YAZI / DÜŞÜNCƏ
Sakitliyimizi necə qoruyaq... Tarix : 19 Yanvar 2021, 10:09

Ünsiyyətdə yaşadığımız problemlər


 

Sevdiyimiz adam bizi dinləmir. Dostlarla anlaşa bilmirik. Ailə üzvlərimiz bizi başa düşmür. Nə etməli?

Bəzən asta deyilməsi mümkün olan sözləri ucadan, bağıraraq deyirik. Əsəblərimizi cilovlaya bilmirik. Nəticədə qarşımızdakı adamla problem yaşayırıq, dalaşırıq və gərginləşirik. Sonra uzun zaman özümüzə gələ bilmirik. Bunun qazancı nədi?

Daha sürətlə qocalırıq, xəstəlik tapırıq, gözlərimizdəki işığın yerini sönüklük tutur.

Asta deyilə bilən sözdən danışdıq. Bəli, bütün sözlər əslində asta da deyilə bilər. 


Eyni sözü bağırmadan da demək mümkündü. Bu zaman ən azı dava görüntüsü yaranmır. Daha dəqiq desək, dava mühiti yaranmır. İnsanı ən çox əldən salan şeylərdən biri davadı. Dava nizamınızı pozur, neqativlik ötürür. Ona görə də davadan sonra insan özünü pis hiss edir. Əlbəttə, bəzən bağırmaq içindəki enerjini çölə atır və yüngüllük hiss edirsən. Amma bu həmişə baş vermir. Bağırmaq üçün dəniz kənarını seçə bilərsiz. Meşədə, kimsəsiz yerdə bağırıb içinizdə yığılan ağırlığı ata bilərsiz. Amma insanlarla münasibətdə həmişə əsəbi olmaq normal hal deyil. 


Yola getmədiyiniz adamla danışıqda asta tonu seçin. Konfliktdən qaçmağa çalışın. Çünki bütün hallarda dava ilə münasibətləri düzəltmək mümkün deyil. İnsan dəyişmirsə, özünüz dəyişməyə çalışın. Hər dediyinə əvvəlki kimi reaksiya verməyin. Sizi sancmağa çalışan adamlarla ünsiyyətə girməyin. Kim olur olsun, ən əziz adamınız belə, sizə neqativ ötürə bilər, bunu bilin. Beləliklə, bizi davamlı əsəbləşdirən şəxslə davranışımızı sistemləşdirək: 

İlk addım onunla təmkinlə danışmaqdı. Özünüzü təmkinlə, doğru sözlər seçərək ifadə etməyə çalışın. Sizi özünüzdən çıxaran hadisəyə, sözə, suala belə yumşaq qarşılıq verin. Hətta qarşınızdakı adam səhv edibsə, əsəbi reaksiyayla siz vəziyyəti daha da ağırlaşdırırsız. Məsələn, övladınız nəyisə düz etməyib, nəyisə sındırıb, dağıdıb və ya yanlış qərar verib. Adətən valideynlər buna kəskin reaksiya verirlər. Halbuki astaca onunla danışmaq və səhv etdiyini dostca, bağırmadan izah etmək də olar. Eyni davranışı həyat yoldaşı, valideyn, dost-tanışa da göstərmək olar. Çox vaxt bu cür davranış daha yaxşı nəticə verir. Münasibətlərdə gərginlik azalır və bəzən də sıradan çıxır. 


Növbəti addım susqunluqdu. Susmağı öyrənin. Sizi konfliktə çəkən adamın provokasiyasına uymayın. Nə deməsəndən, nə etməsindən asılı olmadan cavab verməməyə çalışın. Bəzən ən böyük cəza susqunluqdu. Həm də əvvəldən düşünün: Cavab vermək sizə nə qazandıracaq? 


Üçüncü addım ondan uzaqlaşmaqdı. Heç bir metod fayda vermədikdə uzaqlaşın. Daima sizə ağırlıq ötürən insanla sıx ünsiyyət saxlamaq kimi bir öhdəliyiniz yoxdu. Gümrah, sağlam və xoşbəxt bir ruha sahib olmaq haqqınızdı. Sizi bu vəziyyətdən çıxaran istənilən şəxsi yaxına buraxmamaq seçiminiz var. Uzaqdan hətta fayda verə, kömək edə bilərsiz. Amma onunla gündəlik ünsiyyətdən qaçın. Sizi əsəbləşdirən şəxs ötürdüyü neqativlə uğurlarınızın qarşısını alır, sağlığınıza ziyan vurur və daxili harmoniyanızı pozur. Sizə bu lazımdı? 


 

İndi isə bu suala cavab verməyə çalışın. Həyatınızda sizi əsəbləşdirən və ya sizə neqativ ötürən insan varmı? Kimdir və onunla münasibətləri düzəltmək üçün hansı addımlar atmısız? 

 

qadinkimi.com