinayətə rəvac verirsən”. Bu, eramızdan əvvəl yaşamış Çin hərbi nəzəriyyəçisi Sun Dzinin sözləridir.


Cəzasız qalanda cinayət davam edir. Bəli başqa cür, başqa sahələrdə, başqa formada, məzmunsa dəyişmir. 


Müşahidələrdən bu nəticəyə gəlmək olar. 


Davamı məktəblərimizdə…


Qəribə bir təzad yaranır - kiçik yaşlı uşaqlara qarşı yol verilən qanunsuzluqlara göz yumulur, amma məktəblərdə tam əksinə şagirdlərin etdiyi tərbiyəsizliklərə qarşı heç bir ölçü götürülmür. Məntiqi tuta bilmirəm. Uzun zamandır ki, məktəblərdə müəllim – şagird münasibətlərində tarazlıq pozulub. İzahı da budu: yeni dünya gəncləri yetişdirilir, özgüvənli, açıqgözlü. 


Əlbəttə, biz hamılıqla gənclərimizin müasir dünyaya uyğun, açıqgözlü, özgüvənli yetişməsini istəyirik. Burada çox incə bir məqam var ki, ehtiyatlı olmaq lazımdır. Özgüvənlə özbaşınalığı səhv salanda çox pis fəsadları yaranar demək istərdim, amma nə yazıq ki, artıq o fəsadlar indidən gözümüzün önündə… və bu bir azərbaycanlını narahat etməlidir.


Nə vaxtdır bu mövzuda apardığım araşdırmaların nəticəsi heç də ürəkaçan deyil. Müəllimlərimizin qüruru sındırılır. Bəlkə də, çox acımasızca deyilən bir sözdür. Amma başqa cür ifadə edə bilmirəm. Anladıq, müasir gənclik yetişir, dünya təcrübələrinə əsaslanıb bəzi addımlar atılır. Bir məqam unudulur. 


Dünya təcrübəsinə kor- koranə əsaslanmaq olmaz, axı, buna cəmiyyət hazır olmalıdır. 


Baş verənlərsə sübut edir ki, cəmiyyət buna hazır deyil. Əslində hər bir dövlətin, xalqın öz mentalitetinə uyğun olaraq məktəbdə müəllim-şagird münasibətləri formalaşır. 


Almaniyada, Amerikada, İngiltərədə belədir deyə biz də belə etməliyik kimi bir yanaşma nə qədər düzgündür? 


Ümumiyyətlə, şagirdlərə qarşı zorakılıq hər zaman neqativ hal kimi qarşılanıb, buna yol verilməsinin qarşısı hər zaman alınıb. Bəs dəyişən nədir? Nə oldu birdən- birə bu qədər natarazlıq yarandı? 


Çox fikirləşməyə ehtiyac yoxdur, niyəsi çox sadədir. Əvvəllər şagird özünü pis aparardısa müəllim valideynə şikayət edərdi, mütləq cəza alacaq deyə bir düşüncə var idi. Yəni insanın bir çəkinəcəyi, qorxacağı yer olmasa nələr etməz, hələ ki, bu uşaq ola. 


Tarazlıq onda pozuldu ki, valideyn müəllim anlaşması, birliyi pozuldu. Necə oldusa bir səhər ayıldıq ki, müəllimin bütün hüquqları əlindən alınıb, şagird sinifdə müəllimə istədiyini deyə bilər, hər şeyi vurub sındıra bilər, müəllimlə çox kobud rəftar edə bilər və müəllim də bütün bunlara baxmayaraq ağzını açıb bir kəlmə danışa bilməz. 


Müəllim, direktor valideynlərdən qorxur. Bəli, bəli, qorxur. Valideynlər sanki heç bir məsuliyyətləri yoxmuş kimi, hər nə olsa məktəbi günahlandırırlar, qaynar xəttə zəng edəcəkləri ilə şantaj edirlər. 


Bir direktor məktəbin foyesində şagirdin ağzından siqareti götürdüyünə görə az qala millət xaini elan edəcəkdilər ki, yaxşı qurtardı. 


İllərlə məktəbdə işləyən müəllimlərin şagirdin yanında nüfuzdan salınması yolverilməzdir. 


Məqsəd müəllimin şagirdi təhqir etməsi, vurması deyil. Bu haqda heç söhbət gedə bilməz, çünki bu da yolverilməzdir, tərbiyə üsulu deyil. 


Ən acınacaqlısı odur ki, müəllimin artıq şagirdə "bunu etmək pisdir, bu sənə ziyandır” deməyə belə haqqı yoxdur. 


Belə olan halda məktəbdə sinif yoldaşını döyən şagirdin tərbiyəsizliyi niyə məktəbin qüsuru olur? Aydındır ki, güc tətbiq edən şagirdin məsuliyyətini ən əvvəl ailəsi daşıyır. Bu birmənalıdır. 


Amma nə oldu? Məktəbin direktor əvəzini işdən çıxartdılar. Sinif yoldaşını var-gücü ilə, amansızlıqla döyən şagirdsə heç nə olmamış kimi dərsə gəlib gedir. 


Deməli, cəzasız qaldı...


Bu həqiqətən belə olmalıdırmı? 


Bəs onda çətin tərbiyə olunan uşaqlar üçün müəssisələr nəyə lazımdır? Bu da cavabsız suallar sırasında qalır. Şagirdlər nə gördülər? Cəzasızlıq. 


Üstündən bir müddət keçən kimi başqa bir məktəbdə  4-5 şagird telefona çəkir ki, necə şagirdlərdən biri bağlı qapını təpiklə vurub açmazdan əvvəl utanmadan kameraya baxır və vəhşicəsinə qapını təpiklə vurub açır. Yanındakı uşaqlar da gülüşür. 


Məncə bu ciddi bir siqnaldır. Cəzasızlığın nəticəsi olmaya? Ya da tamam başqa bir məqsəd. Əvvəlki hadisədə məktəbin direktor əvəzi işdən çıxarıldı. Demək ki, hansı şagirdin ürəyi istəsə nə tərbiyəsizlik edirsə etsin, əvəzində direktor işdən çıxarılacaq. 


Məncə artıq həyəcan təbili çalmaq lazımdır. Yoxsa bu cəzasızlığın törədəcəyi nə qədər belə hadisələr baş verməlidir ki, nəsə bir tədbir görülsün? 


Lütfən, müəllimlərin qürurunun qırılmasına yol verməyək. Müəllimin qüruru qırılarsa cəmiyyəti kim yetişdirəcək? Məktəb təlim-tərbiyə ocağıdır. Əgər bir şagirdə onun qüsurunu deyib aradan qaldırmağa müəllimin haqqı yoxdursa, müəllim şagirdi tənbeh edə bilmirsə, onu pis yoldan çəkindirmirsə hansı tərbiyədən söhbət gedə bilər?


Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Əli bəy Hüseynzadə.


Qadinkimi.com

Flora Hüseynova