UŞAQ / BÖYÜK
Validə Paşayeva - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 29 Mart 2023, 11:11
Yazar : Qadinkimi.com
Əziz qızım! Həyatdakı hər şeyim: atam, anam, bacım, həyat yoldaşım... Ən dəyərli varlığım...

Sənin körpəliyini xatırlayıram. O qədər gözəl idin ki... Mən sənə möcüzə kimi baxırdım. Böyüyürdün...
Həyatın amansız qanunlarını hiss etmədən böyüyürdün. Mən isə sənə həmişə bir ana, bir bacı, bir həmdəmim kimi yanaşırdım. Hər dərdimi, sevincimi, iş və ailə qayğılarımı səninlə bölüşürdüm. Sən də mənimlə birgə çəkirdin bu qayğıları... Mən indi başa düşürəm ki, sənin balaca çiyinlərin üçün bu yük həddindən artıq ağır idi. Sən mənim üçün çox tez itirdiyim anam, bacım idin, həyat yoldaşım, dərdimi bölüşdüyüm rəfiqəm idin...

Beləliklə, sən mənim  qayğılarımla böyüdün. Orta məktəbi bitirdin. Ali məktəbə daxil oldun. Ailə  qurdun. İndi sən özün də bir anasan...Amma geriyə baxanda təəssüflənirəm. Soruşa bilərsən niyə? Sənə oz sevgimi layiqincə verə bilmədiyimə görə. Başım qarışdı işimə, ailə qayğılarıma. Sənin necə böyüdüyünü hiss etmədim. Sən təzədən uşaq olsaydın, bilirsənmi nə edərdim? Hər addımda səni çox sevdiyimi, mənim üçün nə qədər önəmli olduğunu hiss etdirərdim. Sən uşaq kimi yox, böyüklər kimi mənim acılarımla böyüdün. Uşaqlığını, gəncliyini ananın kədərli həyatı ilə bərabər yaşadın, qızım mənim! Doyunca bu illərin dadını çıxara bilmədin. Bax, buna təəssüflənirəm. Vətənə, ailəmizə layiq bir övlad kimi böyüməyinə isə sevinirəm. İndi ali təhsilli bir müəlliməsən. Gənc nəslə ana dilimizin sirlərini öyrədirsən. Mən səninlə fəxr edirəm. Yaxşı ki, mənim qızımsan! Təzədən uşaq olsaydın, səni o əfsanəvi uşaq aləmindən ayırmaz, öz sevimli gəlinciyinlə şən uşaqlıq illərində yaşadardım. Bağışla məni, qızım... Bağışla ki, sənin saçların ana nəvazişi görmədi. Həyat tez keçdi. Bir də baxdım artıq böyümüsən. Ümid edirəm ki, sənə verə bilmədiyim o sevgini sən öz qızına verəcəksən. İndi sənə nəvaziş göstərmək, səni sevdiyimi bildirmək istəyirəm. Amma gecdir, çox gec...

Məni bağışla...
Səni hədsiz sevən anan...
 

Validə Paşayeva
qadinkimi.com