UŞAQ / BÖYÜK
Uşaq ədəbiyyatımız ölmək üzrədi - Müsahibə Tarix : 08 İyul 2018, 16:11
Yazar : Günel Dəniz

Qadinkimi.com uşaq yazıçısı Aygün Bünyadzadə ilə müsahibəni təqdim edir.

Həyatımın müəyyən bir hissəsini uşaqlar üçün işlədiyim dövrlərdə (o dönəmin uşaqlar tərəfindən sevərək oxuduğu "Göyərçin”, "Günəş”, "Cırtdan” kimi bir çox uşaq jurnalından) tanıdım Aygün Bünyadzadə imzasını. Əsərlərini tək uşaqlar yox, biz böyüklər də maraqla oxuyardıq. Uşaq yazarından əlavə çox yaradıcı, duyğulu, həssas və enerji dolu bir iş yoldaşı idi Aygün xanım. Bu gün isə müsahibim olaraq qarşımda dayanan bu cəngavər titullu nağılçımızla müsahibəni qadinkimi.com oxucularına təqdim edirəm.

 

   

Aygün, əvvəla özünü tanıdardın. Aygün Bünyadzadə kimdir?


- Aygün Bünyadzadə böyük uşaq və uşaq yazıçısıdı.


Yazmağa necə başladın?


- Özümü dərk edəndən yazıram, hardasa ikinci, üçüncü sinifdə oxuyurdum. Oyuncaqları qabağıma düzüb səhnəciklər qururdum və həmin səhnələr üçün ssenariyə oxşar nağıl kimi bir şeylər yazırdım. Ancaq peşəkar olaraq yazmağa ilk 2000-ci ildən başlamışam.


Ailədə necə qarşılandı  yazmaq istəyin?


- Normal. Onlar bilirdilər ki, mən özümü axtarıram. Çünki yazmağa başlayana qədər nə az nə çox, düz 5 dəfə ali məktəbə qəbul olmuşdum. Neft-kimya, hüquq, maliyyə, tarix, iqtisadiyyat və s. kimi sahələrdə özümü sınamışdım. Gördüm ki, bu sahələr mənə görə deyil. Sonra yazmağa başladım. Yazılarım öncə uşaqlar tərəfindən bəyənildi, sonra yazdığım ilk üç nağıl Yazıçılar Birliyi tərəfindən "İlin ən yaxşı uşaq əsərləri” üzrə mükafatlandırıldı və anladım ki, bu həyata elə məhz nağıllar yazmaq üçün gəlmişəm.


Uşaq vaxtı ən çox sevdiyin, təsirləndiyin yazar və kitab?


- Hardasa 5 yaşımda İsveç uşaq yazıçısı Astrid Lindqrenin "Damda yaşayan Karlson” adlı kitabı əlimə keçdi. Bu kitab və bu müəllif məni uşaq ədəbiyyatına ömürlük bağladı. 


Nağıl və hekayələrinin ilham mənbəyi nədi?


- İlham mənbəyi hər şey ola bilir. İstifadə etdiyimiz, gördüyümüz hər hansı əşya, hadisə, ağlımıza gələn gəlməyən, canlı - cansız nə varsa, hamısı ilham mənbəyidi.


Nağılları adətən hansı şəraitdə və neçə müddətə yazırsan?


- O barədə bir az kaprizliyəm. Hər şəraitdə yaza bilmirəm. Əksər hallarda Bethovenin musiqisinin müşayəti ilə yazıram. Musiqinin tempi artdıqca yazdığım əsərdə də hadisələrin sürəti artır. Temp aşağı düşdükdə isə hadisələr öz axarı ilə davam edir və.s Bəzən bir nağılı yazmaq üçün yarım saat bəs edir, bəzənsə günlər, aylar, illər lazım olur.


Uşaq kitablarında illüstrasiyalar nə qədər önəmlidi, səncə?


- Uşaq kitabının tərtibatı, illüstrasiyaları çox önəmlidi. Çünki böyüklərdən fərqli olaraq uşaqlar öncə şəkilə, sonra məzmuna fikir verirlər. Ona görə də rəssamın uşaq kitablarında çox böyük rolu var. Bayaq dedim kimi sevdiyim uşaq nağıllarından biri də Karlson olub. O kitab ağ - qara rəsmlərlə olmağına baxmayaraq, məni özünə heyran qoymuşdu və məncə uşaq kitablarının rəngli olması vacib deyil. Cizgilərlə ağ - qara olaraq da o kitabı oxunaqlı etmək mümkündü. Burada əsas güc siz illüstrator rəssamların üzərinə düşür. Yəni rəssamdan çox şey asılıdı.


