KİŞİ KİMİ
Ramin Hacılı: "Qarabağ münaqişəsinin həlli ilə bağlı konsepsiya hazırlanmalıdır" - MÜSAHİBƏ Tarix : 05 İyun 2019, 15:59
Yazar : Qadinkimi.com
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının "Report"a müsahibəsi: 

- Ramin bəy, hazırda Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri hansı səviyyədədir?

- Avropa İttifaqı əməkdaşlığı üç istiqamətdə tənzimləyir: iqtisadi, siyasi və mədəni. İqtisadi cəhətdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri (enerji təhlükəsizliyi sahəsində) olduqca yaxşı qurulsa da, digər sahələrdə axsaqlıqlar qalır. Xüsusən də Azərbaycanın digər sahələrdə olan potensial məhsullarının Avropa bazarına çıxışı, avropalı investorların Azərbaycanda gördükləri işlər kifayət qədər azdır. Eyni zamanda indiki situasiyada iqtisadi əlaqələrdə hər hansı yüksək səviyyəli güzəştlərin tətbiqindən söhbət getmir. 

Siyasi əlaqələrə gəlincə, xüsusilə Avropanın önəm verdiyi insan haqları, demokratiya, ümumi azadlıqlar baxımından Azərbaycanda bir çox işlər görülməlidir. Azərbaycanın indekslərini hər sahədə qaldırmaq qarşıya qoyulan məqsəd olmalıdır. 

Mədəni sahədə əlaqələrə gəlincə, Azərbaycan müxtəlif müsiqi müsabiqələri həyata keçirir və bununla Avropaya kifayət qədər yaxınlaşır. Bu həm turistlərin artmasına, həm də əlaqələrin güclənməsinə gətirib çıxarır. Lakin bilet qiymətlərinin baha olması, həm də Avropadan Azərbaycana və Azərbaycandan Avropa ölkələrinə səfər edənlər üçün viza rejimindəki sərt tələblərin olması sıx gediş-gəlişin təmin olunmasına əngəl yaradır. Bu da mədəniyyətlərarası tanışlığa mane olur. Eyni zamanda Avropanın dəyər verdiyi tolerantlıq Azərbaycanda yüksək qiymətləndirilir. Azərbaycan bu sahədə hər zaman önə çıxan ölkələrdəndir. Dinlər və sivilizasiyalararası toqquşmanın olmaması Azərbaycana başucalığı gətirən və mədəni cəhətdən alıqşa səbəb olan məsələdir. Lakin homofobiya mövzusunda Azərbaycan zaman-zaman tənqid olunub. Düşünürəm ki, bu istiqamətdə də addımlar atılır. Amma cəmiyyətin bu sahədə təpkisi olur, düşünürlər ki, çox güzəştə getmək olmaz və s. Azərbaycan vətəndaşı da, ziyalısı da, dövləti də bunu bilməlidir ki, bu sahədə boşluqlar ciddi problemlərə gətirib çıxara bilər, Azərbaycan haqqında barbar təəssüratı, yaxud da insan haqlarını tapdalaya biləcək cəmiyyət və dövlət təsəvvürü formalaşdıra bilər. Ona görə bu məsələyə həssas yanaşmaq lazımdır. Azərbaycan bu istiqamətdə konkret dəyərlər formalaşdırmalı və Azərbaycan insanı məsələyə o prizmadan baxmalıdır. Bu mövzu insan haqları çərçivəsində və dünyanın gəlmiş olduğu prinsiplərə uyğun formada qapanmalıdır.

- Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişin tərəflər üçün əhəmiyyəti nədən ibarətdir?

