FEMİNİZM
Feminizmin dalğaları, mərkəzi cərəyanları və onların mövzuları-Marksist, sosialist və radikal feminizm-2-ci hissə Tarix : 20 Aprel 2021, 22:30

Marksist və sosialist feminizm: kapitalizm və cins

 


Marksist feminizm bərabərliyin qanunla təmin olunacağını iddia edən liberal feministlərə tənqidi yanaşaraq iddia edir ki, istehsal və mülkiyyətin qeyri-bərabər bölgüsü davam etdiyi müddətcə qadın və kişi bərabərliyi olmayacaq. Marksist yanaşmaya görə, cinslərarası bərabərsizlik iqtisadi münasibətlərdəki ədalətsizlikdən qaynaqlanır və sinifləşmə bütün insanların, o cümlədən qadınların əzilməsinə gətirib çıxarır.

Marksist feminizm barədə danışmağa başlamazdan əvvəl xatırlatmaq lazımdır ki, Karl Marks feminist deyildi, o, sinif və bərabərsizlik barədə düşüncələrini qadın perspektivindən nəzərə almırdı (Bryson 2003; Menschik-Bendele 1977). Bu, onun qadın azadlığına qarşı olduğu anlamına gəlmir, lakin Con Süart Mill və Vilyam Tompsondan fərqli olaraq, o, cinsdən qaynaqlanan əzilmə məsələlərini öz maraqları baxımından əhəmiyyətli görməyib və bunları heç vaxt detallı empirik və ya nəzəri araşdırmaların mövzusu etməyib (Bryson 2003, 56). Onun nəzəriyyəsi bəşər tarixi və cəmiyyətin təhlilinə yönəlik idi və davamçıları bunu feminist müstəviyə daşıyıb (Bryson 2003, 56). Brison qeyd edir ki, "o cümlədən, Engels əsərlərini qadın perspektivini nəzərə alaraq yazmırdı, burjua qadın və proletar qadın arasında əzilmə fərqini də iqtisadi əsaslarla izah edirdi; [Engelsə görə] burjua qadın evliliyində kölədir, çünki o, mülk, iqtisadi təminat qarşılığında doğuş maşını və seks xidmətçisi rolunu oynamaqla köləliyə təhkim olunub” (Bryson 2003). Brison qeyd edir ki, "Engelsin burada apardığı qadın-kişi müqayisəsi belədir ki, burjua ailədə kişi burjua, qadın isə proletar qismindədir; proletar ailədə isə o, qadının əmək və cinsi köləliyindən bəhs etmir, hesab edir ki, bu ailənin əsasını mülk münasibətləri təşkil etmədiyindən hər iki cins bərabərdir” (Bryson 2003, 56). Marksist feminizmdə proletar qadının azad (əzilməyən) qadın kimi görülməyi və cinslərarası münaqişənin sonlanmasında yalnız kapitalist transformasiyanı əsas götürmələri digər feministlər tərəfindən tənqid edilir. Qadın tabeçiliyinin sonlanmasında iqtisadi faktor vacib yer alsa da, bu, cinsi tabeçilik problemin həlli üçün təkbaşına yetərsiz amildir. Kapitalist nizam cinsi tabeçiliyi və bərabərsizliyi artıran faktordur, lakin cinslər barədə təsəvvürlər, təyinatlar, gender rolları təkcə kapitalist nizamdan qaynaqlanan problemlər deyil. Bu, kapitalist mühitdə daha da dərinləşən problemlərdi. Marksist feminizm məzmunca genişləndiyi üçün onu iki dövrə ayırmaq lazımdır: feminizmin birinci dalğasında formalaşmış klassik marksist feminizm və ikinci dalğa feminizmdə formalaşmış sosialist feminizm.

