BURA / ORA
Qismət Rüstəmov - 17 yaşlı Gülərin xatirəsinə... Tarix : 01 Avqust 2019, 16:16

Məlum intihar xəbərini oxuyanda yadıma nə vaxtsa oxuduğum bir əhvalat düşdü. 1941-ci ildə bir qrup alman alimi ingilislərə əsir düşür. Amerikanlar bu əsirləri ingilislərdən alıb Teksasdakı əsir düşərgəsinə aparırlar. Əsir də olsa, alman almandır, alim alimdir. Alman alimlər qərara gəlir ki, bu düşərgədə virtual bir universitet yaratsınlar. Çünki görürlər ki, əsirlikdə bir universitet qurmağa yetəcək qədər alim var. Alimlər amerikanlara müraciət edirlər ki, Cenevrə müqaviləsi əsasən biz ayda 20 dollar maaş alırıq, amma burda o puldan istifadə edə bilmirik, siz isə deyilənə görə Amerikada pirat yolla alman kitabları çap edirsiz, kömək edin öz pulumuzla həmin pirat kitabları alaq. Alırlar və həmin almanca kitablarla əsir düşərgəsində universitet yaradırlar, dərslər keçilir, qiymətlər yazılır, qeydlər aparılır. Müharibədən sonra əsir düşərgəsində tutulan qiymət cədvəlləri, şərti diplomlar Almaniya təhsil nazirliyinə təqdim edilir və nazirlik həmin diplomları leqal diplom kimi təsdiq edir...


2019-cü ildə, yüksək texnologiyalar əsrində biz isə hələ də cavan-cavan balalarımızı təhsilin işıqlı gələcəyinə yox, qaranlıq otaqlardakı çarpayılara ötürmək istəyirik. Harda son istifadə tarixi neçə əsr bundan qabaq bitmiş axmaq ənənələr yuxarı başda oturubsa, orda mütləq bir tövlə var və həmin tövlədə öz cavan qurbanını gözləyən bir kəndir yellənməkdədir...


Xatırladaq ki, dünən Zaqatala rayonunun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü tövlədə kəndirlə asıb. Qız nişanından bir gün öncə intihar edib. Gənc qızın intiharı ilə bağlı yeni detallar ortaya çıxıb. Yayılan məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan Gülərə hələ evlənə bilməyəcəklərini, universiteti bitirməsini gözləməsini deyib. Qız onunla razılaşıb. Ailəsi isə Güləri başqa oğlanla nişanlamağa hazırlaşırmış, "həri”si də verilib.

 

 

 

 

Qadinkimi.com