BURA / ORA
VURĞUN ƏYYUBUN XATİRƏSİNƏ... Tarix : 25 Sentyabr 2019, 00:28
Yazar : Qadinkimi.com
Azərbaycanda tətbiq edilən test sisteminin qurucusu, minlərlə imkansız gəncin düzgün və rüşvətsiz yolla universitetlərə qəbul olunmasında əvəzsiz rol oynamış TQDK-nın ilk sədri Vurğun Əyyub uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Vurğun Əyyubun verdiyi müsahibədən bir parça.

- Vurğun bəy, bu düzdür ki, TQDK-nın ilk sədri olduğunuz zaman bacınızı imtahana buraxmamışdız?

- Hə, biz beş bacı-qardaşıq. İki qardaş, iki bacı ali təhsil almışıq. O, bacım isə son beşiyimizdi. İmtahan vaxtı anam xahiş elədi ki,onu bir təhər keçirim. Dedim ki, o ümumiyyətlə, sənəd verməsin, çünki, savadı yoxdu. Anam da, əvvəl bir az incidi, sonra başa düşdü ki, mən haqlıyam.

- Yəni, bu qədər pirinsipial məsələ idi?

- Mən hər məsələdə pirinsipialam.

Mən getsəm, dərələr, dağlar qalacaq,
Buludlar qalacaq, ağlar qalacaq.

Ölkədə ki, aydınlardan biri də azaldı. Ruhu şad olsun!

ARAZ ƏHMƏD
 

Bu dünyadan köçəndə insanların onun haqqında yalnız sevgi ilə danışması arzusu yəqin ki, hər kəsin qəlbinin bir küncündə yatır. Amma hər kəsə də nəsib olmur...
Ruhun şad olsun, özüylə bir dünya sevgi aparan Adam - Vurgun Əyyub!

YUSİF RZAYEV


Tamam təzə bir zamanın,
tamam təzə bir eranın oğlu idi Vurğun Əyyub..
Haqlı idi, doğru idi, Vurğun Əyyub,
Bağrımızı bir ox kimi dəldi, getdi..
"Gülümsədi, əl elədi, gəldi, getdi"....

AYAZ ARABAÇI



Bir günlük matəm sükutü!

Şükür, İlahi, Sən bu xalqa bu dünyadan ləyaqətlə köçən İşıq Payı verdiyini də nümayiş etdirdin!
Ehtiyatlı ol, İlahi... gözyaşlarının qəhərinə boğula bilərsən!

AYDIN CANIYEV


Test usulunun icraçısı TQDK ilk sədri Vurgun Əyyub bəy bu gün dünyasını dəyişdi. Tarixlərdə və ürəklərdə qalacaqsan Vurğun bəy. Səni itirmək çox ağırdır!Ruhun şad olsun! Dəyərli insan...

İLKİN SAHİB
 
Əzizim, dəyərli qardaşım Vurğun!
Səsin hələ də qulaqlarımda:

Yer üzü görüş yeridi,
Gəlmişik,görüşək,gedək;
Bu qatar bizi aparmaz,
Bizsiz getsin, düşək gedək!

Dayanacaqları olmayan bu qatarın ilk düşəni sən oldun!
"Nəslin yarpaq tökümü” başladı!
Qoy boşuna getsin bu qatar!
Tanrı dağlarında görüşənədək!
Qəbrin nurla dolsun, qardaş!

RÜSTƏM BEHRUDİ


Vurğunluq. Vurğunsuzluq.

Sevginin, vurğunluğun çox "qısa", çox "sadə" bir yolu var.
Gərək sən Adama vurulasan ki, Adam da sənə vurula.
Gərək sən Xalqı sevəsən ki, Xalq da səni sevə... Bu aksiomu dərk etmək üçün təkcə həyat yox, ölüm də şəhadət verə bilər.
Vurğunun ölümü belə bir sevginin "şəhadəti” oldu.

Bir dövrdə oxumuşduq. Mən 3-cü kursda oxuyanda o, 1-ci kursa təzə daxil olmuşdu. Söhbətimiz ilk gündən tutdu. Arıq, çəlimsiz, xarizmatik bir oğlandı. Yaxın dostları, qrup (və ya kurs) yoldaşları - Fazil Mustafayev və Bədirxan Əhmədov ilə daim bir yerdə olardılar. Bu "üçlük” mənimlə də yaxın və doğma idi.
Bəli, 45 ildən bəri tanıdığım adam idi Vurğun Əyyub.
Prinsipal və mülayim idi. Ötkəm və sadə idi. Dözümlü və kövrək idi.
Sonuncu dəfə Ankarada Atatürkün məqbərəsi önündə görüşdük. Məqbərədən çıxanda yağış bizi təpədən dırnağacan islatdı. Gülə-gülə ayrıldıq.
Sonuncu dəfə iki ay əvvəl yazışmışdıq. Mükafat almağım münasibəti ilə məni təbrik etmişdi.
Bu yaxınlarda ümumi dostumuz, tez-tez ona baş çəkən Fazil bəyə dedim ki, bəlkə dostumuzun xəstəliyini ictimailəşdirək? Fazil bəy bir neçə gündən sonra dedi:
- Vurğun bəy dedi ki, buna ehtiyac yoxdur. Allahın verdiyi ömürdür. Bu ömrün əzəli də, sonu da Onun əlindədir.
Bu da son...

Arada görüşəndə zarafatla deyərdi:
-Qağa, yenə dağlara çəkilmisən deyəsən?..
Onun sualına, adətən, adını daşıdığı, çox sevdiyi şairin misraları ilə cavab verərdim:
-Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar...
Ürəkdən gülərdi.
Ta o gülüş olmayacaq.
Son qəmin olsun, Vətən. Vurğunlarından birini də itirdik.

FİRUZ MUSTAFA
 

Qadinkimi.com