QADIN / KİŞİ
"Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə” layihəsi ilə bağlı gender ekspertləri ilə müsahibə Tarix : 20 Avqust 2018, 16:53
Yazar : Qadinkimi.com
Azərbaycan Avropa Hərəkatının Avropa Komissiyasının Maliyyə Dəstəyi ilə həyata keçirdiyi "Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizədə ana və qız uşaqlarının hekayələrinin paylaşılması” layihəsi çərçivəsində görülən işlər və əldə olunan nəticələr haqda layihənin gender ekspertləri Pərvanə Məmmədova, Rövşən Bağırov və Rauf Məmmədovla müsahibə.

- Söhbətə elə layihə çərçivəsində hazırlanan əsər haqqında başlayaq. Bildiyimizə görə bu kitabı Rauf bəy yazır. Kitab nədən bəhs edir və cəmiyyətə, oxucuya hansı mesajı ötürür?

 
Rauf Məmmədov:

- Azərbaycanda və digər Cənubi Qafqaz ölkələrində, həmçinin, digər dünya ölkələrində XX əsrin 80-ci illərindən başlayaraq selektiv abortlar sürətlə artıb. Çünki həmin dövrdə artıq USM (ultrasəs müayinəsi) bu bölgədə tətbiq olunmağa başlayıb. Bu baxımdan, USM-in meydana çıxması əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-118) qalxmasına səbəb olub. Bu tendensiya Azərbaycanda artmaqdadır. Artıq beynəlxalq təşkilatların gender bərabərliyi ilə bağlı hesabatlarında Azərbaycanın adı selektiv abortların geniş yayıldığı ölkələrin arasında çəkilir. Bu, ilk növbədə dünyada sivil bir ölkə kimi tanınan Azərbaycanın adına yaraşmayan haldır.Digər tərəfdən, Azərbaycan xalqının 95%-dən çoxu müsəlmandır. İslam dinində selektiv abort böyük günahlardan biridir. Bu kimi halların geniş yayılması göstərir ki, ölkədə din maarifçiliyi aşağı səviyyədədir. Buna görə də biz İslam dininin selektiv abortlara münasibətini də araşdıraraq əsərdə təqdim etmişik. Selektiv abortların qadınlar üçün, fiziki, psixoloji, sosial təhlükələri mövcuddur. Qadınlar buna getməklə özlərini hərtərəfli risk altında qoyurlar. Cəmiyyəti bu təhlükələrdən xilas etmək üçün ciddi hüquqi müdaxiləyə və maaarifləndirməyə ehtiyac var. İnsanların əksəriyyəti gələcəyi və riskləri düşünmədən, daha doğrusu, anlamadan bu üsula əl atırlar. Kitabın əsas məqsədi qadınlara və onların ərlərinə bu təhlükə və riskləri anlatmaqdır. Selektiv abortlar nəsilvermə əmsalının aşağı enməsinə və demoqrafik balansın pozulmasına da şərait yaradır. Kitabda bütün bu məsələlər araşdırılıb və çıxış yolları göstərilib.


- Pərvanə xanım, bildiyimiz kimi siz və Rövşən bəy bölgələrdə selektiv abort – qız uşaqlarına qarşı ayrı-seçkiliklə mübarizə mövzusunda seminarlar keçirmisiz. Seminarlar zamanı sizi ən çox nə narahat edirdi?

 
Pərvanə Məmmədova:

- Seminarda həm gənc, həm də yaşlı nəsil iştirak edirdi – qadınların çarəsizliyi, bu məsələnin "həmişə belə olub və belə də davam edəcək” deməyi çox narahat edicifaktordur. Cavan nəsildən olan çox az xanımda dəyişiklik gördük. Özlərinə güvənləri azdır. Çox çarəsiz görünürlər.İkinci problem, kişi və qadının bu mövzunu birgə müzakirə edə bilməməsi idi. "Abort” sözünün tabu olması da problemdi. Bu sözün özündən belə utanırlar. "Selektiv abort” sözünü isə eşitməmələri onu gostərir ki, bu mövzu ilə bağlı heç bir iş aparılmayıb. "Dədə - babadan belə olub və hər zaman belə də davam edəcək” deyib anormal vəziyyətlə razılaşanlar az deyil.

- Bölgələrdə selektiv abortla bağlı ümumi vəziyyəti necə şərh etmək olar?

