UŞAQ / BÖYÜK
Uşaq və biz Tarix : 25 Noyabr 2021, 01:23
Hər dəfə belə olur, istisnasız olaraq hər dəfə...
Nə vaxt ki, uşaq tərbiyəsi, uşaq psixologiyası, pedaqogikası ilə bağlı kitab oxusam, hiss edirəm ki, problem özümdədir və nə qədər doğru bildiyim yanlışlar var.
İndi Kristi Qudvinin dilimizə yeni tərcümə olunan - "Rəqəmsal dünyada uşaq böyütmək" kitabını oxumaqdayam. Guya ki, uşağa telefondan, internetdən necə istifadə etməsini öyrənəcəkdim, gördüm ki, birinci özüm öyrənməliyəm. Kitabdan bəzi qeydləri bölüşürəm:
"Biz uşaqlarımızın ekran qarşısında sərf etdikləri vaxta görə yox, özümüzün ekran qarşısında sərf etdiyimiz vaxta görə narahat olmalıyıq.
Başı cihazına qarışmış valideyn uşağından uzaqlaşır - həm fiziki, həm də mənəvi cəhətdən.
Texnoloji laqeydliyin qarşısını almaq üçün məsləhətlər:
Texnologiyadan məhrum ərazilər yaradın.
Texnologiyadan məhrum vaxtlar yaradın.
Çalışın ki, uşaqlarınız diqqətinizi çəkməyə cəhd etdiyi zaman bunu anlayasınız.
Diqqətimizi çəkməyə çalışdıqları zaman "Facebook"da, "Instagram"da veyillənsək və ya e-maillərə cavab versək, onlara qarşı haqsızlıq etmiş olarıq və təhtəlşüurlarına belə bir mesaj ötürərik: "Sən mənimçün elektron cihazım qədər əhəmiyyətli deyilsən".
Bu mesaj isə, güman ki, övladınızla münasibətinizi zədələyəcək.
Onların beyinlərini inkişaf etdirən bizim sevgimiz və qayğımızdır."

Sərxan Rüstəmov