KİŞİ KİMİ
Elkiyarın arzusu: ailəmlə öz evimdə yaşamaq istəyirəm Tarix : 23 Yanvar 2021, 14:44
 ASTARA ŞƏHİDLƏRİ


 

"Necə çətin uşaqlığı olub. Necə ağır həyatı olub”- Əmisi ilə danışanda dedim.

Bəlkə bir azca qəlbinə dəydim? Bəlkə ona görə tələsik cavab verdi:

- Atasının sağlığında pis dolanmırdılar. Atası qoçaq adam idi. Qaz idarəsində işləyirdi. Çox zəhmətkeş idi. Qazancı yaxşıydı. Uşaqlarına yaxşı baxırdı, onları korluq çəkməyə qoymurdu. Uşaqlığı yaxşı keçib. Sadəcə tez...

Susur. Təbiiki səbəb məni maraqlandırır.

- Ağ qan... Ağ qan hüceyrələri çoxaldı. Qan xərçəngi – izah verir. Susur yenə...

Elkiyar 4 yaşı olanda atasını itirir. Bir – neçə ildən sonra anası dünyasını dəyişir.

İstədim deyəm ki, o yaxşı uşaqlığı nə vaxt yaşadı?... Bu dəfə mən susdum. Ağrı boğazıma çökdü. Danışa bilmədim...
1996 – cı ildə atası Abdulla dünyasını dəyişəndən sonra Ana 4 uşaqla - Əlyar, Elkiyar, Fatimə, Arifə ilə qalır. Fatiməni əmisi Əhəd himayəsinə götürsə də, əmilərin təkidinə baxmayaraq digər uşaqları əmilərinə vermir.


- Ana uşaqları bizə vermədi. Onu da anlayırdıq. Övladlarına özü baxmaq istəyirdi. Qızlarından biri böyük qardaşımda qalsa da, 3 uşağa baxmaq ağır idi. Səhhətində problemlər vardı. Bir də eşitdik ki, uşaqları uşaq evinə verib.- əmi Elkiyarın həyatını danışır.

Həm işləmək, həm də 3 azyaşlı uşağa baxmaq çətin idi. Anaları onları uşaq evinə verir.
Səhhətində problemlər olan ana 2001 – ci ildə dünyasını dəyişir. Əmilər qardaşlarının yadigarlarını uşaq evindən götürürlər.

Arifəni əmisi Həmid, Elkiyar və Əlyarı isə Elman himayəsinə alır, böyüdür.

- Çox çətin idi mənə də, onlara da... Bir tərəfdə qardaş acısı, bir tərəfdə uşaqlara bu acını unutdurmaq çabası. Nə etsən də ata-ana olmaq olmur - əmi yenə susur.- Çox istiqanlı, mehribandı. Dostcanlı uşaqdı. yaxşı dostları var.

Əmi yəqin ki, hiss etmədən indki zamanda danışır... Mənsə acının böyüklüyünə ağrıyıram.

"Vətən Savaşının iştirakçısı, hal – hazırda Şuşada hərbi xidmətdə olan Əfsəluv Orxan Şirəli oğlu, həm də Elkiyarın ən yaxın dostudur" - deyir.

- O mənim ürəyimdi. – Elkiyarın adını eşidən Orxanın ilk sözü bu oldu.
- 5 - ci sinifdən dostluq etmişik. Bir sinifdə oxumuşuq, qardaş olmuşuq. Hər sirrimizi bölürdük. Onu qoruyurdum. Cəmi üç ay yaş fərqimiz olsa da, həmişə böyük kimi hörmətimi saxlayar, məsləhətləşərdi, mən də onu diqqətimdən kənar qoymurdum. Necə olsa, atasını – anasını itirmişdi. Dostluğumuz qohumluğa apardı, xalam qızı Gülnarla ailə qurdu. İndi öz uşaqları da atasız qaldı...

