YAZI / DÜŞÜNCƏ
“Özgə elm edək hasil”: Şirvaninin 183 illiyinə GİLEY – Dilrubə Vaqifzadə Tarix : 28 İyul 2018, 17:10
Yazar : Qadinkimi.com

 

 

 

 

Şairlərin taleyində faciəvi ölüm sanki alın yazısıdır. Bütün xalqların ədəbiyyatında buna rast gələ bilərik. Amma bu əməldə biz hamını qabaqlamışıq. Şairimizi mənən və ya cismən öldürməyə bir növ adətkərdə olmuşuq. Doğrudur, dərisini soyan, güllə qarşısına qoyan özümüz olmasaq da, fitva bizdən gəlib. Yusif Səmədoğlunun "Qətl günü” romanında "şair şairin başını istəyir” məqamı bizim şairimizə əsl münasibəti göstərir. İstəsək də, istəməsək də bu gün də beləyik. Əli Kərimi böyük həzlə çərlədən, Rafiq Tağının ürəyinə bıçağı sancan, bəlkə də son günlərini yaşayan Musa Yaqubu baxımsız qoyan, Vaqif Bayatlını unudan da bizik, özgəsi deyil. Doğrudur, "medalist” şairlər də olub və var, amma onlar şair olublarmı? Heç kimin haqqını yemək istəmirəm, qayıdıram mətləbə. Deyin görüm hansı xalqın öz şairini xəlvətə salıb boğub öldürməyə ürəyi gələrdi? Belə bir nəsnə eşitmisiniz heç? Bu işdə də seçilirik.

XIX əsrin ən işıqlı simalarından olan Seyid Əzim Şirvaninin bu gün doğum günüdür. Onun ədəbiyyatımız üçün, cəhalətdən çıxmağımız üçün etdiyi fədakarlığı hər kəs bilir. Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim” romanında onun taleyi mükəmməl təsvir edilib. Yaxşı ki, Əzizə xanım var idi, yoxsa Seyidi unudardıq. Bir məqam diqqəti çəkir. Vikipediyada şair haqqında dolğun məlumat verilsə də onun ölüm səbəbi göstərilmir; sadəcə rəqəm. Axı adam durduğu yerdə ölməz, ya xəstəlik, ya da bir qəza olmalıdır. Burada isə susuruq, çünki utanırıq. Etdiyimiz əməlin mahiyyətini başa düşdüyümüzdən yox, "yadlar bizə nə deyər” ağlı ilə.
Utanmalıyıq, özü də çox! İşıq saçıb, bizi cəhalətdən çıxarmaq istəyən birisinin başına torba keçirib, arxadan zərbə vurmaqla öldürməyə cəsarətimiz çatdığı üçün yox, onun nə dediyini elə bu gün də anlamadığımıza görə.

"Niyə biz bunca bikamal olduq? 
Ayaq altında payimal olduq? 
Bəsdi tədrisi-"Gürbəvü muş”, 
"Leyli-Məcnun”, "Vəsfi-badəfüruş””.

Bəs sizcə? Sizə elə gəlmirmi ki, bu gün nağıllara bihuş olub dünyadan bixəbər, cahil kimi yaşayırıq. Meyxanaya qulaq asıb ürəkdən gülürük, ana muğamlarına oturub ağlayırıq, xoruz döyüşdürmək əvəzinə "Topaz” oynayırıq, əvvəl saatlarla hamamda yatırdıqsa indi qəlyanxanalarda saatlarla tüstülənirik. Ciddi sənətdən həzz ala bilmirik, həzz verən içkilərlə bihuş oluruq. Allaha inanmaq əvəzinə məzhəb davası çıxarıb, düşməni bir kənara qoyub, bir-birimizə qənim kəsilirik. Özü də bunu təkcə avamlarımız etmir, elə ziyalı sayılanlar da birincidir bu əməldə. Bax bu əməlləri Seyid kimi kimsə məsxərəyə qoysa, tənqid etsə onu bu gün də boğarıq, özü də kütləvi şəkildə. Kütləvi psixozun əmri ilə bunu bu gün də edirik. Sosial şəbəkələrə baxın, eyniyik, heç dəyişməmişik. Bu günün özündə də Seyid Əzimi boğub öldürməyə qadir qövmük!

