YAZI / DÜŞÜNCƏ
Torpaq adam - Aysel Fikrət Tarix : 26 Sentyabr 2019, 00:20
Yazar : Qadinkimi.com
Heç kim bilmir ki, insanlar öldükdən sonra dünyanı torpağın altından izləyirlər. Hamı ruhları göydə gəzir. Göyə baxıb dua edir. Yalnız, mən burdayam, yerin altında. 

Bir bağban idim... Bağban deyəndə ki, "özümü torpağa qurban verən adam” deyək. Bütün vaxtımı əkib - becərməyə həsr edirdim. Bəlkə də təyyarə sürsəydim, indi göydən baxırdım, nə bilmək olar.   

Aha... evimizin qapısı cirıldadı. Qadınım... necə də solğun görünür. Bu qapinin səsi adamın basina dusur. Kimdi axı qapıya yağ tökən..? Altı aydır yoxam... Evdən-eşikdən xəbərim yox.

Qadınım otaqdan çıxdı, həyətdə gəzinir. Rəngi bəmbəyaz, gözəlimdən əsər - əlamət yoxdu. Çəndən su götürüb bu tərəfə gəlir. İnana bilmirəm, bağda işləyərkən geydiyim geyimdədir. Dəli olub nədi... axı o, bu geyimə, bağa da nifrət edirdi.

Qadın əyilib torpağa su tökdü. Torpağın üstünə sığınıb ağlamağa başladı. Yəni, bu qədərmi sevirdin məni? Mən heç belə bilmirdim.

Yeni evli idik. Sən qığılcım kimi işıq saçan baxışlarını məndən çəkmirdin, mən də bu baxışlara elə aludə oldum ki, əslində səni zamanla itirdiyimi özümdə ötürdüm. İndi yadıma sala bilmirəm bu nə vaxt oldu: Səni o lənətə gəlmiş işinə getməyə icazə verdiyim  günmü,  yoxsa övladımızın olmayacağını bildiyim gunmu? Nə bilim..! 

Niyə belə geyinmisən? Hanı bər - bəzəyin, gözəl geyimin? Gözlərimi açıb, sənə baxa bilmirəm. Ağlama bu qədər, göz yaşın gözlərimə axır. Ağlama. Dur geyin, get işinə, ürəyim damır. Ağlama... 

- Yadındadı ? Hər səhər çarpayımın yanında, yerə bir dəstə qızıl gül qoyardım. Sabahin xeyir gözəlim... - deyib sabah-sabah gözlərindən öpərdim. Əlimi çəkib, məni özündən itələrdin.

Az qalırdın o gülləri tapdalayib, yanimdan keçəsən. Səsimi eşidəndə qulaqlarını tuturdun. Futbola qısıq səslə qulaq asırdım. "Qol” qışqırıb yerimdə atılanda, qapını açıb işinə, gecəyə, yorğunluğa dair uzun-uzadı nitq soylərdin. Günlərlə səninlə danişmazdıq.

İndi az qalırsan, səsimi esitmək üçün torpağin altına girəsən. Bir az da üstünə gəlsəm, "sən məni əzirsən” deyə hay-küy salardın. İndi əzirsən məni, oturmusan sinəmin ustundə, bir az toxta. Hay - kuy salma, suuuus... sakit... 

- Yox, nə işə gedəcəm daha, nə də bir yerə - pıçıldadı qadın. 
- Axı hardasan? - qadının əlləri torpağı dəldikcə kişi bu ağırlığa dözmür. Sinəsini didən qadınından – bu ola bilməz, axı sən məni necə eşitdin? – deyə soruşdu. 

Qadın fəryad qopartdi... 

- Mən səni duyuram... ətrin gəlir burdan – deyə bağırdı və ağlamağa başladı. Anladım ki, bu möcüzə deyil. Bu işin möcüzəsi yoxdu. Qadınım mənim üçün darıxırdı, çox darıxırdı. Kədəri darixmaq doğur. Darıxan, ağlayan, fəryad edən qadınım.

Ağladıqca cücərdim. Cücərdikcə bir az da qalxdım. Qadın torpaqın altından cücərtimi görüb göz yaşını kəsdi. Gülümsədi. Hər kəsə belə ölüm arzu etsəm, mənə gülərsiz yəqin... gülməyin, gözəl ölümdü. 

O gündən həmin yerə gəlib, torpağa su verdi, bir azda söhbət etdik. Mən dediyimi o duymadi, o dediyini mən duydum. Qəribədir, bu dunyada bir yerə yığsan, bir məktubluq danışmadıq. O dunyada bir-birimizə dastan yazdiq. Qadınım məni çox qorudu. 

Göydə qarı saxlardı, istidə günəşi. Məni qorumaq üçün sevər, oxsardi. Nə yalan deyim, sevilmək xoşuma gəlirdi, lap özümdən çıxmışdım. O qədər ucalmışdım ki, kökümü unutmuşdum. Köküm çürüməyə başlayıb, heç bilmirəm bunu qadınıma necə deyim?

Bu gün, sabah tufan düşəcək, qar uçqunundan güllər də solub gedəcək. Mən də onlara qoşulub gedəcəm. Yenə də ağlayacaqsan? Mən burda olacam gözəlim, bir yerə getdiyim yox. Yaz gələcək, hər tərəfi tutacam, sarmaşıq kimi qalxıb həyətimizi bürüyəcəm. Indi isə ağlama, dur get evə.

Heç kim bilmir ki, insanlar öldükdən sonra dünyanı torpağın altından izləyirlər. Hamı ruhları göydə gəzir. Göyə baxıb dua edir. Yalnız, mən burdayam. Yerin altında. O  da bunu bilir.

Yaşayarkən bir bağban idim, qadınım məni ömür boyu sevmədi. Sevməsini bilmədim. Axırda məni bir avtomobil qezasında itirdik. Indi  sarmaşdolaş ağac köklü əcaib bir bitkiyəm.

Sabah qar uçqunu olacaq. Yenə də sizlərə dönüb ömür olacam. Sevgi insan olsaydı, qatil olardı. Bu dunyada elə sevin ki, öləndən sonra dirildəcək qədər cox sevməyəsiz.

Səhər yuxudan qar uçqununun altında məni yenə ölmüş tapan qadınım kökündən qırıb evə qaçırtdı. Ağlaya-ağlaya dibçəyə əkdi, ona yazığım gəlirdi. Yalnız, dirilə bilmirdim.

Bu gün yuxusuna girib"məni bağışla” deyəcəm, bəlkə də deyəcəm... Gözlərini yum, gəlirəm sevgilim!



Aysel Fikrət
Qadinkimi.com