YAZI / DÜŞÜNCƏ
Vay o gündən - Aysel Fikrət Tarix : 14 Noyabr 2019, 11:35
Yazar : Aysel Fikrət
Vay o gündən ki, yanında-yörəndə olan insanların varlığı sənin özündən asılı ola. Gözünü o tərəfə çəkən kimi hamısı bir-bir yoxa çıxa. Sən yorulan kimi səndən öncə yorulub qeyb olalar...

Vay o gündən ki, "Allahın lütfü” deyib, qarşına çıxan doğma simalar dönüb sənə yad ola. Sonra bir gün səhərin korunda anlayıb gözlərini iri-iri açıb, görərsən ki, təksən. Pəncərədən çöldə qışdı, özün də altmışı haqlamısan. Sonra başlayarsan sevincini axtarmağa: həyat əməlli dəyişib, heç xəbərin olmayıb. Sənin boş yerə xərclədiyin mərhəmətinin bir tikəsi də qalmayıb ki, özünü çəkib bu peşmanlıq quyusunun dibindən çıxarasan.
Görərsən ki, qapı kimi sərhəd çəkildi səninlə əvvəlki aləmin arasında. "Niyə dəyişmisən?” deyə üstünə suallar yağdı.
Bir gün anlayıb başa düşərsən ki, iyirmi ilini, otuz ilini yanında olanlar, sən demə, səni heç tanıya da bilməyiblər. Üzünə şikayət dolu nəzərlərlə baxırlar. Kiminə ömrünü, kiminə insanlığını, kiminə də elə belə varlığını xərcləyib yoxa çıxırsan yavaş-yavaş.

Dünya elə yaddaşında heç tanımadığın, yaşamadığın bir dünya olaraq qaldı. Bir gün də ölüm döydü qapını. Sən özünü sübut edə bilmədin. Düz istiqamət tuta bilmədin. Missiyan sənə aydın olmadı... "Eyvah...” deyib, əlini bir dəfə göydə yelləyib, çıxıb getdin.

Ölümündən sonra kiçik oğlun, ya nəvən - bilmirəm, bəlkə də evinə köçən bir yad - uzun uzadı yazdığın məktubunu tapdı. O məktubdan aydın oldu ki, əslində, həyatsevərin biri idin. Dünyanın heç bir gözəlliyini doya-doya dada bilməyib gedən biri.

Ora-bura tələsən, kimisə tramplin bilib yuxarı qalxmağa çalışan, ona-buna yaltaqlanıb özünü pillə çıxırmış kimi hiss edən, yavaş-yavaş nadan təfəkkürü ilə gözə girməyə çalışan insan kütləsinin nə vecinə.
Sən düz adam olmusan. Səni aldadıblar. Sən indi ölmüsən. Yoxsan!

Hər kəs öz aləmində haqlıdır. Sən isə yalnışsan, çünki sən bacarmadın.
Məktub isə qırx yaşında yazılıb. Sən ruhunun ən gözəl çağında yaz düşüncələrin ilə kiməsə sevgi etirafı edirsən. Ona ümid verirsən, ona verdiyin ümid özün üçün həyat eşqini yaradır. Kimisə sevmək səni xoşbəxt edir, kimsə yəqin sonradan yoxa çıxanların biridir:  Sənin heç kimin yoxdur. Ölümündən öncə verə bilmədiyin borcların, çəkə blmədiyin qayğıların sənə daha doğma qalıb.

Dünyadan köçər-köçməz bütün dostların buxarlandı. Ağlayıb göz yaşına çıxıblar yəqin. İnsanın inamını itirib, uzun illər sonra ölməsi kimi böyük məşəqqət yoxdur. Yaxşı ki, inamın son günə qədər canında dolaşdı.

İnam başına gələn bütün haqsızlıqlardan sonra yeqanə ümid yeridir. İnsan gərək ümidini itirməyə. Vay o gündən ki, insan ümidini də ən yaxın dostu kimi itirə.

Sən satıldığın düşmənlərin yanında dostunu görmədən öldün. Görünür, Tanrı yeganə xoşbəxtliyi sənə bu şəkildə bəxş edib.

Belə bir qanun yoxdur ki, deyim, ey mənim məmləkətimin yanlış arzularında boğulan vətəndaşları, belə olun, bu cür edin, belə yaşayın ki, canınızı boşluq uğultusu xəstə salmasın, ruhunuzda it ulamasın. Adam balası kimi həyat yaşayın. Bunun qanunu nədirsə, bilinmir. Çünki ən xoşbəxt yüksəkliklərdən belə enməkdən heç kim sığortalanmayıb. Yıxılın, yalnız çalışın ruhunuzu əzməyəsiz, çünki hər yeni cəhd sizi bir az da özünüzdən ayrı salmaq üçündür. Çalışın bu dünyaya baxışınızı, varlığınızı ölümunuzdən sonra tapılan məktublarda izah etməyəsiz.

Vay o gündən ki, yanında-yörəndə olan insanların varlığı sənin özündən asılı ola. Gözünü o tərəfə çəkən kimi hamısı bir-bir yoxa çıxa. Sən yorulan kimi səndən öncə yorulub yox olarlar.

Vay o gündən ki, "Allahın lütfü” deyib qarşına çıxan doğma simalar dönüb sənə yad ola. Sonra bir gün səhərin korunda anlayıb gözlərini iri-iri açıb görəsən ki, təksən. Pəncərədən çöldə qışdı, özün də altımışı haqlamısan. Sonra başlayarsan sevincini axtarmağa: həyat əməlli dəyişib, heç xəbərin olmayıb. Sənin boş yerə xərclədiyin mərhəmətinin bir tikəsi də qalmayıb ki, özünü çəkib bu peşmanlıq quyusunun dibindən çıxarasan...
 

 
Müəllif: Aysel Fikrət
qadinkimi.com