Əsərlərin yayınlanıb kitaba çevriləndə nə hisslər keçirirsən?


- Cəmi bir kitabım nəşr olunub deyə heç sevinmirəm, əksinə, kədərlənirəm. İllərdi yazdığım nağıl və hekayələr valideyn yolunu gözləyən uşaq kimi boynu bükük çap olunmağını gözləyir.


Niyə çap etdirmirsən?


- Yazmağa başlayanda özümə söz verdim ki, öz hesabıma kitab çap etdirməyəcəm. Mənim işim yazmaqdı. Kitab çapı və yayımı üçün aidiyyatı qurumlar var və bu onların işidi.


Uşaq ədəbiyyatı sahəsində əsərlər yazırsan. Səncə, uşaq ədəbiyyatının özəllikləri nələrdi? Bizdə uşaq ədəbiyyatının gəldiyi yer haqda danışardın. Bu gün bizim uşaq ədəbiyyatı hansı nöqtədədi? 


- Əslində, uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan daha çətindi. Çünki böyüklərdən fərqli olaraq uşaqlar yalanı və saxtakarlığı tez hiss edir və qəbul etmirlər. Uşaq ədəbiyyatının yazarları nə qədər böyük olsalar da, daxilən kiçik bir uşaq kimidirlər.  Yalnız bu halda uşaqların iç dünyasına daxil olmaq mümkündü. Uşaq ədəbiyyatı bu gün çox acınacaqlı durumdadı. Demək olar ki, dayanıb, ölüdü. Təsəvvür edin 10 milyona yaxın əhalisi olan ölkənin cəmi 10 nəfəri bu sahədədi. Və o 10 nəfər də heç bir dəstək olmadan,  fədakarcasına, öz gücünə nələrsə etməyə çalışır. Halbuki əvvəllər bu sahədə maddi maraq var idi. Dövlət tərəfindən xüsusi büdcə, kitabların çapına xüsusi vəsait ayrılırdı. İndi bunların heç biri yoxdu. Və mən bilmirəm bizdən sonra nə olacaq, bu sahənin axırı necə olacaq? Bizdən sonra kimlər gələcək? Gənclərimizdə bu sahəyə çox heyf ki, maraq yoxdu. Bizdən sonra kaş gələrdilər...


   

      

Uşaq kitablarının qiymətləri haqqında nə düşünürsən? Hamıya məlum olduğu kimi işin içinə körpə və ya uşaq girdiyində istənilən bir məhsulun qiyməti avtomatik iki dəfə artır. Bu vəziyyət uşaq kitablarında da eynidirmi? Bu qiymətlər nəyə əsasən müəyyənləşdirilir? Yazıçının bu prosesdə nə kimi rolu var?


- Sovet dövründə uşaq ədəbiyyatı kitabları çox ucuz idi. Mənim yadıma gəlir  30 qəp, 40 qəpik, hətta 5 qəpiyə yəni hər büdcəyə uyğun uşaq kitabları almaq mümkün idi. İndi çox təəssüf ki, artıq  belə deyil. Bir tək bizdə yox, bütün dünyada çətindi. Çox heyf... Məndən olsa, uşaq və gənclər üçün kitabları çox ucuz edərəm. Yazıçının bu prosesdə heç bir rolu yoxdu təəssüf ki. Kitabda bir tək yazarın yox, illüstrator rəssamın, dizaynerin, redaktorun, korrektorun, satış menecerinin və adını saymadığım bir çox insanın əməyi var. Qiymətlər də buna görə müəyyən olunur.  


"Cırtdan” uşaq jurnalında birgə işlədiyimiz müddətdə uşaqlar səni Cırtdan kimi tanıyırdı. Yadımdadı ki, redaksiyaya gələn zənglərin ardı arası kəsilmirdi. Oxucun olan uşaqlardan nağıllarına hələ də belə təpkilər gəlirmi? Nələr deyirlər?


