UŞAQ / BÖYÜK
Uşaqlarınızın rəyini nəzərə almağa çalışın Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

   Uşaq anadan olan kimi valideynlər artıq onun gələcək taleyini cızır, onun bütün həyatını planlaşdırırlar. Nə qədər ki, uşaq balacadır, anası heç ağlına belə gətirə bilmir ki, uşaq nə vaxtsa böyüyüb sərbəst yaşayacaq. Ona görə də uşağının yerinə qərar qəbul etmək valideynlər üçün təbii bir şey kimi görünür. Vaxt keçdikcə bu pis bir vərdişə çevrilir. Lakin bununla birgə valideynlər öz uşaqlarının inkişaf etmiş şəxsiyyət, müstəqil, qeyri-adi vəziyyətlərdən çıxış yolu tapmağa qadir olan insan kimi böyüməsini istəyirlər. Əgər valideynlər uşağa mane olmasalar uşaq mütləq elə böyüyər.

Heç vaxt gec deyil

  1. Uşağa təzyiq göstərməyin və öz prinsiplərinizi zorla uşağa qəbul etdirməyin. Əgər uşaq ‘mən özüm edəcəm’ deyirsə, ona mane olmayın, ‘sən hələ balacasan, özün edə bilməzsən’ deməklə onu həvəsdən salmayın, əksinə görəcəyiniz işi onunla birgə görün. Qoy o hiss etsin ki, siz onun istəyini nəzərə alır, ona hörmət edirsiz. 5-6 yaşından başlayaraq onu ətrafla maraqlandırın. Onu rəsm, rəqs, idman və s. dərnəklərə cəlb edin. Amma uşağı yükləməyin, bunların hamısına birdən onun gücü çatmaz. Əgər uşaq gördüyü işdən sevinirsə, növbəti məşğələləri səbirsizliklə gözləyirsə - demək siz doğru yoldasız.
  2. Uşağın istəklərini öz istəklərinizlə əvəz etməyin. Özünüzü autotreninqlə sakitləşdirin: “Mənim uşağım bu dünyaya xoşbəxt olmaq üçün gəlib, onun öz seçiminə ixtiyarı var. “ Əgər uşaq nə etdiyini və nə üçün etdiyini bilirsə, demək onda yetkin şəxsiyyət toxumları cücərir.
  3. Əgər yeniyetmə hələ hansı peşəni seçəcəyini müəyyən etməyibsə, onda elə fikirləşməyin ki, siz hər şeyi onun yerinə həll edə bilərsiz. Qoy o özü tanışlarının oxuduğu ali məktəblərə getsin, yaxud təhsilə aid sərgilərdə olsun. Ondan sonra o öz qərarını sərbəst verə biləcək.
  4. Əgər uşağınız sizin xoşunuza gəlməyən sənət seçibsə, onda özünüz fikirləşin: sizin üçün nə xoş olardı? Uşağınızı seçdiyi sənətdə aktiv, həmişə axtarışlarda olan bir adam kimi, yaxud sizin seçdirdiyiniz peşədə heç bir anlayışı olmadığını başa düşüb, özünü gərəksiz hesab edib əziyyət çəkməsini görmək istəyirsiz?

Uşaqlar da böyüklər kimi şəxsiyyətdirlər. Onların öz arzuları, istəkləri, dünya görüşü var. Onlara başqa şeyləri zorla qəbul etdirməyin. Bir çox valideynlər uşaqlarının əvəzinə qərar qəbul etməklə, onların istəklərinə, ümumiyyətlə şəxsiyyətlərinə məhəl qoymamaqla özləri də bilmədən uşaqlarını təşəbbüssüz, iradəsiz böyüdürlər, sonra isə əziyyət çəkirlər.

Əziz valideynlər! Uşaqlarınızla dost olmağa çalışın, onların rəyini, onların fikrini nəzərə alın. “Sən balacasan, mən isə böyüyəm, ona görə də sənin üçün nəyin yaxşı olacağını yaxşı bilirəm” deməyin. Bu düzgün fikir deyil. Uşaqlarınızla münasibətlərdə demokratik olun. Onda uşaq əsl şəxsiyyət kimi böyüyəcək..!