Rafiq Tağının adi bir tənqidi yazısına böyük qüvvəsi, məscidləri, alimləri olan din cavab vermək əvəzinə, yetişdirdikləri fanatik onun həyatına son qoydu. Bıçağı düz ürəyindən vurdu.

Əhli-islam oldu xarü zə­lil, 
Baisi sənsən, ey imami cəlil! 
Sən bizi nəfə etmədin vasil, 
Barı qoy özgə elm edək hasil. 
Bizi bəsdir bu qədər aldatdın, 
Dini dinarə hər zaman satdın.

Barı ayrı elmi hasil edə bildikmi? Yenə əgər inanc naminə baş kəsməyə, qan tökməyə hazırıqsa, Rafiq Tağının öldürülməsi, elə son hadisə də göstərdi ki, nəinki hazırıq, hətta edirik də, deməli bu məktəblər, universitetlər, dünyəvi elmlərin tədrisi əbəs imiş, beynimizdən cəhalət çıxmır ki, çıxmır.

Seyid Əzim Nəcəf, Bağdad, Şam şəhərinə gedib təhsil alıb gəlib, ruhani məktəbdə dünyəvi dərslər keçirdi. İndi biz o şəhərlərə gedib terrorçu kimi qayıdırıq. Bax işıqlı insanla, cahilin fərqi budur. İşıqlı insan nur dərib gətirir ki, məmləkətini işıqlandırsın, cahil isə zülmət, qaramat, qan gətirir. Özü də onlar tam cahil də deyillər, savadlı cahillərdi. Di gəl, savadları cahilliyə xidmət edir.
Bu günlərdə şair Cəlil özünə qəsd etdi. Heç bir halda onun bu əməlini yaxşı saymıram. Bu başqa mətləbdir. Sözüm Cəlilədir, niyə tələsirsən? Narahat olma, özümüz səni bu əllərimizlə boğub öldürəcəyik. Ya səni dəhlizlərdə yaltaq sima yaradıb mənzil növbəsində durana çevirəcəyik, razılaşmasan acından, kirayədə çərlədəcəyik, yox, işləyib yenə öz bildiyini yazsan bir qara yaxıb, səni gözdən salacağıq, bunu da edə bilməsək, səni içki ilə öldürəcəyik, hələ sonra həyasızcasına da deyəcəyik ki, "alkaş” idi də. Vəssalam! Heç dəyişməmişik, əmin ol!

Əslində böyük Seyid Əzim Şirvaniyə ad günü üçün xoş kəlmələr yazmaq istəyirdim, amma belə alındı. Yalnız bizim xalqda belə məsəl var: "el üçün ağlayan iki gözündən olar”. Bunu hamı qulağında sırğa edib və heç kim el üçün ağlamaq istəmir. Seyid Əzim bir gün ağlamaq istəyirdi, onun taleyini görən neçə-neçə ziyalı bu yoldan çəkildi. Elə bu gün də el üçün ağlayanları evsiz, işsiz, yamaqlı paltarda, boynu bükük görəndə, heç kim ağlamaq istəmir. Ona görə nə qədər xoş söz yazmaq istəsəm də, ona etdiyimizin əvəzində utandığımdan heç nə demirəm. Şair ümidli idi ki, aləmdə səsi olacaq. Onu anlayanların ürəyində var, işıqlı adı, işıqlı fikirləri. Amma xanəndələr Seyidin qəzəllərindən elə ağlaşmalar qururlar ki, özü bilsəydi səsi belə qalacaq, heç onları yazmadı.
Rahat uyuya bilirsənsə, uyu, onsuz da biz düzəlmək istəmirik. Səni düşünən, yad edən bir neçə nəfərə görə rahat uyu. Ha, başımız vurulsa da, oradan bir budaq çıxıb, yarpaqlanacaq. Sənin niyyətlərin yaşayacaq!

Mənbə: Nargin.az