YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Türkan Turan yazır:Qadın halları Tarix : 07 Avqust 2021, 08:17

Zaman su kimi axıb gedir. Buna görə bəzi anlar dünən baş vermiş kimi canlanır zehnimizdə. Bəzən illərin necə keçdiyinin fərqində olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu haqlayıb iyirmi havasında oluruq.

Şəkillərə baxanda eyni olduğumuzu düşünür, yaşadıqlarımızı xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər dəyişdiyimizi fərq edirik. Yaxşı, bəs insanın dəyişməyi mümkündürmü? Məsələn, tamamilə, büsbütün... Araşdırmalar bunun mümkün olduğunu göstərir. Amma bu, həmin şəxsin özü ilə arasında həll edəcəyi məsələdir. Əgər yanlış və zərərli xüsusiyyətinin fərqinə varar, bundan sonrakı həyatını fərqli formada davam etməyə qərar verərsə, dəyişimin reallaşması mümkün ola bilər. Təzyiqlə, deyingənliklə, gözümçıxdıya salmaqla, gecə-gündüz danışmaqla, hədiyyələr almaqla, başına dolanmaqla heç kim dəyişmir. Stanford Universitetində aparılan tədqiqat bu baxımdan olduqca maraqlıdır. Araşdırmaya görə, insanları dəyişimdən uzaq tutan mühakimə etmək, təcrid etmək, yanlış anladığını göstərməkdir. Məsələn, mühakimə edilən insan dərhal özünümüdafiəyə keçir. Doğru sözləri də rədd edir və qapılarını qapadır, içində daha sərt xarakter bəsləməklə məşğul olur. Təcrid etmək də işə yaramır. Çünki bu vaxt şəxs haqlılığına daha çox inanır və davranışlarından dörd əlli yapışır. Yanlış anlaşıldığını düşündükdə isə qurban psixologiyasına bürünür, içində yaşadığı dram onu daha betər olmağa sövq edir. Nəticədə yenə aləm bir-birinə dəyir. İmkan varsa bu dəyişim prosesinə başdan qol qoymamaq ən yaxşısıdır. Amma təəssüf ki, bu yöndəki elmi araşdırmalar, alimlərin düşüncəsi, əldə edilən nəticələr xüsusilə bizim qadınların bir çoxu üçün boş söz yığını, tullantı deməkdir. Təbii ki, ümid etmək gözəldir, amma bu, birini dəyişdirmək yönündə keçərli deyil. Adətən qadınlar kişiləri dəyişmək üçün girdikləri yolda ya yox olurlar, ya da sınıq-salxaq çıxırlar.

Bu günlərdə ölkənin tanınmış həkimlərindən biri ilə söhbətləşdik. Qadın ailə qurduğu gündən son 7-8 ilə qədər özü kimi tanınan və həmkarı olan əri tərəfindən ağır şiddətə məruz qalıb. Dəfələrlə döyülüb, ruhən bir yana qalsın, fiziki travmalar alıb. Özü də beş, on il deyil, 27 il davam edib. Niyə dözdüyünü soruşanda "sevdiyim üçün" cavabını verdi. Şiddətə məruz qaldığı ilk illərdə boşanmaq istəyib, ailəsi "papağımızı yerə soxmaq istəyirsən" deyib və qadını bu fikirdən daşındırıblar. Hələ də birlikdədilər. Bir ara səsi titrəyərək, "əvvəldən şiddətə meyilli olduğunu bilirdim, amma elə fikirləşirdim ki, evlənəndən sonra dəyişəcək. Sonra dözdüm, bir uşaq olandan sonra dəyişəcəyini düşündüm, amma dəyişmədi" dedi. Qanlı-qadalı evlilikdən dörd övladları dünyaya gəlib. Hazırda şiddət davam edirmi deyə soruşdum. "Yox" dedi, "qaynanam öldükdən sonra kabus bitdi" söylədi. Demə, qaynanasına xoş getsin deyə döyülürmüş.  Qaynanasının ölümü isə qadının 50-55 yaşlarına, yəni özü bir neçə nəvə sahibi olana təsadüf edib. Qızlarını soruşdum, zəngin adamlara ərə verdiyini, lüks həyat yaşadıqlarını söylədi. Şəkillərini göstərdi. Söhbət bir az da dərinləşəndə məlum oldu ki, qızları da onun yaşadığı həyatı yaşayır. Biri dalaşır, tez-tez ata evinə qayıdır, digəri isə ağır dozalı antidepresant həblər qəbul edir. Amma buna rəğmən, israrla qızların xoşbəxt olduğunu, ərlərinin qızlara yaxşı baxdığını deyir. Maddiyyatı nəzərdə tuturdu. Mənəvi olaraq isə qızlardan biri məhv olmuş vəziyyətdədir. Burada sətirlərə yaza bilməyəcəyim qədər ağır dönəmlər yaşayır. Boşansın dedim. Qadın son dərəcə iddialı və özündən əmin şəkildə, "mən necə dözmüşəmsə, o da dözsün, üç uşaqla boşanıb camaat içinə necə çıxacaq. Həm boşansa, əri onun başını kəsər". Qızın əri də tanınmışlardandır. Qadının ərindən fərqli olaraq bu şəxs qızı döymür, amma aralarında nə baş verirsə, qız artıq dəli olmaq həddinə çatıb. Qadın qızın qapalı olduğunu və heç nə danışmadığını deyir. Bunu son dərəcə rahatlıqla söyləyir. İmkanların sonsuz olduğu 2021-ci ildə "əşşi dəyişər, dözsün, eybi yox, düzələr" demək cahillikdir.

Qadın danışdıqca İbn Sinanın bir hekayəsini xatırladım. Rəvayətə görə, eyni kilo və eyni yaşda və eyni cinsdən olan iki quzunu eyni şərtlərdə iki ayrı qəfəsə qoyurlar. Bu iki qəfəsin yanında bir qəfəs də olur. Ora isə bir canavar salırlar. Ancaq canavarın olduğu qəfəsi sadəcə quzulardan biri görür. Aradan bir müddət keçir canavarı görən quzu yeməkdən içməkdən kəsildiyini sezirlər. Onu görməyən quzunun kefi isə göylə gedir. Aradan bir az da keçir görən quzu xəstələnərək ölür, digər isə yaşamağa davam edir.

Əslində, qurdu görən quzu üçün heç bir təhlükə yoxdur, nəticədə hər biri öz qəfəslərindədir. Ancaq mütəmadi qurdla göz-gözə gəlməyi onu narahat edir, yemək, içməkdən kəsəcək qədər onu stressə salır. İndi həmin qız da belədir, ola bilər ki, döyülmür, amma nə yaşayırsa, hər gün biraz yox olur. Bəzən didilmək, parçalanmaq yox, üz-üzə, göz-gözə olmaq da məhv olmaq üçün  böyük səbəbdir. Söhbətin sonunda dərindən nəfəs alan qadın, "dəyişər" dedi. Öz özümə, hər halda dünyada bu axmaq fikrə inanan qadınlar təkcə Azərbaycandadır dedim. İnsanların dəyişməyinin asan olmadığını anlamaq istəmir bu "sevdaya" düşənlər. Əlbəttə, mümkündür, amma yalnız insan özü istəyərsə...

 

 

Türkan Turan