Pərvanə Məmmədova:

- Bölgədən bölgəyə dəyişir. Məsələn,Qusarda xanımlar çox aktiv idi və məsələnin onların rayonunda aktual olmadığını deyirdilər. Qız övladlarına heç bir ayrı - seçkilik qoymadıqlarını və ailədə qıza və oğlana eyni dəyərin verilməsini iddia edirdilər. Məsələn, təhsil seçimində, ictimai həyatda və s. kimi sahələrdə qızların sərbəst olduğundan danışırdılar. Quba, İsmayıllı, Şamaxı və Xaçmazda daha konservativəhali vardı. Mövzu orada çox aktualdı. Bunu isə qadınlar özləri daha çox adət - ənənə ilə bağlayırdılar: "Belə olub və belə də davam edəcək” deyirdilər.

Rövşən Bağırov:

- Selektiv abortla bağlı regionlardakı vəziyyəti ümumiləşdirib belə deyə bilərəm: Hələ də həkimlər ultrasəs müayinəsində uşağın cinsini açıqlayırlar. Qanunla bu, qadağandı. Bunu ona görə edirlər ki, valideynlər təkid edir. Bəs valideynlər niyə təkid edir? Valideynlərə uşağın cinsi niyə maraqlı olmalıdı? Əsl problem burdadı. Çünki bölgələrdədiskrinimasiya hökm sürür. Cəmiyyətdə qadın və kişi arasında hələ də ayrı- seçkilik var. Bunu edən ən çox isə orta və yaşlı nəslin nümayəndələridi.Hər nəsil özündən əvvəlki nəslin istəyi və təkidi ilə ayrı-seçkilik ənənəsini davam etdirir.Daha çox qaynana, ata, ana və s. istəyilə ailə planlaşdırma siyasətini evil cütlüklər özləri deyil, məhz"böyüklər” edir. Bunu dilə gətirənlər, bundan əziyyət çəkənlər var idi. Yaşlı və orta nəslin nümayəndələri arasında gənclərin ailə həyatına qarışmağın təbii olduğunu deyənlər çoxdu. Amma gənc nəsil bunun əksini deyirdi. Bu da onu göstərir ki, artıq gənc ailələrdə bu tendensiya azalmağa doğru gedir. Bu da pozitiv və sevindirici haldır. Bu cür seminarların inanın ki, çox faydası olur.

 
Rauf Məmmədov:

- Selektiv abortların geniş yayıldığı ölkələrdə elə bölgələr var ki, gender bərabərliyi qismən inkişaf edib və orada selektiv aborta çox az rast gəlinir. Bunlar adətən modernləşmiş şəhərlərdi. Əyalətlərə nisbətən şəhərlərdə bu kimi hallara az təsadüf olunur. Çünki gender bərabərliyinin təmin olunduğu modernləşmiş şəhərlərdə qızlar oğlanlarla müqayisədə sosial baxımdan daha fəal olurlar. Onların işlə təmin olunması və maddi gəlir əldə etməsi üçün böyük əngəllər yoxdu. Buna görə də şəhər yerlərində ənənəvi stereotiplər tədricən öz əhəmiyyətini itirir. Bu kimi stereotiplər əyalətlərdən şəhərlərə köç edən ailələr arasında öz varlığını qoruyub saxlayır. Çünki stereotiplərin ortadan qalxması uzun müddət tələb edir. Cəmiyyətdə gender stereotiplərinin ortadan qalxma müddəti, gender bərabərliyinin inkişaf sürətinə bağlıdır. 1990–2016-cı illərdə Azərbaycanın şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı 1990-2003-cü illər arasında 107- dən 118-ə qədər artıb, 2003-2018-cı illərdə isə 118-dən 114-ə qədər qalxıb enib. 1995-2006 illər arasında şəhər yerlərində, 2006 - 2016 illərdə isə, kənd yerlərində cinsi disbalans daha yüksək olub. 2017-ci ilin əvvəlinə Azərbaycanda əhalinin cins və yaş üzrə tərkibinə diqqət etsək görərik ki, cinslər arasında bir disbalans var. Əhalinin cins və yaş üzrə (1000 nəfər) bölgüsü barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, yeni doğulanlar arasında qızlar 74.6 min (46.8%), oğlanlar isə 84.9 min (53.2%) nəfərdi. Cinslərin nisbətinin ən çox pozulduğu yaş qrupu 20-24-dür. 2017-ci ildə doğulan qızların (74.6 min) və oğlanların (84.9 min) arasındakı fərq 10 minə yaxındır. 2016-cı ildə də eyni göstəricidi (158.1 min). 2016-cı ildə abortların sayı 34.6 mindi (22%). 2016-cı ildə doğulacaq 5 uşaqdan biri (34.6 min) abort olunub. Onlar arasında selektiv aborların payı az deyil. Doğulanların cinsinə görə nisbətində əhalinin sub qrupları arasında orta göstəricisi 126-dır (şəhərlərdə 126, kənd yerlərində 125). Regionlar üzrə fərqlərə diqqət yetirsək görərik ki, Lənkəran və Abşeron regionları ən aşağı nisbət göstəriciləri (müvafiq olaraq 101 və 102), Quba-Xaçmaz (141), Gəncə-Qazax (144) və Şəki-Zaqatala (149) regionları isə ən yüksək nisbət göstəriciləri ilə nəzərə çarpır. Selektiv abortlarda gender assimmetriyasının pozulduğu ölkə və regionlardan bəhs edərkən, həmin ərazilərdə yaşayan fərqli bölgələrdən danışmaq daha doğru olardı. Çünki bir ölkə ərazisində selektiv abortlara gender prizmasından yanaşmada fərqli baxışlar olur. Bu yanaşmalar şəhər və kənd yerlərinə, etnik ənənələrə, dini baxışlara və mədəni stereotiplərə görə fərqli ola bilər.