- Hə düzdü, Cırtdanın təxmini 50-ə yaxın yeni macərasını yazmışdım və bu uşaqlar tərəfindən çox maraqla qarşılanmışdı. Elə bilirdilər mən həqiqətən Cırtdanam. Ən savadlı uşaqları belə Cırtdanın varlığına inandıra bilmişdim ki, bunu da qazandığım ən böyük uğurlarımdan biri hesab edirəm.


Uğur demişkən, uğurlarından danışaq. Şərqdə ilk qadınsan ki, Polşanın və BMT - nin "Beynəlxalq Təbəssüm Ordeni Cəngavəri” mükafatına layiq görülmüsən. Hər yazıçıya nəsib olmayan bir titulu qazanmaq necə hissdi?


- Doğrusu, bu mükafatımla fəxr edirəm. Astrid Lindqrenlə eyni mükafatı almağım məni hədsiz fərəhləndirdi. Həmçinin müxtəlif vaxtlarda dünya uşaq ədəbiyyatı nəhənglərindən Finlandiya yazıçısı, "Muumin” kitablarının müəllifi Tuve Yansson, Dünyanın 65-dən çox dilinə tərcümə olunan "Harri Potter” seriyasının yazıçısı olaraq tanınan Britaniyalı yazar Coan Roulinq, Sovet ədəbiyyatının klassiki rusiyalı şair, dramaturq Serqey Mixalkov, Rus uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Aqniya Barto da bu mükafata layiq görülüb. Bu gün şərq dünyasında ilk qadın yazar olaraq mən bu nəhənglərin arasında varamsa, bu çox qürurverici bir hissdir.


Bildiyim qədər Polşada ordenin təqdimat mərasimində sənə limon suyu içirtmişdilər və bu limonu Bakıdan Varşavaya özünlə aparmışdın.


- (Gülür) Hə.. Marek Michalak - Avropa Uşaq Hüquqları Üzrə Baş Ombudsman eyni zamanda bu ordenin təsisçisi bu limonu özümlə apardığımı biləndə təəcübünü gizlədə bilməmiş, xeyli gülmüşdü. Təqdimat mərasiminin rituallarından biri bu idi ki, təxminən 10 uşaq əllərindəki limonların suyunu bir qədəhə sıxır. Ordenə layiq görülən namizəd bu turş suyu içdikdən sonra yenə gülümsəməlidi. Bu isə o anlama gəlir ki, həyatımın ən çətin anlarında belə üzümdən təbəssüm əksik olmayacaq və öz yaradıcığımla balaca dostlarımın üzünü daima güldürəcəm.


Və sən bu sınaqdan keçdin...


- Hə, bunu bacardım.

            

Uşaqların sevimlisi Ələkbər əmi ilə yaxın dost idin.  Necə dost idi Ələkbər əmi?


- Çox yaxşı dost, çox yaxşı ata və aktyor idi. Çox üzülürəm onu vaxtsız itirdiyimiz üçün çoxx... (Kədərlənir və hiss edirəm ki, çox ağırdı ona bu haqda danışmaq)

      

Ölkədə ilk feminist sayt olan  qadinkimi.com və ümumiyyətlə feminizmlə bağlı düşüncələrini bilmək istərdim


- Nahaq demirlər ki, qadın böyük qüvvədi, hər güclü kişinin arxasında bir güclü qadın dayanır. Qadınsız dünya heç bir şeydi. Nə gözəl, sevinirəm ki, bizdə də nəhayət ki, qadınların səsini eşitdirə biləcəyi belə bir sayt yaranıb. Gördüyünüz bu çətin və məsuliyyətli işdə sənə və bütün yaradıcı heyətinizə bol uğur arzulayıram.


Son olaraq bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdü. Uşaqlara nə arzulayırsan?


- Uşaqlara müharibəsiz səma və hər bir uşağın öz ailəsində, öz ata-anasının yanında böyüməsini arzu edirəm.


Çox təşəkkür edirəm  Aygün xanım.  Sənin kimi birini tanıdığım üçün çox şadam. Yaradıcılığının daimi olmasını diləyirəm…


- Mən təşəkkür edirəm, əzizim, bir rəssama müsahibə vermək xüsusi zövq verdi, uğurlar, uğurlar yenə də uğurlar...

 

 


Hazırladı: Günel Dəniz

qadinkimi.com