Bir qadın qəlbini qırmaq qədər asan iş yoxdur
Tarix : 01 Avqust 2020, 09:31
Qadın nə istəyir?...
Ziqmund Freydin belə
bir deyimini xatırlatmaq istəyirəm."Mən insan psixologiyasını öyrənməyə 30 il sərf etdim, yeganə suala cavab tapa bilmədim: Qadın nə istəyir?"
Doğrudanmı, kişilər üçün qadınları anlamaq bu
qədər çətindir? Axı qadınlar kişilərin düsündüyü qədər də mürəkkəb məxluqlar
deyil. Allah qadını incə, zərif yaradıb. Mənə elə gəlir ki, qadın yanında güclu
bir insanın olmasını istəyir. Elə bir insan ki, ömrü boyu onu sevsin, ona guvənsin, həyatının bir parçası hesab etsin. Həyatda onunla bərabər ola bilsin, yəni həyatının
yoldaşı olsun. Əlbəttə, bu qayda deyil. Ancaq əksər qadınlar kişiləri bu cür
görmək istəyir.
Qadın bədbəxt olmamaq üçün xoşbəxtliyə can
atır. Qadın bir gün, beş gün deyil, həmişə - ömrü boyu xatırlanmaq istəyir. Diqqət
və qayğı istəyir. Bir qadının qəlbini qırmaq qədər asan iş yoxdur. Öz gücündən
istifadə edib yerli-yersiz, səbəbsiz incidilən, təhqir olunan qadında ərinə qarşı dəhşətli
nifrət yaranır. Həyatında dərin uçurumlar əmələ gəlir. Xəyalları qırılan qadın
mənən diri qala bilməz.
Bəzi kişilər anlamır ki, qadına deyilən bir xoş sözün
min illik dəyəri var. Sən bir qadının həyatını alıb, sonra ona zülm edirsənsə, bu
nəinki bir kişilik, heç insanlıq da
deyil. Çünki qadın dəyərini bilən kişinin yanında qiymətlidir. Sevmirsənsə, niyə
həyatına alırsan, əgər almısansa, hörmət qoy. Kisinin qadına hörmət qoyması özü
də bir mədəniyyətdir.
Belə bir deyim var:"Bir qadının içindəki
mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan
yenə kişidir".
Bu mələyi, mələk məsumluğunu sevmək, qorumaq çətindirmı bir kişi üçün?