Gülnara Mehdiyeva

Aktivist, genderçi

05.01.1990 tarixində Sumqayıt şəhərində doğulub. 18 saylı məktəbdə oxuyub. 2007-ci ildə BDU-nun "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" ixtisasını başa vurub. Ekologiya və torpaqşünaslıq fakültəsinin magistratura pilləsini fərqlənmə ilə bitirib. İllərcə torpaqla uğraşmasına baxmayaraq, günün birində yer yox, göy adamı olduğunu anlayıb. Bundan sonra NASA-da işə düzələrək, Marsı araşdırmağa başlayıb. Zarafat edirik. 2015-2017-ci illərdə Türkiyənin Anadolu universitetində "Media və kommunikasiya" ixtisası üzrə distant təhsil alıb. “Deaf Community”-nin üzvü olub, eşitmə əngəlli insanlarla bağlı layihələrə qatılıb. 2013-cü ildən "Nəfəs LGBT Azərbaycan Alyansı" təşkilatının üzvüdür. Ümumiyyətlə, harda təşkilat görür, üzv olur. Elə təşkilati dünyası var ki, adam mat qalır. Biz əslində saytı Gülnara xanımın daha bir təşkilata qoşulması üçün yaratmışıq. "MİL Şəbəkəsi" layihələrində gender məsələləri üzrə təlimçidi, feminizm, gender, LGBT mövzularında aktivizm fəaliyyəti ilə məşğuldur. 2015-ci ildən "Minority Magazine" online jurnalının yazarı və redaktorudur. Patriarxatı devirməklə məşğuldur. Heyran olduğu insanları kumirə çevirə bilmir. Pis cəhəti xroniki gecikmə xəstəliyidir. Ən yaxşı cəhəti feminist olmasıdır.