KİŞİ KİMİ
Zamana meydan oxuyanlar - Rameş Zəkiyev Tarix : 05 Avqust 2021, 22:15

Cəmi 19 yaşı vardı.

Evlərində oldum. Həyətə baxırdım. Elə bil Rameşi görürdüm. Məsumluğu görürdüm. Bir də göz yaşı dayanmayan Azadə nənəni. Nənə ilk nəvəsini çox oxşayıb, çox nazını çəkib. Yenə oxşayır. Təsəlli vermək istədim. Söz tapmadım...


Həqiqi hərbi xidmətdə olan 18-19 yaş üçün birdən-birə müharibəyə qatılmaq elə də asan deyil. Ancaq şagird ömrü yaşayıblar, məktəb partasından döyüşə getmək asan olmaz ki... Onların qorxu, həyacan keçirməsi təbiidi. Fikirlərimi bölüşdüm Ramiz Əliağa oğlu Abdullayevlə. Hal-hazırda Ağdamda hərbi xidmətdə olan mayor Ramiz Abdullayevin səsində sevgi vardı: Əlbəttə, 18-19 yaşda olur belə duyğular. Bu təbiidi. Rameş 19 yaşın böyüklüyünün, cəsurluğunun, döyüş ruhunun göstəricisi idi. O qədər mərdliklə döyüşürdü. O qədər əxlaqi keyfiyyətləri vardı ki, bir irad belə göstərmək olmazdı. Müqəddəs döyüşçü ruhuna malik idi. Ölümün gözünə baxa-baxa vətən üçün öldürməyə hazır idi. Bütün tapşırıqları yerinə yetirirdi. 120 mm-lik minamyotda baş tuşlayıcı idi. Heyətiylə düşmən istehkamlarını dəqiq nişan alır, dağıdırdı. 3 postu tamam dağıtdılar, düşmən kolonunu vurdular. Düşmənin basqı qrupu bizim səngərlərə girmişdi. Düşməni məhv etdilər, səngərləri təmizlədilər. Rameş çox şücaət göstərdi. 15-də növbəti atəşi yerinə yetirib sığınacağa keçdilər. Düşmən artilleriyasından qrad mərmisi onların sığınacağına düşdü. İki nəfər şəhid oldu, 7 nəfər yaralandı. Şəhid olsa da vətən sevgisinin, döyüş ruhunun ölməzliyini yaşatdı.

Qəhrəmanım Rameş Zəkiyev 2001-ci il 27 iyunda Astaranın Şahağacı kəndində həyata göz açıb. Atası Gülverdi Zəkiyevi 10 yaşında itirən Rameş bacısı ilə ana himayəsində böyüyüb.

Birinci Qarabağ müharibəsinin qəhrəmanı Rauf Mirzəyev adına 1 nömrəli Şahağacı kənd tam orta məktəbində təhsil alıb. Kiçik yaşlarından boksla məşğul olub, bir çox yarışlarda iştirakına görə fəxri-fərmanları, medalları var. 2016 - cı ildə ölkəmizi Rusiyada təmsil edib. 9 illik təhsildən sonra kollecə daxil olub. Anası İlhamə xanım deyir ki, Bakıda oxuyurdu, oxumaq istəmədi, çətin idi. Bir sənətə sahiblənmək, işləmək istəyirdi. Maddi çətinliyimiz vardı, arada işlədi. Elə hey "ana, əsgər gedim, erməniləri öldürüb gələcəm, özüm işləyib baxacam sənə də, bacıma da” deyirdi. Qismət olmadı. Məqamı ucadı bilirəm. Amma ümidim, dayağım idi. Yoxluğuna dözmək çətindi. Övlad itkisi ağırdı...

19 yaşa baxanda uşaqdı. Amma düşüncəsi böyükdü Rameşin. Əməlləri, hərəkətləri, cəsurluğu böyükdü.

2018 - cu ildə həqiqi hərbi xidmətinə Ağdamın Baharlı kəndində başlayır.