- Selektiv abortla başqa necə mübarizə aparmaq olar?

Pərvanə Məmmədova:

- Gənclərin - oğlan və qızların maarifləndirilməsi və bu prosesin orta məktəbdən başlaması ilə problemin həlli istiqamətində addımlar atmaq olar. Gənc ailələrlə davamlı ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında işlərin aparılması da faydalıdı. Orta məktəblərdə seksual/cinsi təhsil (sexual education) və reproduktiv sağlamlıq fənninin keçirilməsi, məncə, çox vacibdi. İctimai - sosial maarifləndirmə - gənclər üçün təlimlər, cəmiyyətdə bu mövzu ilə bağlı açıq ictimai müzakirələr, sosial çarxlar, TV verilişlərinin olması, ekspert çıxışları və yazılar problemi həll edə bilər.

Rövşən Bağırov:

- Selektiv abortla bağlı mən düşünürəm ki, qanunlar sərtləşdirilməlidir. Necə ki, biz bu mövzunu verilişdə müzakirə etdiyimiz zaman Elçin müəllim dedi, bununla bağlı bir - iki həkim məsuliyyətə cəlb olunsa, qarşısı alınar. Bu, birinci məsələ. İkinci məsələ isə valideynlərin maarifləndirilməsidi. Daha çox orta və yaşlı nəslin nümayəndələrinə izah etmək lazımdı ki, övladlarının ailə həyatına qarışmasınlar. Yəni gənc qadınlardan çox, qaynana və analar maarifləndirilməlidi. Bunu seminarlar zamanı da aydın görmək olurdu. Çünki gənc analara onlar daha çox təsir göstərirlər. Bilirsiz ki, bölgələrdə adətən qadınlar özləri müstəqil qərar verən şəxs olmurlar. Buna görə də düşünürəm ki, ilk növbədə qanunlar çərçivəsində məsələyə baxılmalıdı. Həkimlər də maarifləndirilməlidi. Həkimlər özləri də hamiləliyə "dədə-baba” adəti ilə yanaşırlar.

Rauf Məmmədov:

- Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq alınıb. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq olunur. Deməli, bu məsələyə hüquqi nəzarəti daha da ciddiləşdirməyə ehtiyac var. Əhali arasında kontraseptiv vasitələrdən istifadənin geniş yayılmasını təmin etmək üçün maarifləndirmə işlərinin aparılması vacibdir. Selektiv abortlara səbəb olan amillər arasında bu da mühüm rol oynayır. Selektiv abortlara təsir edən əsas amil ailə planlaşdırılmasıdır. Hər bir ailə öz sosial-iqtisadi vəziyyətinə uyğun olaraq belə bir planlama həyata keçirir. Ailə planlaşdırılması, dünyaya gələcək uşaqların fiziki və psixoloji baxımdan sağlam tərbiyəsini və yaxşı təhsil almasını təmin etmək istəyi üzərində formalaşır. Cinsi diskriminasiya artıq ikinci mərhələdə baş verir. Burada yalnız qızlar deyil, oğlanlar da cinsi diskriminasiya məruz qala bilərlər. Ancaq, Lənkəran, Quba-Xaçmaz və Yuxarı Qarabağ regionlarında oğlan uşaqlarına daha çox üstünlük verilir. Araşdırmalar bunu aşağıdakı şəkildə olduğunu göstərir:

Yalnız iki oğlu olan qadınların 81.4 %-i artıq uşaq istəmir.
Yalnız iki qızı olan qadınların 62.1 %-i uşaq istəmir.
Üç oğlu olan qadınların 92.4 %-i artıq uşaq istəmir.
Üç qızı olan qadınların 83.7 %-i artıq uşaq istəmir.

Azalmaqda olan nəsilvermə əmsalı, selektiv abortlara şərait yaradır. Azərbaycanda ümumi nəsilvermə əmsalının 2-yə enməsi, ailə planlaşdırmasında iki uşaqdan birinin oğlan olmasını nəzərdə tutur. İlk övladı oğlan olan ailələr ikinci övladın cinsi ilə maraqlanmırlarsa, ilk övladı qız olan ailələr adətən ikinci övladın cinsini USM ilə müəyyənləşdirir və qız olduğu təqdirdə bəzən selektiv aborta gedirlər. İki oğlu olan ailələr üçüncünün qız olmasını, iki qızı olan ailələr üçüncünün oğlan olmasını planlaşdırırlar. Növbəti hamiləlik gözlədiklərinin əksi olduqda, cinsindən asılı olmayaraq selektiv abortlara gedilir.Patriarxal düşüncəli bəzi ailələrdə cinsi diskriminasiyaya məruz qalanlar əsasən qızlar olur. Hamiləliklərin ardıcıllığında müşahidə olunan fərqlər də bunu təsdiq edir.

İlk hamiləliklərdə abortların əmsalı 1 %, ikincidə 17 %, üçüncüdə 55 % və sonrakı hamiləliklərdə 70 % olması buna sübutdur.

- Niyə qadın artıq ana bətnindən zorakılığa məruz qalır, sizcə?

Pərvanə Məmmədova:

-Dərin köklü mədəniyyət normaları ənənəvi gender rollarını davam etdirir. (Deep culturally-rooted stereotypes)

Rövşən Bağırov:

- Qadın ona görə ana bətnində zorakılığa məruz qalır ki, valideynlər ailə planlaşdırılması siyasətini düzgün aparmırlar. Qız övladlarına qarşı münasibət hələ də birmənalı deyil. Biz bu mövzunu müzakirə etdiyimizverilişdə də dediyimiz kimi oğlan uşaqlarını ona görə çox istəyirlər ki, özlərinə varis kimi görürlər. Qız uşaqlarını başqa ailələrə köçdüyü üçün itirilmiş hesab edirlər. Eyni zamanda valideynlər yarımçıq qalmış arzularını oğlan uşaqları ilə gerçəkləşdirmək istəyirlər. Həm də düşünürlər ki, qocalanda oğlan uşağı qalıb valideynə baxacaq. Bu üzdən oğlan uşağına daha çox üstünlük verirlər. Təbii ki, bu keçmişdən gələn bir ənənədi və doğru deyil. Bu yanaşmanı, tendensiyanı artıq dəyişmək lazımdı.Cinsin heç bir fərqi yoxdu. Ona qalsa, valideynə elə ən yaxşı qız övladı baxır. Yəni fərqi yoxdu qız, ya oğlan. Əsas odu ki, ailəsinə, cəmiyyətinə, millətinə, dövlətinə faydalı bir vətəndaş olsun.

Rauf Məmmədov:

