DƏB VƏ BAXIM
Özünə baxmayan insan Tarix : 17 Avqust 2022, 12:45
Yazar : Şəbnəm Zeynalova

 

İstənilən ölkədə baxımsız və  baxımlı insanlar  var. Toplumun geyim zövqünü, təəssüf olsun ki, üzdə, göz önündə olan xanım və bəylər formalaşdırır. Göz təkrar-təkrar gördüyü şeyə alışır. Daim ortada olan insanların zövqünün topluma böyük təsiri var. Bu da hər zaman uğurlu olmur. Hər sezonda maddi cəhətdən bahalı geyim almağa imkanı çatmayan insanlar brendin saxtasını alırlar.  Bu, çox bayağı görünür. Həmin pula siz daha ucuz, amma orijinal brenddən geyim ala bilərsiz. Saxta brendlər işıq sürəti ilə yayılır və adamları kopyalayır. Toplu şəkildə bir rəngin, tərzin yayılması çirkin görünür. Üstünlüyümüz odur ki, biz digər xalqlara baxanda çəkici görünməyi sevirik. Qadınlarımızın isə ən böyük qüsuru öz bədənlərini tanımamalarıdı.  Avropa qadınları sadə və rahat geyimlərə üstünlük verirlər. Bu, bir tərəfdən yaxşıdı. Amma monotonluq da yaradır. Kişilərimiz geyinməyi sevsə də, standartdan çıxa bilmirlər. Geyimləri ilə bir-birindən fərqlənmirlər. Rənglərdən istifadə etsələr, boğuq obrazdan və eyni tərzdən çıxsalar, daha maraqlı görünərlər.
 

Geyim bizim ruhumuzu ifadə edir. Hətta həmin gün nə hiss etdiyimizi geyimimizdən bilmək olar. Bizim xalqın mentalitetinə görə qadınlar evə qapalı həyat tərzi keçirdikləri, məclisdən-məclisə cəmiyyət içinə çıxdıqları və əksəriyyəti işləmədiyi üçün özlərinə baxmırlar. Bununla zövq yadırğayır. Qadınlarımızın işləməsi, cəmiyyətə atılması onlarda stimul yaradar.  Özünə münasibət ailə münasibətlərinə də təsir edir.  Daha çox o qadın özünə baxır ki, təkdir. Ailəyə çevriləndən sonra özünü unudur. Qadınların kişiyə özünü bəyəndirmə çabaları müvəqqəti prosesdi. İstədiyinə nail olandan sonra vaz keçirlər. Həmişə baxımlı görünən xanımı danışdırsaq, "bunu kişilər üçün yox, özüm üçün edirəm” deyər.  Bir də, cəmiyyətdə qadına münasibətin rolu var. Qadına münasibət qadınların özlərinə münasibətini formalaşdırır.
 
 
Baxımlılıq təkcə makiyaj və geyim məsələsi deyil.  Baxımlılıq qadının təmizliyi, bədəninə münasibəti, sağlamlığı, düşüncəsi, dünyagörüşüdü. Baxımlılıq özünü hər tərəfli inkişaf etdirməkdi. Baxımlılıq daxili sağlamlıqdı. Baxımlılıq deyəndə, bəlkə də, ən sonda geyim-keçim gəlir. Özünə baxmaq, ilk növbədə, öz sağlığına fikir verməkdi. Bu səbəbdən çox bahalı geyinməsə də, təmiz, danışığı yerində olan, intellektual, sağlam qadını baxımlı hesab edə bilirik. Cəmiyyətdə özünü apara bilməyən qadın dünyanın ən bahalı brendini də geysə, baxımlı görünmür. Bu, kişilərə də aiddir. İstənilən qadın həyatında dünyagörüşlü, zəkası gəlişmiş, sağlam düşüncəli, səliqəli, baxımlı kişi olmasını arzulayar. 
 

Bu, əlbəttə ki, ailə münasibətlərinə də təsir edir. Qadınlar çox vaxt boyunlarına almasalar da,  belə amillərin rolu var. Dünyagörüşü olmayan, özünə baxmayan kişi də qadını yora bilir. Özündən soyudur. Sadəcə, qadınlar çox nadir hallarda kişinin xarici görünüşü ilə bağlı narazılıq bildirirlər.
 

Qadın baxımlı olmaq üçün çalışmalı, nəyləsə maraqlanmalıdır. Deyək ki, işləməyə imkanı yoxdur. Evdə otura-otura mütaliə üçün də, öyrənmək üçün də, baxımlı olmaq üçün də internet var. İstənilən məlumatı ala bilirik. Minimum imkanlarla saçını səliqəyə salmaq da, üzünə maska etmək də, özünü gəlişdirmək də olar. Biz bu mövzuda qadınlarımıza kömək etməyə çalışacağıq. Gələn yazıda  qardirobda olması gərəkən mütləq geyimlərdən danışacağıq.
 

Şəbnəm Zeynalova
qadinkimi.com