UŞAQ / BÖYÜK
Saida Murad - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 22 Mart 2020, 20:24
Yazar : Qadinkimi.com
Salam...  

Mənim qızım yoxdu qalib olmaq niyyətində də deyiləm. Əksinə uşaq böyütməyəcək qədər yaşca balaca, məsuliyyət ala bilməyəcək qədər gücsüzəm. Bəlkə də bu yazını özüm üçün yazıram. Axı insan başqasına dediklərini özünə başa salmağı çətin olur. Məndə onun üçün çalışıram. Özüm üçün etmək istədiklərimi, yaşamaq istədiklərimi, oxuduqlarımı və həyatımı yazım.
 
Əziz ekranın digər tərəfində olan oxuyucu, yazdıqlarım səni yora və sıxa bilər. İstər oxuyar istər oxumazsan ama anonim birinə bunu yazmaq mənə yaxşı hiss etdirəcək bundan əminəm. Başa düşülməyən dünyada yaşamaq çətindi. Hələ ki səs salıb fırtınalar yaratmaq istəyirsənsə. Gəl çox yormadan bütün qızlara səslənim axı dünya bizimdi :).

Əgər bir gün qızım olsaydı, ilk öncə onun çox sevilməsi və xoşbəxt olması üçün əlimdən gələni edərdim. Xoşbəxt qadınlar dünyaya , ətrafa və insanlığa gözəllik qatır. Görürəm, metroda və avtobusda əsəbi xalalardı gənclərə sataşan, qazana bilmədikləri uğuru orda qazanmağa çalışan. Əgər bir qadın xoşbəxtdirsə o azaddır! Onun nə yoldaşından nə də ətrafından qorxmasına ehtiyacı yoxdur. Nə olur olsun xoşbəxt qalın xanımlar! 

- Nə dinə nə başqalarının yaratdıqları inanclara ehtiyacın yoxdu! Özün üçün dəyərlər yarat ! İcazə ver onlar sənin inancına çevrilsin. Səni xoşbəxt edən , başqalarını incitməyən doğruların olsun və onlardan heç bir zaman əl çəkmə. Çünki onlar sən olacaq. Sən də çevrilib onlar olacaqsan. 

- Həyatın boyu haqsızlıqlar görüb, yaşayacaqsan amma doğrularına zərər verməsinə icazə vermə. Onlar səni dəyişməyə çalışacaq lakin hiss etdiklərin üçün yaşa və xoşbəxt ol. Beynin və duyğularını eyni yola qoya bilsən həyatda öz yolunu tapacaqsan. Bu asan deyil amma edə biləcəyindən şüphən olmasın. Özünə inan! Bacara biləcəklərin düşündüyündən də çoxdur.Bunu sənə mən deyirəm çünki mən də elə edirəm. 

- Heç kimin sənin bədəninə fikir bildirməsinə icazə vermə. O sənindi! bütün hüceyrələr ilə. İstər kök ol, istər arıq ya da istər saçını kəsdir. Nə istəyirsən et amma xoşbəxt ol və heç bir zaman unutma ki, sən həyatını hüceyrələrinin hər zərrəsinə borclusan. Onlara ziyan gəlməsinə icazə vermə. Bu həyatı sağlam yaşa. Inan mənə hər zövqün, gözəlliyin və ləzzətin ağır bədəli olur. Bunu sağlamlığınla ödəmə.

- Xəyalların olsun hər zaman. Gecə yatanda , yeriyəndə , zaman tapdığın hər bir anda gözəl xəyallar qur. Səni həyata bağlayan , hər gün biraz daha böyütdüyün, gözəlləşdirdiyin. Qurduğun xəyalların üçün əzmin olsun. Onları bacarmaq üçün çalış. Çox insan sənə edə bilməzsən deyəcək bəlkə haqlı olacaqlar bəlkə haqsız amma sən xəyalların üçün çalışmaqdan əl çəkmə. Bəlkə də xəyalın üçün yola çıxdığın zaman başqa gözəl xəyalların çiçəklənəcək. Sən istədikcə həyat sənə verəcək. 

- Hər kəsi xoşbəxt etməyə və razı salmağa çalışma. İnan mənə hər bir insanın istəyi fərqlidi . Sən əlindən gələni etdikcə onlar artığını etməyini istəyəcəklər. Hər kəs özünü düşünür. Sən də düşün amma insanları incitmədən. İnsanların həyatından çıxdığın zaman belə gözəl xatirə olaraq qal. İcazə ver səni gülümsəyərək xatırlasınlar. Hər zaman yaxşı ola bilməzsən amma öz doğruların olduqca yastığa başını rahat qoyacaqsan.

- Başqalarının səni xoşbəxt etməsini gözləmə. Özün xoşbəxt ol. Özünlə zaman keçir . Bədənini, istəklərini və istəmədiklərini öyrən. O zaman həyatı da öyrənmiş olacaqsan və heç kimə ehtiyac duymayacaqsan. Xoşbəxtliyi axtarma bunu özün yarat. O kimdə və ya nədəsə deyil.Xoşbəxtlik elə sənin özünsən.
 

- Həyatda səni tamamlayan insanları tap . Düşüncələrini paylaşa bildiyin , demək istədiyin hər bir kəlimədə duraxsamadığın insanlar daxil et həyatına. Sənə dəyər qatan , günügündən mükəmməlləşdirən insanlar yığ ətrafına.

Ən son olaraq isə demək istəyirəm ki , Həyat hər zaman öz yolunu tapır. Azad, xoşbəxt və güclü qadın ol! Dünyanın sənə və gülüşlərinə ehtiyacı var!
 

Xoşbəxt qal və ən son anında belə xoşbəxt öl!
 
 


Saida Murad
qadinkimi.com