- Uşaqların sayının azaldılmasına yönələn ailə planlaşdırılması siyasətinin tətbiqi patriarxal cəmiyyətlərdə seçimin oğlanlar xeyrinə edilməsinə şərait yaradır. Bu problemin həlli üçün, patriarxal ölkələrdə gender bərabərliyi siyasətinin inkişaf etdirilməsi vacibdir. Bununla yanaşı, ailə planlaşdırılması siyasətinin ortadan qaldırılmasının düşünürük ki, selektiv abortların azalmasında müsbət nəticələri olacaqdır. Lakin problemin fundamental həlli, sosial dövlət prinsiplərinin inkişaf etdirilməsinə bağlıdır.Əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, pulsuz təhsilin genişləndirilməsi, ailələrdə nəsilvermə əmsalının artmasına və bunun nəticəsi olaraq selektiv abortların azalmasına şərait yaradacaq. Xalqın şüurunda keçmişdən gələn bəzi zərərli stereotiplər selektiv abortlara şərait yaradır. Məsələn, "Oğul düşmən çəpəridir”, "Oğul evin dirəyidir, arxasıdır” "qız yükü, duz yükü” kimi deyimlər ənənəvi olaraq sosial davranış normalarına çevrilir. Bu stereotiplər müasir cəmiyyətin maraq və tələbləri ilə uzlaşmır. Əksinə, onu geriyə atır. KİV-də və təhsildə bu stereotiplərin zərərli olması elmi-fəlsəfi şəkildə izah olunmalıdır. Çünki bəzi ailələrdə uşaqlar bu stereotiplərlə böyüyürlər

- Qadının rolunu cəmiyyətdə necə artırmaq olar?

Pərvanə Məmmədova:

-Ən birinci Azərbaycan qadınının bu cəmiyyətdə qəbul olunan obrazı (perception) dəyişməlidir – yalnız ANA və ailə gözətçisi kimi qəbul olunmalı deyil. Qadınlar - ana, bacı, qız və həyat yoldaşı kimi ənənəyə bağlı rollara kilidlənməyə davam edir. Onlar kişilərdən arxada qalmağa məcburdurlar və çoxları öz fərdi istedadlarını inkişaf etdirə bilmirlər. Əgər biz kəndli qadın haqqında danışırıqsa, yerlərdə uşaq baxçaları və ya uşaq inkişaf mərkəzlərinin açılması çox önəmlidir. Qadın öz rolunu gün ərzində ancaq uşaga baxmaqla deyil, öz potensialından istifadə edib arzuladığı peşə ilə məşğul olaraq keçirəbilsin. Qadın ictimai sahədə fərdi və müstəqil aktyor kimi qəbul olunmalıdır. Bunu biz ancaq cəmiyyətin hər bir səviyyəsində (social, ictimai, iqtisadi, siyasi) səlahiyyətləndirilməsi yolu ilə dəyişə bilərik. Səlahiyyətləndirilmə dedikdə, qadınlara hər formada dəstək verilməsi, onların maarifləndirilməsinin artırılması, öz hüquqları və gündəlik həyatı ilə bağlı lazımi məlumatlara "access” verilməsini nəzərdə tuturam.

Rövşən Bağırov:

-Qadının cəmiyyətdə rolunu ilk növbədə ona təhsil verməklə, oxutmaqla artırmaq olar. Gələcəyin anası oxuyarsa, hər hansısa bir sahədə özünü mütləq təsdiqləyə bilər. Qadın evdə təkcə qabyuyan, paltaryuyan olmalı deyil. Cəmiyyətdə sosial işlərdə çalışan fərd olmalıdı. Müxtəlif sahələrdə işləyərək özünü mütləq təsdiqləməlidi.Sonra isə valideynlər maarifləndirilməlidi. Çünki regionlarda hələ də qız uşaqlarını oxutmaq istəməyən valideynlər var. Hələ də "qız uşaqlarına təhsil vermək lazım deyil”, "qız hara, oxumaq hara”, "qız ev işləri ilə məşğul olsun”, "qıza xərclənən pul əbəsdi” fikirləşən adamlar var. Təbii ki, yanlış yanaşmadı və çıxış yolu yalnız təhsil və maariflənmədi.

Rauf Məmmədov:

- Qadınların cəmiyyətdə rolunu artırmaq üçün onların təhsil almasına, problemlərinin həll olunmasına çalışmaq lazımdır. Çünki bəzi ailələrdə qızların təhsil almasına diqqət yetirilmir. Bəzi ailələr qızları bəzən icbari təhsildən ayıraraq erkən yaşda evləndirir. Buna görə də bu məsələ dövlətin nəzarətinə alınmalı və ciddi ölçülər götürlməlidir. İkincisi, cəmiyyətdə qadın əməyinə olan tələbi artırmaq və onların sosial fəaliyyətdə diskriminasiya olunmasının qarşısını almaq lazımdır. Qadınlar iqtisadi baxımdan nə qədər müstəqil olsalar, bir o qədər az diskriminasiyaya məruz qalarlar. Bu isə öz növbəsində, selektiv abortların azalmasına təsir göstərər.
 











Qadinkimi.com