Lev Landau... Dau...
Onun təkcə təltiflərini qeyd etmək üçün bir - neçə səhifə lazımdır:
SSRİ EA - nın akademiki, Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank medalı laureatı, Frits London mükafatçısı, Lenin mükafatı və üç dəfə SSRİ Dövlət mükafatı laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ Milli Akademiyasının üzvü, Danimarka Kral Akademiyasının üzvü, Amerika İncəsənət və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin və London Fizika cəmiyyətinin üzvü...
Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakı şəhərində neftçi-mühəndis David Lvoviç Landaunun ailəsində doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə və qadın gimnaziyasında həkim işləmişdi, eksperimental farmakologiyaya aid əsərlər yazmışdı.
Landau 1916-cı ildən Bakı yəhudi gimnaziyasında təhsil almış, 14 yaşında ikən Bakı Dövlət Universitetinə iki ixtisas üzrə -fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini Leninqrad universitetində davam etdirmişdir.
1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır. Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə öz elmi töhvəsini verir, ilk fundamental tədqiqatları ilə elm aləmində parlayır.
Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka, İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə olur. O, Berlində A. Eynşteyn ilə tanış olur, Kopenhagendə Nils Borun laboratoriyasında çalışır.
Yaxın ətrafı adətən ona "Dau” deyə müraciət edirdilər.
1932-37-ci illərdə Ukraynada çalışan alimin elmi fəaliyyəti artıq ölkədən kənarda da məşhur idi.
Landau Stalin despotizminin qəti əleyhdarı idi. O, Lenini faşist və avantürist hesab edirdi. Elə bu və digər səbəblərə görə daim xüsusi xidmət orqanlarının nəzarətində idi.
Dau Sovet rejimi ilə heç cür barışa bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika Problemləri İnstitutunda nəzəri şöbənin müdiri təyin olunur. Stalin diktaturası əleyhinə yazdığı və tələbələrin paylaşdığı vərəqələrə görə həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət Kapitsanın (və eləcə də Borun) çoxsaylı xahişindən sonra azad edilir.
1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət göstərir.
1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin hazırlanmasında iştirak edir.
Görkəmli alim 1956-68-ci illərdə MDU-nun Kvant nəzəriyyəsi kafedrasında çalışır, mühazirələr oxuyur.
7 yanvar 1962-ci ildə böyük fizik Moskvada Dmitrovs şosesində avtomobil qəzasına düşür, 59 gün komada qalır. Dünyanın bütün fizikləri və eləcə də həkimləri Landaunun həyatının xilası üçün əllərindən gələni əsirgəmədilər. Landau altı il ölümlə çarpışdı. O, 1962-ci il noyabr ayının 1-də Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təltifi tarixində ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim edildi.
Zarafatı çox sevən Landau "zarafat günündə” 1 aprel 1968-ci il tarixdə 60 yaşında ikən vəfat etdi.
P.S.
Bir qədər də dahi fizikin ailəsi və şəxsi keyfiyyətləri barədə.
Landau hələ gəncliyində üç "prinsipdən” imtina etmək qərarına gəlmişdi. Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret çəkməmək, spirtli içki içməmək. Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan qorxurdu. O, həm də çox utancaq idi.
Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur fizik olarkən pozdu. O, gözəl bir xanımla - Konkordiya Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir "müqavilə” əsasında evlənmişdilər. Yəni nə ər advadın şəxsi işinə, nə də arvad ərinin şəxsi işinə qarışa bilərdi. Hərə öz həyatını yaşamalı idi. Onlar bütün həyatları boyu bu cür də yaşadılar.
Kora (Dau arvadını belə çağırırdı) ərinə sədaqətli idi. Hətta, Dau öləndən sonra bu xanım "Mənim ərim dahidir” adlı üçcildlik memuar da yazdı.
Amma ilk gəncliyində qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi fizik kimi deyil, həm də dahi "qadın ovçusu” kimi məşhurlaşdı.
Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və ən əsası da əliaçıq kişini çox sevirdilər. Kora daim ərinə qısaqansa da hirsini və hikkəsini boğmağa çalışırdı. O, bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma qadın öz dahi ərini itirəndən sonra onunla bütün müşahidələrini olduğu kimi, vicdanla, real faktlar əsasında qələmə aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə münasibəti barədə də ətraflı söhbət açılır. Burada heç bir bəzək-düzək yox idi.
Yeri gəlmişkən, dahi fizikin oğlu İqor Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.
P.P.S. Bakının məşhur "Tarqovıy” küçəsindən keçərkən Nəsimi heykəlinin qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə qotik üslubunda tikilmiş binanın yaxasından asılmış xatirə lövhəsinə ötəri də olsa nəzər salın..
Firuz Mustafa, filosof,yazıçı
qadinkimi.com