 


Klassik marksist feminizm

 


Klassik marksist feministlər qadınların əzilməsinin aradan qaldırılması üçün iqtisadi nizamın dəyişməsi və sosialist cəmiyyətin qurulması istiqamətində mübarizəyə fokuslanmışdı. İddia edilirdi ki, əgər kapitalizm sonlanarsa, bu, qadınların əzilməsinin və istismarının sona çatması ilə də nəticələnəcək. Klassik marksist feministlərin yanaşması əsasən August Bebelin Qadın və Sosializm kitabına əsaslanırdı və qadınların fəallığı, inqilabçılığı ilə sosializmin qurulmasını bərabərliyin təmin olunması kimi görürdülər (Bryson 2003). Qadınların istismarı və qeyri-bərabərliyin səbəbi kapitalist sistemdə, məhz burjua ailə institutunda görülür, qadın məsələlərinə dair yanaşmalarda ev işlərinin ictimai xarakter daşımasını və digər işlər kimi qadının ailədəki əməyinin ödənişli olması fikri müdafiə edilirdi. Ancaq ev işinin niyə qadına aid olması müzakirə edilmirdi. Klassik marksist feministlər liberal feministlərlə əməkdaşlıq etmirdi, iqtisadi nizam dəyişmədikcə, qanunvericilikdə qadına verilən hüququn effektli təsiri olmayacağını iddia edirdilər (Bryson 2003, 107).

 


Sosialist feminizm

 


1960-ci ildən başlayaraq feminizmin ikinci dalğasında radikal feminizm kimi yeni cərəyanlar meydana gəldi və şəxsi olan siyasidir yanaşması ilə feminist diskursda şəxsi sferanın mübahisələndirilməsi ictimai müstəviyə daşındı. Qadın məsələləri üzrə debatlar üç əsas anlayış üzərinə köklənmişdi: 

patriarxlıqreproduktivlik və ideologiya (Barret 2014).

Klassik marksist feminizm məzmunca yeniləndi və sosialist feminizm formalaşdı. Marksist ideyalar əsasında patriarxallığa qarşı mübarizə aparan sosialist feminizmin əsas mülahizələri aşağıdakı kimidir (Ehrenreich 1976):

  1. Sosialist feminizmə görə, sinif və cins dominantlığının əsasında zorakılıq var. İnsanlar bir başa zorakılıqla üzləşməsələr də, sinif və cins hökmranlığına tabe olurlar.
  2. Sosial olaraq parçalanmış işçi sinif mülkiyyətsizləşdirilərək təcrid edilib və kapitalist nizamdan asılı hala gətirililib;
  3. İşçi sinifini parçalayan güc eyni zamanda qadını kölələşdirən gücdür. Kapitalist dəyərlərin nüfuz etdiyi ailə və iş həyatı qadını əzilməyə təhkim edir. Qadın daha passiv və feminin hala gətirilir. Qadının bu halı kapitalist dəyərlərin daha da möhkəmlənməsində əlverişli olduğu üçün qadınların passivliyi və feminliyi kapitalizmə sərf edir;
  4. Qadının əzilməsi və sinifləşmə bir-biri ilə əlaqəlidir. Qadınların iqtisadi olaraq güclənməsi üçün çıxış edən qruplar xaric, necə ki, digər qadın mübarizələri anti-kapitalist xarakter daşımır, anti-kapitalist mübarizələrin də hamısı qadınların əzilməsi problemini mübahisələndirmir. Halbuki, sinifləşməni sonlandırmaq qadınların azadlığı ilə birbaşa bağlıdır.

 


Radikal feminizm: Patriarxallığın tənqidi



Əvvəlki cərəyanlar (liberal və klassik marksist feminizm) qadınların səsvermə hüquqları, əmək və məşğulluq azadlıqları, əməyin istismarı, təhlükəsiz iş mühiti, layiqli maaş kimi ictimai sferadakı ədalətsizliyə və bərabərsizliklərə fokuslanmışdı. Radikal feminizm isə şəxsi sferadakı ədalətsizlik və bərabərsizlik problemini ilk dəfə önə çəkdi. 1960-cı illərin sonu ABŞ-da Qadınların Azadlıq Hərəkatı ilə meydana çıxan radikal feminizm oturuşmuş dəyərləri mühakimə edərək bərabərliyə dair tələbi ictimai sferadan şəxsi həyat müstəvisinə dəyişdi (Gunew 1992). Brison da radikal feminizmin nəzəri başlanğıc nöqtəsini izah edəndə qeyd edir ki, radikal feministlərə görə, kişi gücü (hökmranlığı) təkcə siyasət, gəlirli məşğulluq sahələri ilə məhdudlaşmır, həm də şəxsi sferaya sirayət edir; bu o deməkdir ki, güc və siyasətə dair ənənəvi anlayışlar patriarxal dominantlıq alətləri olan ailə və seksuallıq kimi "şəxsi” sahələrə qədər meydan oxuyur və genişlənir (Bryson 2003, 163-165).