- Hər iki tərəf sazişdə öz maraqlarının uzlaşdırılmasını istəyir. Normalda hər iki tərəfin mövqeyi əks olunan sənəd hazırlanmalı və imzalanmalıdır. Bu, Azərbaycana çox böyük faydalar gətirə biləcək saziş olacaq. Necə ki, Avropa ilə sıx əməkdaşlıqda olan və buna bənzər əməkdaşlıq müqavilələri imzalayan dövlətlər çox böyük uğurlar əldə edirlər. Azərbaycanın bu qazancdan məhrum olmasının səbəbi Rusiyanın bu məsələdə aqressiv və birmənalı mövqe tutmasıdır. Rusiya Avropa ilə sıx əməkdaşılğa gedən bu istiqamətli müqavilələri imzalayan dövlətlərə qarşı çox aqressiv və kəskin münasibət bəsləməyə başlayır. Ukrayna, Moldova və Gürcüstanda bu tendensiyanı müşahidə etmişik. Baxmayaraq ki, çox böyük qazanclar əldə edə biləcək, ancaq itirəcəklərini də nəzərə alaraq, Azərbaycan ehtiyatlı davranır. Bu məsələdə Avropa İttifaqından çox Azərbaycan qazana bilər. Amma dövlət götür-qoy edir ki, Rusiyanın vura biləcəyi ziyan daha çox ola bilər. Avropa da bunu başa düşdüyünə görə çox təzyiq göstərmir, nəzərə alır ki, indiki situasiyada Azərbaycana gələ biləcək basqılarla bağlı tədbirlər görə bilməyəcək.
 
 

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi üçün hansı addımları atmaq lazımdır?

- Təəssüf ki, 25 il ərzində cəmiyyət və dövlət olaraq problemin həlli üçün hər hansı konsepsiyamız yoxdur. Təklif edirik ki, Azərbaycan artıq özünün təkliflər paketini hazırlamalı, "Yol xəritəsi" hamıya - lobbilərimizə, vətəndaşlara, ictimai-siyasi xadimlərə, vətəndaş cəmiyyətinə izah olunmalıdır. Hamılıqla bunun ətrafında birləşib bütün dünyaya problemin həllini bu konsepsiya ətrafında gördüyümüzü deməliyik. Konsepsiyada reallıqlar nəzərə alınmalı, hazırlanmasına beynəlxalq konfliktoloqlar, dövlətin bu məsələ ilə məşğul olan şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilməlidir.

- "Evə qayıdırıq” şüarı ilə Şuşaya getməyi təklif edirsiniz, bu mümkündürmü?

- Hesab edirəm ki, bu məsələ istədiyimiz effekti verməsə, milyonları cəlb edə bilməsək belə, ən azından, cəmiyyətdə bir neçə məsələyə aydınlıq gətirmək baxımından yaxşı bir ideyadır. Amma bu istiqamətdə hərəkət etsək, yaxın gələcəkdə biz milyonları görəcəyik.

Niyə məhz indi? Niyə indiyədək olan situasiyalarda mən Qarabağla bağlı bu qədər narahat olmamışdım? Əvvəllər Ermənistanda Qarabağ klanı hakimiyyətdə idi. Bu klan daha çox Ermənistan ərazisindəki erməniləri razı salmağa üstünlük verirdi. Çünki düşünürdülər ki, ermənilər "qarabağlılar" saydıqları həmin Koçaryan, Sarqsyan rejiminə nifrət bəsləyir və onların dəstəyini alıb hakimiyyətlərini sürdürməlidirlər. Lakin Paşinyan hakimiyyəti əksinə, İrəvan ermənilərinin lideri kimi ortaya çıxıb və Qarabağ erməniləri ilə problemlər içindədir. O, Qarabağ ermənilərinin dəstəyini almaq üçün çox ciddi addımlar atır və ağır da olsa, bu şəkildə ifadə edəcəyəm ki, bu da bir çox sahələrdə irəliləyişlərə gətirib çıxarır: son illərdə Qarabağa olan tur-paketlər, Avropa və Amerikadan olan turistlərin Dağlıq Qarabağa səfərlərinin təşkil olunması, orada universitetlərin filiallarının açılması, o cümlədən ciddi iqtisadi yatırımlar və s. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan Qarabağ ermənilərini özündən narazı salmamaq üçün onların liderlərini həbs etdiyi anda sadə vətəndaşlara qayğı göstərərək deməyə çalışır ki, mən Qarabağ ermənilərinin dəstəkçisiyəm, dostuyam, onları himayə edirəm, amma liderlər bizim ümumi maraqlarımıza zidd addımlar atdıqları üçün cinayət işi açılır, tutulur və s. Artıq başlanan və geri dönüşü olmayan bu proses çox pis tendensiyalara gətirib çıxaracaq. Orada əhali artımından tutmuş, infrastrukturun ermənilərin xeyrinə dəyişməsi xaricilərin oranı Ermənistan ərazisi, yaxud qondarma respublika deyil, müstəqil respublika kimi tanımasına gətirib çıxaracaq bir prosesdir. Eyni zamanda Ermənistanın yeni hakimiyyəti özünü dünyaya demokratik imiclə tanıtmağa çalışır. Bu da onların dünyadan daha çox dəstək almasına gətirib çıxaran faktorlardan biridir. Bu proses Azərbaycanın Dağlıq Qarabağı tamamilə itirməsi ilə nəticələnə bilər. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı çox narahatam.



