Sənət dünyasında belə məfhum var, "27-lər klubu”. Məşhur sənət adamları içində bu yaşda həyatdan köçən çox olub...
Azərbaycanda da 10 yaş daha az "17 lər klubu” adlı intihar dalğası yaranmaqdadır. Ad əlbəttə ki, şərtidir. Nəticə eynidir-dünyadan köçmək.
Amma intihar həyatdan getməyin ən qəddar formasıdır.
Çağan İrmakın "Baba beni okula gönder” adlı maraqlı, sosial reklam çarxı var. Məktəb müəllimi uşaqların intizamını yoxlayır. Bu zaman qızların heç biri sinifdə olmur. Onlar başqa məkanlarda-otlaqda, tövlədə və gərdəkdə təsvir edilir. Reklam "onların yeri bura deyil, məktəbdir” deyə lozunqla bitir.
Türkiyədə də erkən nikahlar, qızların zorla ərə verilməsi aktualdır. Sosial çarx 2010-cu ildə çəkilib. Az qala 10 il keçib. Sürətlə hər şeyin dəyişdiyi dövrdə bircə köhnə qaydalar, feodal qanunlar altında hökm sürən adət-ənənələr dəyişmir. Mövzu hələ də aktualdır.
Azərbaycanın hər bir rayonunu, kəndini araşdırsaq, mütləq hər kənddə belə intihar hadisəsi çıxacaq. 17-18 yaşlarında zorla ərə verilməyə çalışarkən, intihar edən qızcığazlar...
Simalarına baxanda ölümü yaraşdırmıram, elə təsəvvür edirəm ki, hardasa əl-ələ verib, çəmənlikdə gəzirlər və orda onların bütün arzuları çin olub.
Yaxın qohumum öz qızını zorla ərə vermək istəyirdi. Qız nə qədər imtina etsə də, heç kim ona məhəl qoymurdu. Qız isə intihar - filan düşünmürdü. Mübariz idi. Toyuna bir həftə qalmış evdən qaçıb öz rəfiqəsinin evində gizləndi. Həngamə yatandan sonra evinə qayıtdı. Düzdür, geri qayıtmağı asan olmadı, amma dözdü. Oxudu, işlədi. 30 yaşında sevdiyi insanla ailə qurdu. Mübarizə apardı, ailəsinin də fikrini dəyişdirə bildi.
Amma bütün qızlarımız bunu edə bilmir, sadəcə, yazdım ki, bəlkə hansısa kənddə elə indicə hansısa qızcığaz bunu oxuyar və fikrindən daşınar.
Mübarizə aparın. İntihar çıxış yolu deyil, onları ölümünüzlə deyil, xoşbəxt olmağınızla cəzalandırın.
Günel Eminli
qadinkimi.com