Bir əsərdə deyilir: "Uşaqlıqda baş verən hadisələr insanın bütün həyatına necə təsir edirsə, evliliyin ilk illərində olan hadisələr də evliliyə elə təsir edir. Həssas olan insan bir dəfə incidilirsə, onu sağaltmaq qeyri-mümkündür. Qıfıllı qapıların, bağlı pərdələrin arxasından xeyli faciə yaşanır, xeyli ailə əzab çəkir, amma dünyanın vecinə olmaz...”
İnsanlarla virtual və canlı söhbətlərim zamanı buna bir daha əmin olur və təəssüflənirəm. Bütün aqressiyanın, güvənsizliyin, boşluğun, dünyayla, adamlarla savaşa çıxmağın kökündə özlərinin də xəbərlərinin olmadığı bir travma gizlənir. Məsələ burasındadır ki, o adamlara problemin nədən qaynaqlandığını izah edə bilmirsən. Əksəriyyət buna imkan vermir. Onlara görə biz günahkarıq, biz anlayışsızıq. Bütün dünya onlara qarşıdı, o, bu savaşda təkdi, kimsəsizdi. Atdığı kəskin addımlarla, aqressiyayla, doğmalarını kəsib atmaqla, bəzən də şiddətlə problemlərinə son qoyacağını düşünür, qələbə çaldığını hesab edir. Amma uduzur, necə böyük məğlubiyyətə uğradığının fərqində deyil.
Çox diqqətli olun, uşaq vaxtı yaşadılan travmalar da gələcəkdə neçə insanın, ailənin məhvinə səbəb olur.
Və dözdüyünüz alçaltmalar, təhqirlər həyatınızı, mənliyinizi, doğrularınızı, hisslərinizi əlinizdən alır. Dünya şərdən, pislikdən, neqativdən ibarət deyil. Könül qapınızı sevgiyə, inama, ümidə açıq qoyub yenidən başlayın həyata. Yaşadıqlarınız son deyil... yeni başlanğıcdır son vaxt. Dünyanın vecinə olmayan yaşantılarınız bir bəşərin - sizin də dünyanızı başınıza yıxmamalı. Yetər ki, ürəyinizin daşa çevrilməyinə imkan verməyin. Sevgini, uzanan əli geri çevirməyin. Hər şeyi dəyişmək təkcə sizdən asılıdır. Bunu sadəcə istəməlisiniz.
Rahatlıq və xoşbəxtliyə əliniz çatana qədər vaz keçməyin. İnsan övladı güclüdür, bacarır. Özüylə, doğmalarıyla, olduğu mühitlə, dünyayla savaşmağa son qoysa... bu hikkə, nifrət, kin-kidurət, qisasçılıq insana heç nə qazandırmır, əksinə hər gün ondan nəsə qoparır, mənəvi məhvini tezləşdirir. Özünüzə bu pisliyi etməyin. Bütün çətinliklər insan üçündür, bunu adi qəbul edin və yeni səhifə açmaqdan, sevməkdən, güvənməkdən, gülümsəməkdən qorxmayın.
Əziz dost, keçmişi keçmişdə qoy və sabaha inan!
Sevinc Fədai
qadinkimi.com