YAZI / DÜŞÜNCƏ
RUHUNU ŞEYTANA SATMIŞ KİŞİ RƏSMLƏRİ Tarix : 16 Yanvar 2020, 13:54
Yazar : Qadinkimi.com

Kişilər evlərinizə tələsin!

 


Otağı zərif qadın ətri, dadlı xörək qoxusu bürümüşdü. Bu qarışıq qoxunun fonunda hər şey səliqə və zövqlə öz yerini almışdı. Xəyallarından belə... Qapı açılacaq, o, yorğun halda içəri girəcək. Uşaq kimi yüyürəcək onun qarşısına,əlindəki çantanı almaq üçün əlləri aşağı dartınırkən dodaqları onun yanaqlarına çatsın deyə dabanları yuxarı qalxacaq. Dərindən nəfəs alıb:


- Nə gözəl qoxudur, - deyəcək o. – Acıb, xörəyin qoxusunu deyir - düşünəcək. Onun çantasını səliqəylə yerə qoyub "qəddarcasına" "əl üzünü yu!" deyəcək. Kişi ərköyünləşsə də, onu itələyə-itələyə əl-üz yuyanın yanına aparacaq. Kişi yuyunub geri çevriləndə "qəddar"simada şirin bir təbəssüm, onu itələyən əllərdə təptəzə dəsmal görəcək. Qadın dəsmalı onun üzünə sərib siləcək, o da yaş əlləriylə qadını qucaqlayacaq.


- Əlini üstümə silmə, ləj düşərik, gündə dava edərik. –deyəcək.

Əllərini də silir kişinin barmaqlarını şaqqıldada - şaqqıldada:


- Yorğunluğun çıxar, - deyir. Yemək otağına keçirlər. Hər şey gözəldir... Hər şey onun zövqüncədir.  Qadının xoşbəxtlik aşıb-daşan gözlərinə baxa-baxa yeməyini acgözlüklə yeyir.


- Bu nə ətirdir?


- Doydun?


Bilir ki, onun ətrini indi fərq edib:


- Sən aldığın...


- Gözəlmiş...


Saçların xeyir ola belə gözəlləşib?


- Sən alan şampun çox yaxşı çıxdı...


- Paltarın?..


Yorğun gələcəkdin, özüm götürdüm dərzidən... Xəyallar dəqiqələrə qanad taxırdı. Dəqiqlər uçuşub saatlara çevrilir, saatlar durna qatarı kimi səflənib gedir...Qapı acılmır, gələni gəlmir. Qara örpəkli fikirlər gəlir beyninə, adamı incidəcək qədər zəif səslər gəlir qulağına... Bayağı gülüş səsləri və tünd qadın ətri... Qədəh cingiltisi və insanın iştahını tora salan restoran təamlarının tilsimli qoxusu... Şirin xəyalların qırılmış qanadları, ümidlərin ətrafa səpələnmiş nəşləri... göz yaşları... Ruhunu şeytana satmış kişi rəsmləri... Və tənha ruhları dinclik vədiylə aldadan sosial şəbəkələrin şirnikləndirici çağırışları...


Kişilər!!! Evlərinizə tələsin ! Gələcəyin acısını duyubmuş kimi yuxusunda ağlayan körpələrinizin yanına !

 

 

 


Xatirə Rəhimbəyli

qadinkimi.com