YAZI / DÜŞÜNCƏ
Övladlarınıza Azərbaycan sahib çıxacaq - Mehman Hüseynov şəhid Arəstə xanımdan yazdı Tarix : 23 Noyabr 2020, 15:30

Demək olar hər gün bir neçə şəhid ailəsini ziyarət edirəm. İstəyirəm bizim qəhrəman ailələrimizi bütün Azərbaycan tanısın. Hələ də villada və ya 2-3 mərtəbəli sarayda yaşayan şəhid ailəsi görmədim. Nə isə...

Bu gün bir şəhid bacımızın məzarını və ailəsini ziyarət etdim. Şəhid ailələri ilə görüşmək çox ağırdı, həm də çox qürürverici anlardı mənim üçün. Azərbaycan necə də möhtəşəm övladlar yetişdirib.

Vətən müharibəsində döyüşdə olan tək əsgər, zabitlər deyil. Vətən müharibəsində tarix yazan tək kişilər deyil, xanımlarımız da var.

Könüllü həkim kimi döyüş meydanına yollanan və şəhid olan Azərbaycan xanımı Arəstə Baxışova.

Arəstə bacımız yüzlərlə əsgər, zabitimizi xilas edib, onlara tibbi yardım göstərib. Lakin Qubadlı döyüşlərində, əsgərimizə ilkin yardım göstərən vaxt erməni dığasının snayper gülləsinə tuş gəlib və şəhid olub.

Otuz bir yaşlı Arəstə anası Məktubə xanım və 2 balaca övladı ilə kiçik evdə yaşayırdı. Çox kasıb və çətin şəraitdə böyüyüb.

Dörd yaşından atasız böyüyən şəhid bacımız müharibə başlayan kimi könüllü olaraq orduya yazılır və cəbhə xəttinə yollanır. Evdən çıxanda anasına tapşırır: "Qızım Zəhra və oğlum Mərdan sənə əmanətdi. Müharibə bitsin qayıdacam yanınıza”.

Çox təəssüf ki, o, ailəsinin, balaca övladları Zəhra və Mərdanın yanına qayıda bilmədi. İki övlad bu körpə vaxtlarında atasız, anasız qaldı.

Onlara yaşlı nənələri Məktubə xanım baxır. Balaca uşaqlar inanmaq istəmirdilər ki, bir də anaları heç vaxt evə gəlməyəcək. Əmin idilər ki, bir gün evin qapısını açıb onları qucaqlayacaq.

Nənələri qərara alır ki, bu uşaqlardan heç nə gizlətməsin və onları şəhid olan analarının dəfn mərasiminə aparsın.

Uşaqlar orada anaları ilə son dəfə görüşüb vidalaşırlar.

Gözəl-göyçək Arəstə xanım, nur içində yatın. Qarşınızda baş əyirik!
Çox sağ olun ki, vətən müharibəsində əsgər və zabitlərimizin yanında olduz. Çoxunu xilas etmisiz. Elə əsgər zabitlərimiz var ki, hər gün sizi soruşur, hər yerdə gözləri sizi axtarır.

Sizə təşəkkür borcları qalıb...

İnanıram ki, övladlarınıza Azərbaycan xalqı sahib çıxacaq və onların gözəl, xoşbəxt gələcəyi olacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımızın azad olunmasında hər birinizin payı var. Azərbaycan xalqı sizləri heç vaxt unutmayacaq!
Mehman Hüseynov
qadinkimi.com