Bir neçə gündür Aysel Aydının "Qızlar ağlamaz" kitabını oxuyuram, artıq bitirmək üzrəyəm. Əslində, kitabı əldə etməkdə məqsədim elmi işimlə bağlı tədqiqatlar aparmaq, gender identikliyinin xarici ədəbiyyatlarla yanaşı müasir Azərbaycan ədəbiyyatında da təqdimatını, parametrlərini araşdırmaq və qadın yazıçının üslubunu təhlil etmək idi. Lakin oxuduqca, ingilis ədəbiyyatındakı kimi deyil, daha dərin, daha içdən təsirlənirəm. Niyə? Çünki bu, məhz bizik, məhz bizim cəmiyyətdir, məhz bizim qadınlarımızdır. Cəmiyyətimizin qadın və kişi olaraq bizi sosial-kulturoloji konstruktor kimi formalaşdırdığı rol bölgüləridir.
Rol bölgülərimizi hər an dəyişməyə haqqımız var. Bu baxımdan da, psixoloji-sosial aspektdən yanaşaraq qadınlarımızı, qızlarımızı, hətta kişiləri bu kitabı oxumağa dəvət edirəm.
Hər birinizin feminist olması vacib deyil, hüquqlarınızı bilmək, dəyərinizi anlamaq, həyatınızın qədrini bilmək isə mütləqdir. Baxın, yuxarıda "qadın yazıçı" yazmışam, qadın sürücü, qadın hakim və s. kimi. Heç görmüsüz hardasa kişi yazıçı, kişi sürücü və ya kişi hakim, kişi vəkil ifadəsi yazılsın? Xeyr! Çünki biz hələ bu baryeri keçə bilməmişik, hələ ki, bu sosial rollar ümumilikdə kişi təsvirinə xidmət edir, lakin danılmazdır ki, cəmiyyətdə bununla bağlı inkişaf da çoxdur, mübariz və güclü qadınlarımız da.
Oxuduqca, əminəm ki, bir neçə yerdə özünüzlə rastlaşacaqsınız, dərin fikrə gedəcəksiniz, özünüzü tapmanıza, yenilənməyinizə dəstək olacaq.
Müəllifin digər kitablarını da paralel şəkildə oxuduğum üçün onun fərqli üslubu haqqında da qeyd edim ki, əsərlərin həm müəllifidir, həm də iştirakçısı, yəni müəllifin özünü də mütləq sezmək olur, həm nəzmində, həm nəsrində.
Gender münasibətlərini ifadə edən frazeoloji və linqvokulturoloji vahidlərlə başlayan "Qızlar ağlamaz" kitabı əminəm ki, diqqətinizi çəkəcək:
Aysel Aydın ironiya ilə yazır: ...Yaxşı at özünə qamçı vurdurmaz. Qadın pişik kimi olar. Yaxşı qadını əri döyməz. Ər döyər də, sevər də. Uşaqlara görə döz. Ana müqəddəsdi, sən anasan. Makiyajın çoxdu, vulqarsan, makiyajın azdı, solğunsan. Pomadan şitdi. Baxımsız olma! Kimçün bəzənirsən?! Açıq-saçıq geymə. Bu nə torbadı əynində? Çəkici ol! Gözə girmə! Bu nə gen paltardı, külək qaldırır. Bu nə dar paltardı, hər yerin bilinir. Adama qalan qızdı. Ev oğulundu. Arvad kimi qorxaqdı. Arvad kimi qeybət edir. Qadın cahil olmaz - oxu, öyrən. Təmiz köynək ver. Alim qadın yoxdu! Cehiz, divan, soyuducu, qazan dəsti. Diplomlu qız. Diplomlu servant!"
Vüsalə Ağabəyli
qadinkimi.com