- Ümumiyyətlə, cəmiyyət bu təklifinizə necə reaksiya verir?

- "Hamı getsə, mən də gedərəm", "cəmiyyətdə daha ciddi məsələlər var, hamımızın maliyyə problemləri var, ona görə gedə bilmərik", "gedənləri tutub həbsə atacaqlar", "kimdir bizi ora buraxan, birdən orada atəş açdılar" kimi reaksiyalar da verirlər. Hesab edirəm ki, insanlara nə baş verdiyini izah etmək gözlədiyimdən çətin oldu. Azərbaycan vətəndaşları artıq biganəliyin son nöqtəsinə qədər irəliləyiblər. Bütün məsələlərdə olduğu kimi Dağlıq Qarabağ məsələsinə də olduqca biganə yanaşılır. Düşünürlər ki, bu məsələdə onlar heç kimdir.

- Müharibə çağırışlarına münasibətiniz necədir?

- Artıq heç kimi müharibə çağırışına görə qınamaq mümkün deyil. Çünki illərdir sülh istiqamətində aparılan danışıqlar nəticə vermir. İnsanlar haqlı olaraq müharibədən danışmağa başlayır. Bu çağırışlar edilsə belə, reallıq, xüsusilə də Rusiyanın məsələ ilə bağlı mövqeyi birmənalıdır. Dağlıq Qarabağ münaqişəsi həll edilsə, Rusiya Qafqazı itirməsi ilə asanlıqla barışmayacaq. Ona görə də müharibə olacağı təqdirdə, Azərbaycan çox irəliləyərsə, Rusiyanın müdaxilə edəcəyi birmənalıdır. Rusiya həmçinin Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatını (KTMT) əsas götürərək Çin, Qazaxıstan, Belarusu da qoşmaqla Ermənistanın ciddi şəkildə müdafiəsinə qalxa bilər. Ona görə də Dağlıq Qarabağı müharibə yolu ilə azad etmək asan deyil və bu halda Rusiyanı gözə almaq lazımdır.

- Beynəlxalq təşkilatların Qarabağ məsələsində mövqeyini necə qiymətləndirirsiniz?

- Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret addım atacaq gücdə deyil. Çünki bu münaqişə ilə bağlı qərar verəcək tərəflər, dövlətlər hazırda ciddi qərar verməkdən çəkinirlər. Düşünürəm ki, bunun səbəbi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baş verə biləcək kataklizmlərdə hər hansı bir düzənin yaranmasına uyğun bir konsepsiyanın olmamasıdır.

Baxmayaraq ki, vaxtilə Kiuest danışıqları olub, mərhələli həll planı müzakirə edilib. Amma ümumi "Yol xəritəsi” yoxdur. Dediyim kimi, Qarabağla bağlı bir neçə plan olub, amma uzlaşma, yəni vahid razılaşma - Ermənistan, Azərbaycan, ATƏT-in Minsk Qrupu və ona bağlı olan ölkələrin ümumi razılaşdığı "Yol xəritəsi" olmayıb. Ona görə də status-kvo donmuş vəziyyətdə olduğu kimi, hər kəs də pat vəziyyətindədir. Ortada məsələnin həlli üçün sənəd layihəsi yoxdur ki, o istiqamətdə addımlaya bilsinlər.
 
 
 
 
 
Mənbə: report.az

qadinkimi.com/az