YAZI / DÜŞÜNCƏ
Susuzluq dövrü - Aysel Fikrət Tarix : 20 Dekabr 2019, 18:50
Yazar : Aysel Fikrət
Xoş gəldin insan ömrünün susuzluq dövrünə…

Ətrafında hər kəsin bir-bir yoxa çıxdığı andan başlayır əsl həyatın. Bu zaman özün üçün qazandığın nə varsa saxta gəlir. Çünki insanlar sənin mərhəmətindən sonuna qədər istifadə edib bitiriblər. Mərhəmətli olmaq hünər istər bəs necə?

İnsan özü özünün qurucusudur. Bir cür də insan var. Bir gün sən dözməyib onları tərk edərsən. Onlar sənin uğurlarına, arzularına əl atarlar. Sən də bağışlayarsan. Gecələri örtük kimi örtərsən üstünə sarsıntını. Nə zaman? Harda? Yanlış etdiyin üçün baş sındırarsan. Saatlarca dinlədiyin insanların, dərdinə yetdiyin insanların hardan güc alıb qarabasan kimi üstünə gəldiyinə çaşıb qalarsan. Üzlərin buz kimi soyuq olduğunu bilmirdin indi bilərsən. İnsanlar arasında gözəgörünməz divarların, çəpərlərin, yalanların, xəyanətin kərpic kimi hörüklərinin arxasında qalarsan. Səni daşlayırlar, səni gizlədirlər, səni sevməzliyə rəngləyirlər. Sənin üçün sənin niyyətlərinə qərar verirlər. 

Bir kimsə sənin yerinə özünü qoymaz. Axı sənə kim demişdi ki, mərhəmətli olub özgələri üçün yaşa.
Sən öz ruhunun əsirisən insan!!!...

Əslində necə doğulmusansa o cür də qalacaqsan.

Çalış pisliklərin cavabını ödəmə. Ödəsən də yaxşılıqla ödə. Çünki ən gözəl silah yaxşılıqdır. Gözəl niyyətdir. Allah sevgisinin işığında sevgini bu acizlərdən əsirgəmə. Heç nəyə baxmadan "sizi sevirəm” deməyi bacar. Bütün hallar sənin içində baş verir. Heç kim sənin gördüyünü görmür. Hamı öz həyat tərzini yaşayır. 

Hər kəs öz içini ətrafa yansıdır. Düzdür sən Allahlıq edə bilmirsən sənə əcaib baxan, pislik edənə can demək indiki zamanda hünər istəyir. Hünərli ol axı sənin adın insandır. Hər bu adı daşıyana məxsus deyil o olmaq. O ol. Seçilmiş, sevilənlərdən ol. Allahını unutmayanlardan ol .Bir düşün sənə zülm etmək istəyənlərə necə çətindir. Onlar da yuxusuzdur. Sarsntıdan yox, nəyə sevindiklərini biməməzlikdən, onlara da soyuqdur pisliklərdən yox sevgisizlikdən, onlar da acizdir köməksizlikdən. Onlar da acizdir…Allahın aciz bəndəsi. O cüssəli əjdaha kimi görünən insan adının altında ömrü bir anlıq olan zəif məxluq yatır. Sən onu tanı. Onun ruhunu əzizlə.

Bu yazını oxuduğunda dünyada bir düşmən belə qalmayacaq. Səni sevməyən kimsə qalmayacaq. Hər tərəf sənin etdiyin yaxşılıqların işığına bürünəcək. Sənin işığın, nurun, sevgin hamının üzünə düşəcək. Səni itələyənlərə qucaq aç. Ürəyinlə yaşa... Bir gün hər şey bitəndə insanın yaxşılıqları nur seli olub yola dönür bunu unutmayın. O yolunuzun daha çox işığını qazanın. Qalan hər şey bəhanə, bir neçə andan ibarət...

İki cür insan var...Biri digərinin qarşısında həmişə günahkardır. Biri digərinə həmişə deyir: "Mən səndən üzr istəyirəm. Səni qoruya bilmədim. Səni ən təhlükəli adamla tək qoydum özünlə. Bağışla”...
 
 

 
Aysel Fikrət 
qadinkimi.com