SƏNƏT
Səssiz kinonun səsli qadınları Tarix : 24 Mart 2020, 19:24
Yazar : Qadinkimi.com

Kino tarixində qadın rejissorlardan bəhs etmək istəsək, sözsüz ki, "dünyanın ilk qadın film rejissoru” sayılan Alis Gay Blaçenin adını çəkmək lazımdı. Alis Fransada anadan olub. 17 yaşında atasını itirən qızcığaz işləyib özünə, anasına və bacılarına baxmaq məcburiyyətində qalır. Bir neçə şirkətdə yazı maşınında çapçı Alis "Qamont Film Şirkəti”də xadimə işləməyə başlayır. Beləliklə də, əsrarəngiz kino dünyasına daxil olur. Kino tarixində əhəmiyyətli iz qoyması təkcə onun ilk qadın kinorejissor olması ilə əlaqədar deyil, o həm də film sahəsinə bədii hekayəni gətirən ilk kinomatoqraf olub. Fransada yeni doğulan "Kino sənəti” insanları şən səhnələrlə əyləndirən dövrdə bu xanım  "tarixin ilk qısa bədii filmi” kimi qəbul edilən "Kələmlərin dastanı (1896)” adlı bir film çəkir. Alis Fransa və sonralar Amerikda yeddi yüzdən çox ekran əsərini yaradıb. 


Alice Guy - Blace

"Kələmlərin dastanı" filmi  

 


Amerikalı Lois Veberin ilk təhsili musiqi olub. O, 1903-cü ildə ABŞ-ın müxtəlif şəhərlərində tanınmış arfa ifaçısı Apt Tomas ilə birlikdə konsert pianisti kimi bir illik tur təşkil edib. Konsertlərdən yorulan Lois əmisinin təklifi ilə Los Ancelesə köçərək teatrda işləməyə başlayıb. 1908-ci ildə ərindən ayrılıb ssenarist kimi fəaliyyət göstərib. Veber Lois Alis ilə tanış olandan sonra onun təsiri ilə "Səssiz kino” dünyasına addım atıb və çoxlu nailiyyətlər əldə edib. O, "kino tarixinin ən önəmli və əzmkar qadını” hesab edilir. Kino tarixşünası Antoni Slayd iddia edir ki: "Veber və David Vark Qriffit  Amerika kinosunda prodakşn və film aspektlərindən istifadə edərək öz  ideyalarını və fəlsəfəsini cəmiyyətə təqdim edən ilk müəlliflərdir”. "Hipokratlar (1915)”, "Ləkə (1921)” və "İntriqa (1913)” kimi dramlar onun önəmli əsərlərindən sayılır. Veber, 1916-cı ildə "Venezia Taciri” adlı filmi çəkməklə "Bir tammetrajlı filmi lentə alan ilk qadın”, 1917-ci ildə öz studiyasını təsis edərək "Film studiyasına sahib olan ilk qadın”, 1920-ci ildə "Film biznesi tarixinin ən gəlirli ilk qadın prodüseri”, 1915-də isə "Kamera qarşısında tam çılpaq çıxış edən ilk qadın” kimiadını tarixə yazıb. Rejissorluqla yanaşı filmlərinin montajını və aktyorluğunu edən Lois Veber əsərlərində ən çox sosial problemlərə toxunub. Misal olaraq "Mənim uşaqlarım hardadır? (1916)” filmində "doğum” və "abort”, "İnsanlar Con Doe-yə qarşı (1916)” filmində "ölüm hökmü” kimi mübahisəli məsələlərdən bəhs edib. Buna görə də Hollivudun senzurasının diqqəti altında olan ilk rejissorlardan biri olub. O, əri Phillips Smalley ilə əməkdaşlıq edərək 1913-də filmi səslə təcrübə edən ilk kinorejissorlardandı. Veber eyni zamanda Mari Maklaren, Mildred Harris, Billi Dove, Ella Holl, Cleo Ridgely kimi ulduzları kino aləminə təqdim edib. 


Lois Veber  "Mənim uşaqlarım haradadır?" filmi


Kino Lumier qardaşları tərəfindən Fransada yaransa da onun aparıcılığı qısa zamanda Amerika rejissorlarının əlinə keçib. 1910-cu illər ərəfəsində gənclər film studiyalarında çəklişə başlayıblar. Çarli Çaplin həmin gənclərdən biri idi. O, Mak Sennet-in "Keystone” adlı film studiyasında çəkiliş aparırdı. Çaplin özü çəkdiyi qısa filmlərdə "Tramp” adlı obrazı, qadın obrazını isə Mabel Normand adlı gənc qız canlandırırdı. Çaplin başlanğıcda cəmiyyətin diqqətini cəlb etməkdə çətinlik çəkir və bu Senneti məyus edir. Ancaq Mabel Çaplinin istedadına inanır və Senneti  inandıraraq Çaplinə daha bir şans verməsinə nail olur.  Mabel bəzən ssenaridə, bəzən də rejissorluqda Çaplin və Sennet ilə iş birliyi edir. Bu əməkdaşlıq 1920-ci illərin əvvəlində Mabelin öz film studiyası və şirkətini yaratması ilə nəticələnir. Beləcə, Mabelin adı film tarixinin ilk qadın rejissorları siyahısına yazılır.  Onun uğurları təkcə rejissorluqla bitmir. O həm də David Vark Qriffis, Mak Sennet, Leo McCarey kimi dahi rejissorların filmlərində əsas rolların ifaçıcı olub.  Onun  adını "Tarixin ilk film ulduzu” kimi də çəkmək vacibdir.

 


Mabel Normand və Çarli Çaplin 

 

Mabel iş prosesində

 



Hazırladı: Araz Pourvatan

 

qadinkimi.com