BURA / ORA, UŞAQ / BÖYÜK
1306 övlada sahib “mübariz ana” Nora Sandiqo - FOTOLAR Tarix : 28 Noyabr 2022, 22:20
Yazar : Qadinkimi.com
 
Bu qadının adı Nora Sandiqodur. Onun 1306 övladı var. Bu uşaqlar özünün deyil, Amerikada qeyri-qanuni qaldıqları üçün ölkələrinə deportasiya olunan miqrantların övladlarıdır. Uşaqlar Amerikada doğulduqları üçün vətəndaşdırlar. Amma hazırda valideynsiz qalıblar. 
 

İmmiqrasiya problemləri üzrə aktivist olan Nora uzun illər bundan öncə onlara kömək etmək qərarı alır. Bu gün o, özünü "mübariz ana” adlandırır. Bir çox ana övladını Noraya etibar etməsi barədə sənəd də imzalayıb. Bu o deməkdir ki, Amerika Birləşmiş Ştatlarında qanunsuz yaşayan valideynlər deportasiya olunduqları an övladlarının avtomatik olaraq "Qoruyucu sistemə” veriləcəyi qorxusuna görə Noraya müraciət edirlər. Çünki övladı "Qoruyucu sistemə” verilən və bir dəfə deportasiya olunanlar valideynlik hüquqlarını birdəfəlik itirir, uşaqlar isə övladlıq verilir. Beləliklə, onların bir daha qovuşmaları mümkünsüz olur. Uşaqların qəyyumluğunun Noraya verilməsi bu ailələri əbədi ayrılıqdan qoruyur.
 


Nora uşaqları yaşayış yeri ilə təmin edir, onların hər birinin məktəbə başlamasına kömək edir, xəstə olanları həkimə aparır. Bir sözlə, doğması kimi uşaqların qayğısına qalır. Bir çox uşaq Noranın sayəsində öz evinə və ailəsinə qovuşub. O düşünür ki, uşaqlar günahsızdırlar. Buna görə də hər bir uşağa xüsusi diqqət göstərilməlidir. Nora hesab edir ki, hər bir uşaq onu sevən valideynlərin əhatəsində yaşamaq kimi təməl insan hüququna sahibdir. Onların qorunması da bu hüquqlara daxildir.

"Nora Sandiqo Uşaq Vəqfi” 1989-cu ildən yaradılıb. Bu vəqf 2009- cu ildən deportasiya problemi ilə üz-üzə qalan miqrant ailələrə maddi yardım da edir. 
Nora mümkün olduqca ailələrin qorunmasına çalışır. Valideynlərindən ayrıldıqdan sonra boşluğa düşən uşaqlara sevgi dolu bir mühit yaratmaq Noranın əsas məqsədidir.  
 



O, bu məsələni dövlətin həll etməli olduğunu bildirib: "Mən etdiklərimin səhrada yalnız bir qum dənəsi olduğunun fərqindəyəm. Problem böyükdür. Bu, hökumətin həll etməli olduğu bir məsələdir. Mən məhdud imkanlarım daxilində əlimdən gələni edirəm. Mən təkəm” deyib. 

Hazırladı: Günel Dəniz
qadinkimi.com