"Rameş mənim əsgərim olub. 3 aylıq karantindən sonra birlikdə olmuşuq xidmət boyu. Bütün heyət sevirdi onu. Çox tərbiyəli idi. Ən çətin tapşırıqları hamıdan birinci yerinə yetirirdi. Tovuz hadisələrində də biz döyüş mövqeyinə çıxdıq. Çətin günlər oldu. Bir damcı qorxu hissi görmədim onda. General Polad Həşimovun ölümü hamımızı sarsıtdı. Rameş heç özünə gələ bilmirdi. Hər gün müharibə olacağını gözləyirdi. Nümunəvi əsgər idi. Müharibənin ilk günündən əsil qəhrəmanlıq göstərirdi. Düşmən heyəti ilə dolu kamaz markalı və satko markalı (qaz-3308) maşını məhv etmişik elə ilk günlərdə onunla. Bizi vura bilmirdilər. İrəliləyirdik. Ona görə iriçaplı silahlardan atəş açırdılar. Oktyabrın 15-də səhər saatlarında vurdular. Onunla birlikdə maxe Əmirov Adəm şəhid oldu. Nə deyim. Ruhları şad olsun.Qələbə qazandıq. Var olsun Ordumuz, igid əsgərlərimiz. – bunları hal-hazırda Ağdamda xidmət edən gizir Məmmədov Cahid söylədi.

Çevik, qavramlı olduğundan onu minamyotçu təlim kurslarına qəbul edirlər. Minamyotdan istifadə etməyi asanlıqla öyrənir, təlimlərdə riyazi təfəkkürü ilə seçilir, atıcılığın bütün sirlərinə yiyələnir və sentyabrın 27-də peşəkar minatan kimi döyüşlərə qatılır. Minaatan silahdan effektiv istifadə onu idarə edən heyətin bacarığından asılıdır.

 

No description available. 


Bölüyün baş çavuşu Tahirov Rahət Söhbət oğlu: Onunla eyni taborda olmuşuq. Çox intizamlı idi. Bu əsgər üçün vacib xüsusiyyətdi. İşguzar, qocaq və mərd idi. Elə bil yorulmurdu. Mən həm də onların təminatını çatdırırdım. Ərzaq, geyim, silah, yəni nəyə ehtiyac olursa. Ən təhlükəli vəziyyətdə belə Rameş bu işin öhdəsindən gəlirdi. Əla minamyotçu idi. Düzü hər əsgər ondan istifadəni öyrənə bilmir. Burda həndəsəni də bilməlisən. Başı çevik işləyirdi. Dəqiq atıcı idi. Hədəfdən yan keçmirdi. Neçə hərbi texnikanı, hərbi sursat maşınlarını vurmuşdu...

Oktyabrın 15-də də vətənin bütövlüyü uğruna Ağdamın Hacıməmmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olur.

İlhamə xanım qızıyla birlikdə qardaşının yanında yaşayır. Kiçik otaqda Rameşin xatirə güşəsi var. Rameşə aid əşyalara baxıram. Hətta sevimli fincanı da burdadı. Bir də idman yarışlarında aldığı fəxri-fərmanlar, təltiflər, medallar. "Hər yarışdan sevinclə, qürurla qayıdardı. Aldığı təltifləri səliqəylə yığardı. "Hələ elə medallar alacam ki, mənimlə fəxr edəcəksiz” deyərdi. Bunu deyirmiş- dayısı Azərin səsi gəlir. Baxışlarını izləyirəm. Aldığı son medala baxırıq: "Vətən uğrunda”...

 

 

 

Bacısı Adilənin kövrək səsi qulaqlarımdan getmir: O mənə ata, qardaş dost idi. Bütün qızların dostu, qardaşı idi. Rameş olan yerdə bir oğlan bir qızın xətrinə dəyə bilməzdi. Sözü-söhbəti mənimlə idi. Hərdən Qarabağ hadisələrindən danışardıq. Çox danışmırdı əslində, çünki özünü təhqir olunmuş kimi hiss edirdi. Hadisələri öyrənirdi, bir də görürdün özünü söyür. "Təsəvvür edə bilmirəm ki bizim qızlarımızı ermənilər əsir götürüb”-hərdən də belə deyirdi, az qalırdı ürəyi partlasın. 18 yaşını elə gözləyirdi, elə gözləyirdi. Mən əsgər gedəndə müharibə başlayacaq, torpaqları azad edəcəyik-deyirdi. Elə bil ürəyinə dammışdı”.

 Open Photo

 


Haqlısan, qızım. Belə oğullarımız var. Torpaqlarımızı azad etmək üçün böyüməyə tələsən oğullar. Onların yaşı 18, 20, 25 olmur ki. Onların yaşı illərin sayı ilə ölçülmür. Onların ömrü, düşüncəsi zamana sığmır.

Ölümü məğlub edən, zamana meydan oxuyan oğullardı onlar.

 


 

 
 
Kamalə Abiyeva
 
 
qadinkimi.az