EV / ÇÖL, QADIN / KİŞİ
Ailə iki bərabərhüquqlu şəxsin birliyidi. Tarix : 25 İyul 2020, 10:15

XXI əsrin əvvəllərində dünyada baş verən sosial, iqtisadi problemlərlə yanaşı qadınların cəmiyyətdəki mövqeyində yeniliklər kişi ilə qadın arasındakı ənənəvi ünsiyyət mexanizmlərini kökündən dəyişməyə doğru yönəldi. Bu münasibətlərdə həmişə problemlər olub, əks halda bir çox insan bunu həll etməkdə çətinlik çəkməzdi.

Ailə iki bərabərhüquqlu şəxsin birliyidi. Lakin gender stereotipləri müasir şəraitdə belə münasibətlərin tam inkişafına imkan vermir. Əsrlər boyu kişi ailənin başçısı, mini dövlətinin patriarxı olub. Qadın tabeli və kişidən maddi cəhətdən asılı yaşayıb. Dövrümüzdə qadın elə bir səviyyəyə çatlb ki, o, qismən də olsa, kişidən asılılıqdan azad ola bilir: işləyir, pul qazanır və övladlarını yaşadır.

Nəticə etibarilə, qadın ictimai həyatda bir kişi olmadan da ömrünü davam edə biləcəyini düşünürsə, ailə öz əhəmiyyətini itirir və hətta lazımsız olmaq, tamamilə yox ola bilmək ehtimalı da yaranır.

Müasir qadın ətrafdakı insanların davranışı və ictimai rəy kimi xarici təsirlərdən də asılılıq hiss edir. Daim diqqət, sevgi, təsdiq, qayğı və rifaha ehtiyacı var. İstədiklərini tapmaq üçün bir çox qadın, zamanını və həyat enerjisini mühiti dəyişdirməyə və insanların ona dəyər vermək hissinə sərf edir. Bu cür cəhdlər nəticəsində qadınlar xoşbəxtlik deyil, əsəb sıxıntıları keçirir, həyatlarından narazılıq, heç nədən məmnun qalmamaq, bəzən əsaslı, bəzən əsassız narahatlıq, bəzən isə sadəcə absurd duyğular yaradır.

Dövrümüz qadınlardan müstəqillik, təşəbbüs, güc tələb etdiyi halda, müasir kişilər təvazökarlığı, zərifliyi, zəifliyi gözləyir. Yəni ənənəvi patriarxal modellər qadın və kişinin eyni səviyyədə olduğu müasir şərtlərlə ziddiyyətə girir.

Qadının özü bu gün artıq məişət vəzifələrindən məmnun deyil. O, son illər təlatümlü dünyamızda xeyli "böyüdüyünü" anlayır və cəmiyyətdə bir kişi ilə bərabərliyini tələb edir. Bu məsələdə ailə insanların və bütün cəmiyyətin həyatında son dərəcə vacib rol oynayır. Hər insanın bir ailəsi var və onun yaşamasına, güclənməsinə, qorunmasına bu çətin dönəmdə xüsusi ehtiyac duyulur.

Hazırda vəziyyətin hansı durumda olmasından asılı olmayaraq hər bir qadın - ana özünün təsir gücü ilə ailəsinin sağlamığı ilə yanaşı möhkəmləməsi qayğısına da qalmalıdı. Bunun üçün ilk növbədə qadın özünün böyük qüvvə olduğunu, bir ana kimi məsuliyyət daşıdlğını unutmamalıdı.

Gündəlik həyatda ailə xoşbəxtliyinin sevinci üçün əslində elementar olaraq diqqət, qayğı, sevgi, yaxınlarımızla daha çox vaxt keçirmək lazımdır.

Valideynlərin mehribanlığı, sevgisi, ünsiyyəti uşaqların rifahında mühüm rol oynayır və həyatının bütün sahələrinə - zehni sağlamlıqdan akademik müvəffəqiyyətə qədər, gələcək əlaqələrinin qurulmasına belə müsbət təsir göstərə bilir. Bir insanın, xalqın, ölkənin taleyi, xoşbəxtliyi ailə münasibətləri, adət-ənənələrilə sıx bağlıdır.

Son günlər məcburən evə qapanmağımız, yaranan yerli - yersiz mübahisələr ailə həyatına təsirsiz ötüşmür. Çox vaxt uşaqlaqda yaşanan psixoloji travmaları yetkinlikdə gözlənilməz duyğular və reaksiyalara, psixi pozğunluqlara, asılılıqlara və fiziki sağlamlıq problemlərinə səbəb olduğunu dərk etmək iqtidarında olmuruq. İlk zərbələr uşağa elə ailədən gəlir. Körpəlikdən - iki və daha az yaşından başlayaraq uşaqlar valideynlərinin davranışlarını yaxından izləməyə başlayırlar. Burada vacib olan hər hansı bir nüansı nəzərdən qaçırmaq olmaz. Böyüklərə elə gəlir ki, uşaqlar onların davranışlarını, mübahisə səbəblərini və bunun nəticələrini dərk etmir. Amma onlar unudurlar ki, dava-dalaş zamanı aldıqları qorxu ilə yanaşı travma uşaqların şüuraltına daxil olur, gen yaddaşı kimi bir ömür - həyatları sürəcə müxtəlif məqamlarda özünü biruzə verir. Sonradan "bu mən deyildim", "necə oldu bilmədim", "elə bil kimsə məni idarə edirdi” və s. kimi peşimanlıq duyulan sözlər eşidirik. Uşaqlar şahidi olduqları mübahisələrin uzun sürən bir qarşıdurmaya çevriləcəyi və ya bunun ailə sabitliyinə təhdid yarada biləcəyi barədə düşünür, narahat olurlar. Şüuraltına yığılıb qalmış mübahisə zəminində yaranan travmaların fəsadları isə bir ömür yetir.

Adətən narahat valideynlərin narahat övladları olur. Bu nəticənin bir çox məntiqi izahı var. Uşaqlar valideynlərinin hər bir hərəkətini müşahidə edir, bəzən şüursuz olaraq böyüklərdə yeni hadisə ilə qarşılaşdıqda nə qədər sakit və əsəbi reaksiya verəcəklərinə cavab tapmağa çalışırlar. Yeniyetmələrdə böyüklərin münasibəti daha qabarıq duyulur. Öz narahatlığımızı uşaqlara nəsihətlə, təsəlliverici sözlər söyləməklə unutdurduğumuzu düşünürüksə, səhv etmiş oluruq. Bəlkə də ailə prioritetlərini yenidən nəzərdən keçirmək və gündəlik vərdişlərimizi bir az dəyişdirmək, hətta gərgin reallıqda da yaxınlarınmzla vaxt keçirmək lazım olduğunu anlamaq məqamıdı?!

 

Yeganə İskəndərova