SƏNƏT
Sosial qoçuluq Tarix : 06 Avqust 2019, 14:43
Yazar : Vüsal Rəhim

İki il əvvəl bir xəbər oxudum. Xəbər 16 yaşlı tanımadığım bir qızın faciəsi haqqında  idi. Atası Rusiyada bir qadınla tanış olur, birlikdə yaşayırlar. Qadın hamilə qalır və kişi onu tərk edir. Qadının övladı dünyaya gəlir - qızı. Ana uzun illərdən sonra xəstəliyə tutulur və ölür.  Gənc qız atasını axtarıb tapır. Onun yanına Azərbaycana gəlir. Ata bu qızı tezliklə nişanlayıb ərə verir. Toy gecəsi qızın bakirə olmadığı məlum olur. Qız başqa mentalitetdə  böyüdüyü üçün bunu gizlətməyi ağlına gətirmir.  Bəy qızı  toy gecəsi öldürür.  Mənə çox təsir etdi bu hadisə. Fikirləşdim ki, o qız bəlkə də öz ölkəsində  xoşbəxt bir qadın ola bilərdi. Hər halda bu şəkildə ölməzdi. Tanımadığım bu qızın faciəsini sərgiləməyi qərara  aldım.  Oxşar faciələr haqqında sonralar da dəfələrlə xəbərlər oxudum.  Daha  çox material və statistik  rəqəmlər əldə etdim. Araşdırmamın nəticəsidəki rəqəm dəhşətli idi. Qanunvericilikdə 18 yaşına çatmayan şəxslərin zorla evləndirilməsi və ya ərə verilməsi qadağan olunsa da, hər il Azərbaycanda 15-17 yaşlarında qızlar orta hesabla 3500 uşaq dünyaya gətirirlər. Bu kimi problemlərin səbəbləri və nəticələri haqqında çox yazmaq olar. İxtisaslı mütəxəssis olmadığımdan bunları qeyd  etmirəm. Bu mövzu ilə bağlı bir rəssam kimi addım atamağa çalışdım. İki il "Nurcan” adlı  layihəmi bir neçə dəfə gerçəkləşdirməyə  cəhd etdim. Nəhayət bu il Yanvarın  25- i və Fevralın  1-i  layihəm  "Yarat Müasir İncəsənət Mərkəzi”nin nəzdində olan "Artım Layihə Məkanı”nda baş tutdu. Layihə  üçün ayrıca şairə Aynur Cavid tərəfindən şeirlər yazıldı. Aynur xanımla 2014 - cü ildə Saatlı  rayonunda "Bacarart” layihəsində tanış olmuşduq. Onun qızı  bu layihəyə adını verən və layihədə gəlin  rolunu icra edən Nurcandı.  


 


Aynur  xanım və qızı Nurcan böyük mədəni cəsarət nümayiş etdirdilər. Onlarsız  layihəni reallaşdırmaq  çox çətin olardı. Layihə 3  mərhələdən ibarətdi. İlk mərhələ  hazırlıq  idi - sosial mediada  yaxın zamanda evlənəcəyimlə  bağlı məlumat  paylaşdım.  Bununla insanları  real toyumun olacağına inandırdım. Nəticə olaraq  yüzlərlə təbrik gəldi.  2 - ci mərhələ  layihənin  əsasını  əhatə edirdi. Sərginin açılış günü performans sərgilənəcəkdi. Performansın  məğzi Azərbaycan  toy adətlərinin ən duyğulu və önəmli sayılan qızın öz evlərindən toy məclisinə aparılması idi. Performans  çərçivəsində sərgiyə gələn qonaqların  gözü önündə bir anlıq sərgi salonu dönüb  qız evinin əksi oldu. Salonun divarlarında şairə  Aynur  Cavidin 10-na yaxın şeiri, dekorasiya, rekvizitlər, inventarlar  da önəmli rol oynadı.  Sərgidə videoçəkiliş aparıldı.  Gələn qonaqlar  özləri də bilmədən  bir sənət əsərinə çevrilirdilər. Performansdan sonra  isə  foto-artın  çəkimləri baş  tutdu. Fotolarda oğlan evindəki gərdək otağı, gəlinin gözlərindəki  qorxu  əks olunurdu.  3-cü mərhələ isə, sərgidən sonra  salona fotoları və videonu  yerləşdirməklə yanaşı, materialları  media üçün  hazırlamaq idi.

Mediada "BAKIDA GƏLİN TOYUNA QARA PALTAR GEYİNDİ" kimi başlıqlar getdi. Sosial media izləyiciləri  arasında  çaşqınlıq gördüm. Bir hissəsi  məqalələri oxuyub   sərgini bəyəndiyini deyirdi. Təbii ki, bəyənməyənlər də vardı.  Amma gözlənilən  kimi  xəbəri oxumadan  tənqidlər, hətta təhqir yazanlar da oldu.  Onlar bunun real  toy olduğuna inandılar.  Düzü, bu da araşdırılması  gərəkən  mövzulardan biridir.  İnsanlar xəbəri oxumadan gündəlik həyatda yığdıqları neqativ enerjini  tanıdı - tanımadı başqalarına nifrət qusaraq sakitləşirlər.  

"Nurcan" layihəsi bir rəssam, sənət  adamı olaraq  bu kimi gender və sosial problemlərə  münasibətimdi. İnsanlar onu izləyib bəyənə və bəyənməyə bilər. İndiki mesajım isə budu: Hər hansısa problemə diqqət çəkmək istəyən adamları "daşlamaq” yerinə hər kəs cəmiyyətdə bir işin qulpundan yapışsa faydalı olar. 

 

 

 


 

Qadinkimi.com