UŞAQ / BÖYÜK
Uşaqlara gender bərabərliyini izah etməyin yolları Tarix : 10 Fevral 2021, 15:57

Bu gün biz gender bərabərliyi məsələsində mövcud olan problemləri ilk növbədə ailə-məişət çərçivəsində həll etməyə çalışırıqsa, bunun birinci yolu ailədə böyüyən uşaqların bu mövzuda maarifləndirilməsindən keçir. Yaxşı olardı ki, bununla bağlı dərslər erkən yaşlarda ailədə başlasın, bağçada, daha sonra da məktəbdə davam etdirilsin və beləcə, yetişən yeni nəsil üçün artıq cəmiyyətdə gender bərabərsizliliyi kimi bir problem qalmasın.

Bəs uşaqlara hansı yaşdan gender bərabərliyi dərsləri keçilməli və bu, necə izah olunmalıdır?

Mütəxəssislər bildirlər ki, uşaqlar üçün gender bərabərliyini anlama mərhələsi üç yaşdan başlayır. İki yaşından etibarən oğlan və qız uşaqları arasındakı fiziki fərqliliklər özünü büruzə verir. Üç yaşından etibarən isə cinsiyyətə uyğun bəlli rol və davranışlar ortaya çıxır. Uşaqlarda ətraf mühiti anlama və dərk etmə instinktinin formalaşması prosesi yaranır və onlar tədricən baş verənləri əlaqələndirməyə, yavaş-yavaş qavramağa başayırlar. Buna görə də, üç yaş sizə gender bərabərliyi haqqında düşünmək üçün tez görünsə də, bu mövzuda ilkin bilikləri uşaqlara ötürə bilmək üçün ən uyğun zaman kəsimidir.

 


Gender bərabərliyini oyunlarla necə öyrətməli?


Bu əsnada uşaqlarla oyun zamanı kişi rolunda olan bir qadını, yaxud da qadın rolunda bir kişini təsvir etmək balacalar üçün ən yaxşı başlanğıc hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, elə həmin yaşlarda oğlan uşaqlarına "qız kimi" ifadəsi ayıb və alçaldıcı hiss olaraq ailə tərəfindən ötürülür. Ağlayan oğlan uşağına "sən kişisən, qız kimi ağlama" deyən valideynlərin olması, yəqin ki, bizim cəmiyyət üçün yadırğanacaq hal deyil. Elə bu kompleksi aşmaq üçün də ən yaxşı vasitə bu cür oyunlarla onlara qadın və kişi olmağın heç bir aşağılıq və yaxud üstünlük ifadə etmədiyini, hər ikisinin də bərabərhüquqlu insan olduqlarını aşılamaq ən uğurlu addımıdır.

Beləcə, yəqin burdan da anlamış olarıq ki, oğlan uşaqlarına gender bərabərliyini öyrətmək istəyiriksə, bir az düşünüb özümüzə sual verməliyik: biz hər an öz davranışlarımızla onlara hansı mesajları ötürür, onların balaca beyinlərini körpəlikdən hansı fikirlərlə kodlayır, necə formalaşdırırıq?

Qız uşaqlarının yetişdirilmə tərzinə gəldikdə isə, yenə öz düşüncələrimizi incələməyimiz vacibdir. Hansı valideyn qızının gələcəkdə özünə inamlı, lider xüsusiyyətlərinə sahib, güclü bir qadın olaraq görmək istəməz? Məgər atalar, analar qızlarının bir kişinin, bir cəmiyyətin qeyri-bərabər dəyərləri, şərtləri altında əzilməsini qəbul edərmi? Yəqin ki, yox. Əgər valideynlər qız uşaqlarının cəmiyyətdəki yanlış şərtlənmələrini aydın düşüncə ilə görə bilsələr, onları daha güclü və özünəinamlı böyümələri üçün əllərindən gələni etməyə çalışarlar. Amma bəzən təkcə qız uşaqlarını lider kimi böyütmək kifayət eləmir. Burada həm də oğlan uşaqlarını qadınların lider ola biləcəyi fikrinə alışdırmaq lazımdır. Bu prosesdə balansı təmin edə bilmək üçün bütün uşaqlara qarşılıqlı hörmət və anlayış hissi aşılanmalıdır. Yəni bir cəmiyyətdə qadınların əzilməməsinin yolu təkcə onları lider kimi yetişdirməkdən keçmir, həm də o cəmiyyətdəki kişilərin düzgün yetişdirilmiş olması şərtdir.

 


Uşaqlara mediada gördükləri barədə izahat vermək lazımdır


Bu gün böyüklər qədər uşaqlar da medianın təsirlərinə məruz qalırlar. İstər müxtəlif qəzet və jurnalların səhifələrindən, istər sosial şəbəkələrdə çıxan reklamlardan, küçələrdəki reklam lövhələrindən mənimsədikləri informasiyalar, istərsə də ünsiyyətdə olduqları həmyaşıdlarından eşitdikləri fərqli fikirlər olsun, uşaqlar hansısa şəkildə mütləq gərəksiz və zərərli informasiya yükü ilə yüklənmək məcburiyyətində qalırlar. Bunların arasında ən zərərlisi isə cinsəllik və zorakılıqla bağlı olanlardır. Bu səbəbdən uşaqlarla media və orada gördükləri, eşitdikləri haqqında danışmaqda fayda var.

Birinci növbədə onların bəzi şou proqramları izlənməsinə, bəzi musiqiləri dinləmələrinə və bəzi oyunları oynamalarına niyə icazə vermədiyinizi doğru şəkildə çatdırmaq, izah etmək lazımdır.


Psixoloqlar uşaqlara jurnal və reklam lövhələrində gördükləri fotolar, görüntülərlə bağlı nə hiss etdikərini soruşmağın, onların mənalarını aydınlaşdırmaqda düzgün kömək etməyin vacibliyini qeyd edirlər. Mediada gördüklərinin bir çoxunun şişirdilmiş, əksərən seksist olduğu və real həyatı əks etdirmədiyi uşaqlara uyğun dillə izah edilərsə, onları bu cür informasiya zəhərlənməsindən qorumaq olar. Digər tərəfdən, belə media oyunlarını anlamaları bir dönəm sonra uşaqların özlərinin yalnışı-doğrunu ayırd edəcək idrak səviyyəsinə çata bilmələrinə də yardımçı olar.

 

                                              davamı var


 

 

 

Natəvan Abdulla

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub