QADIN / KİŞİ
Şərqdə qadın olmaq Tarix : 15 İyun 2020, 20:32

Şərqdə qadın  olmaq Qərbdə insan olmaq qədər çətindir.

Amma ən çətini isə qadın olaraq haqsızlıq qarşısında haqqını müdafiə edə bilməmək, əzilməkdir. İnsanlığın sağalmayan yarası – Qadın!

Əsrlərdir bu şəkildə "qanayır” bu yara. Janna dArk nə üçün yandırılaraq öldürüldü? Tarixin axarını dəyişən bu möcüzə qadın, qadın olaraq ölkəsi və bütün dünya insanları üçün etdiklərindən sonra yandırılaraq öldürülməyəmi layiq görüldü? Yoxsa sadəcə dünyanın ədalətsizliyininmi qurbanı oldu? İçinizdən "hə” dediyinizi eşidirəm. Çünki siz də bu dünyanın ədalət qavramının acizliyini yaxşı bilirsiniz. Tarixin ən ağrılı və acılı ölümlərindən birinə məruz qalan Hipatia, qadının həm toplumdakı, həm də bilim sahəsindəki yerinin hələ də müzakirə edildiyi günümüzdən 1600 il əvvəl sahib olduğu bilgiləri və düşüncələri cəsurca şagirdlərinə öyrətməyə, təbiəti məntiq, riyaziyyat və təcrübə ilə izah edərək dövrünə işıq tutmağa çalışmışdır. Lakin o zamanın yepiskopu Cyril, Hipatianın insanları elm öyrətməsinə, ayıltmasına qarşı çıxmış, onun əleyhinə təbliğatlar apararaq insanları ona qarşı qaldırmışdır.

 

"Qadın səssizliyi və itaəti öyrənməlidir. Nə qadının dərs keçməyinə, nə də kişilər üzərində söz sahibi olmağına icazə verəcəyəm. Susqun və səssiz qalacaqdır qadın. Çünki öncə Adəm, sonra Həvva yaranmışdır” deyərək Hipatianın ölüm əmrini vermişdi. Qısa bir müddətdə Hipatia bir qrup insanlar tərəfindən küçələrdə sürünmüş, daşlanaraq acımasızca öldürülmüş, cansız bədəni yandırılmışdı... Əsrlər keçsə də, bu gün bu kimi hadisələr yenə də yaşanır. Sadəcə suyun "məcrası” dəyişib dövrlə əlaqədar olaraq.

Bu gün qadının necə əzilməsini, taciz və təcavüzlərə məruz qalmasını ölkənin xəbər saytlarında və televiziyalarında görmək mümkündür. Möcüzəvi və bir növ tragedik təcavüz üsulu da onlayn qəzet sayılan saytlardakı iş elanlarının altından çıxır. Daha doğrusu, o elanı paylaşan adam və ya bir qrup adamlar vasitəsilə həyata keçirilir. İş elanındakı kriteriyalara uyğun olduğunu düşünən qadınlar zəng edərək qarşı tərəfin görüşünü qəbul edir təbii olaraq. Və görüşmə anında qaçırılmalar, meşəyə götürüb qadınlara təcavüz edilməsi kimi iyrəncliklər baş verir. Bəziləri qrup halında "çalışır”.

Türkiyənin bir şəhərində iş elanı ilə təcavüzə uğrayan qadının şikayəti üzərinə aparılan polis araşdırmasında bu işi edənlərin bir qrup olduğu ortaya çıxmışdı. Başqa bir kəsim də tacizlə məşğuldu və bunu "peşə” halına gətiriblər. Müdirlər daha çox iş elanı ilə ofisə dəvət edilən qadınların özəl durumu ilə maraqlanır. Geyiminə, vizual görünüşünə önəm verən bu şəxsiyyətsizlər iyrənc təkliflər edir. Və bu təkliflərdən sonra yüksək maaş vəd edilir.

Ən güclü iş qadınları, çalışaraq öz həyatını quran, ayaqları üzərində durmağı özünə hədəf seçən qadınlardır. Gəl gör ki, hələ də işdən çıxarılsa, təzminat ala bilməyən, qadın olduğu üçün haqqı yerlərdə qalan qadınlar bu məmləkətdə qadın olmağın çətinliyini yaşayır.

İşci cinsinə görə deyil, çalışma gücünə, əzminə görə seçilməlidir. Haqsızlığa məruz qalan bütün dünya qadınları adına dünya insanından ədalət istəyirəm!

 

Ədalət gözləyirəm! Qadın haqları dayanışma mərkəzləri deyil, insan haqları mərkəzi qurulsun istəyirəm!

Haqqı və şəxsiyyəti əzilən qadın varsa, deməli, dövlətin ədalət anlayışı sıfırdır. Unutmayın ki, qadınların gülümsəmədiyi bir məmləkətdə kişilərin cəsarətindən danışmaq əbəsdir. Gerisini siz düşünün…

 

Aysel Ateş Abdullazadə

Türkiyə, Antalya

 

qadinkimi.com