Orxanın səsi titrəyir.
- Hələ də özümü qınayıram. Niyə onun yanında olmadım? Elə bilirəm ki, yanında olsaydım, belə olmazdı. Hərbini də özü seçdi. Ən çətin tapşırıqlardan da qorxmazdı... İmkan olan kimi zəngləşirdik. Hər dəfə "Ehtiyatlı ol, özünü qoru” deyirdi. Amma özü...

Elkiyar sürücü olub. Yorulmadan, usanmadan, yatmadan çalışıb. Döyüş yoldaşları deyir ki, ən gərgin döyüş bölgələrinə belə birinci gedərdi. Hətta minalanmış hissələrə belə getməkdən çəkinməzdi. "Minalar məndən qorxur” deyərdi...

Elkiyarın hərbiçi olmaq arzusu təsadüf deyildi. Ailədə hərbiçi çoxdu. Böyük əmisi Əfqanıstanda döyüşüb, Birinci Qarabağ savaşının qazisidir, əmisi, bibisi uşaqları hərbiçidi. Böyük qardaşı Əlyar da hərbiçidi. Hərbiçilər ailəsi deyirlər Ərçivanda bu ailəyə. İndi də azad olunmuş ərazilərimizdədirlər. Qardaş acısı yaşasa da, "Vətən uğruna şəhid olmağa hər an hazır olmuşuq” deyir.
Elkiyar Abdulla oğlu Məmmədov 1992-ci il avqustun 7- də Astaranın Ərçivan qəsəbəsində anadan olub. Əksər oğlan uşaqları kimi futbol oynamağı çox sevib. Sinif yoldaşları, kənd uşaqları "Kəndimizin fəxri olacaqsan. Kəndimizi tanıdacaqsan dünyaya” deyirmiş ona.
O isə məktəbi qurtarandan sonra hərbi xidmətə gedir...
Mingəçevirdən başlayır hərbiçi ömrü. Dəfələrlə fəxri – fərmanlar alıb: Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi, işguzar keyfiyyətlərinə, vəzifə borclarını layiqincə yerinə yetirməkdə fərqləndiyinə görə.

İkinci Qarabağ savaşı başlayanda Elkiyar 5 ildən artıq idi ki, Fizulidə xidmət edirdi. İlk gündən döyüşlərin iştirakçısı olub oktyabrın 30-na kimi...Xocəvənd uğrunda döyüşlərdə minalar "xəyanət edib”.

Və indi O, təkcə yaxınlarının, qohumların, kəndinin deyil, Vətənin – xalqının fəxridir.

 

 

No description available.


Orxanın "Özü də atasız idi, uşaqları da atasız qaldı...- kövrək səslə dediyi sözləri xatırlayıram. Mən də kövrəldim onda. Ona demək istədim ki:

O qədər atası sağ ikən "ata” demək həsrətini üzündə, gözündə gəzdirən uşaq, o qədər bu həsrətdən, uşaqlarının "atam var” demək nisgilindən xəbərsiz atalar var ki...
Elkiyar isə övladlarına "Qəhrəman” adı qoydu. Əlində atasının şəklini tutan balaca Abdulla hələ nə baş verdiyini anlamır. Anlayacaq amma. Yəqinki gözlərində ata nisgili olacaq. Amma bu nisgil bir qürura söykənəcək. Ömrü boyu ona dayaq olan, yaşam gücü verən qürura.

Övladına qürur duyacaq Ata olmaqdı Qəhrəmanlıq. Ərçivan qəsəbəsində böyüyən Abdulla, ekiz bacılar Duyğu və Damlanın atası Elkiyar Məmmədov kimi.

P. S. Elkiyarın ən böyük arzusu torpaqlarımızın azadlığı idi. Deyirdi ki, torpaqlarımız azad olunandan sonra özümə ev tikəcəm. İstəyirəm ailəmlə öz evimdə yaşayım.

Elkiyarın övladları xanımı Gülnarla birlikdə hal - hazırda xalalarının evində qalır.

 

 


 

 Kamalə Abiyeva

 

qadinkimi. com