Liberal və klassik marksist feminizmdən fərqli olaraq radikal feminizmin əsas vurğusu mövcud siyasi sistemin, əmək bazarının yox, ailə, evlilik və partnyorluq kimi sosial və mədəni institutların dəyişdirilməsinin zəruriliyi idi (Krause 2003, 32). Radikal feminizm ictimai və şəxsi həyatdakı ədalətsizliyin bir-birindən ayrı olmadığını irəli sürür, əzilmənin əsasının ailə institutu başda olmaqla, sosial və mədəni institutlardan başladığını iddia edir. Ona görə radikal feministlər məhz ailə institutunu patriarxallığın dayağı kimi görür, məişət işləri, evlilikdə cinsi istismar, ailə daxili zorakılıq, reproduktivlik kimi sahələri qadının əzilməsi və kişinin qadın üzərindəki dominantlığının başlanğıcı kimi əsaslandırır. İddia olunur ki, qadının əzilməsinin əsas səbəbi cinslər arasındakı reproduktiv fərqdədir və bu, bərabərsizliyin əsasını təşkil edir. Qadın bədəni dövlət, cəmiyyət və kişi fərdlər tərəfindən istismar edilir.

Radikal feminizm liberal və marksist feminizmlərdən fərqli olaraq, kişilər tərəfindən emal edilmiş siyasi ideologiyalar üzərindən yox, qadınların öz təcrübələrindən irəli gələn düşüncə əsasında formalaşmağı əsas tutdu. Bu, radikal feministlər üçün prinsip idi və kişi mərkəzli heç bir ideologiyanı əsas götürmədən qadın təcrübəsi əsasında öz yanaşmalarını irəli sürdülər. Onlar qadınların əzilməsini dominantlığın ən fundamental və universal forması kimi görür, bunu başa düşməyi və sonlandırmağı hədəfləyirdi; burada "patriarxallıq” əsas termin idi (Bryson 2003, 163). Keyt Millet "Seksual Siyasət" kitabında ilk dəfə patriarxallıq anlayışının nə olduğunu açıqladı (Millet 1969). Patriarxallıq yalnız kişilərin üstünlüyü üçün təsis edilmiş, cəmiyyətin digər qrupları üçün əlverişsiz vəziyyət yaradan və onları nəzarətdə saxlayan sistem sayılır. "Ordu, sənaye, texnologiya, universitetlər, elm, siyasi qurumlar və maliyyə kimi cəmiyyətdə güc faktoru olan hər bir işin kişilərin əlində olması” patriarxallığın mahiyyəti hesab edilir (Millet 1983, 34). Bura qədərki dövrdə heç vaxt müzakirə edilməyən patriarxallığı nəzəri olaraq irəli sürən bu cərəyan feminist diskursda yeni səhifə açmış oldu.


Radikal feminizmin qadının əzilməsinin sonlanması üçün irəli sürdüyü iki əsas yanaşması belədir:

1. Radikal feministlər qadın və kişi fərqliliyini önə çəkir, qadın və qadınlığı yüksəldir. Patriarxallıqda qadını əzilən və istismar edilən mövqedən çıxarıb, qadınların kişilərdən daha üstün olduğunu vurğulayır;

 

2. Radikal feministlər mövcud cəmiyyətin dəyişəcəyinə və patriarxallığın daxildən dəyişərək sonlanacağına inanmır və buna görə də qadınların azad olması üçün patriarxal cəmiyyətin strukturları və kişilərlə birgə əməkdaşlığı rədd edir. Bu cərəyan qadınların daha üstün və dəyərli olduğu üçün kişilər ilə əməkdaşlığın mümkünsüzlüyünə inanır və qadınların ancaq öz aralarında əməkdaşlığını müdafiə edir (Bryson 2003).

 
 
 
Nurlana Cəlil