SƏNƏT
Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi açılacaq Tarix : 23 Sentyabr 2019, 20:50
Yazar : Qadinkimi.com
Oktyabr ayının 4-də saat 19:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında rəssam Vüqar Əlinin "Rənglərin ritmi” adlı fərdi sərgisi keçiriləcək.
Sərgidə nümayiş olunacaq əsərlərin bir çoxu son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub. 

Müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.

Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan - Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və b., həmçinin caz musiqisinə həsr olunmuş kompozisiyaları təqdim olunmuşdu. 

Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə ekspozisiyanın "ürəyi” olan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.

Hazırki və əvvəlki sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məhşur musiqi janrına Azərbaycanın verdiyi töhfələri nümayiş etdirir. Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi işlərlə də uyğunluq təşkil edir. 

Qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələ əsərlərini də görmək mümkün olacaq. Sərgi oktyabrın 9-a dək davam edəcək.
 
 

Qadinkimi.com






Qadinkimi.com