SEVGİ, QADIN / KİŞİ
Qarabağın Həcəri Tarix : 29 Mart 2021, 16:15

İlk dəfə bu döyüşçü xanım haqqında həmkəndlim, II qrup Qarabağ müharibəsi əlili, sevimli tarix müəllimim Bayram müəllimin oğlu  Akif  Nağıyevdən eşitmişdim: "Səngərdə yatmaq bir qadın üçün qəhrəmanlıqdı. Cəvahirin döyüşdüyü  hərbi hissədə qərargah rəisi idim . İlk dəfə o döyüşə getmək istəyəndə, biz  ona  yeməkxanada, ya da, tibb məntəqəsində qalmağı məsləhət gördük. Cəvahir israrla dedi ki, mən bura döyüşçü kimi gəlmişəm və düşmənə qarşı döyüşəcəyəm. O, Əsgəran rayonun Naxçivanik, Pircamal uğrunda döyüşlərdə çox fəal iştirak etdi. İgid xanımdı. Fəxr edirəm ki, Azərbaycanın belə cəsur qızları var”.

Tibb bacısı, döyüşçü, xilaskar...

1991-ci il noyabr ayının 20-də baş verən qətliamdan- Azərbaycanın say-seçmə oğullarının olduğu vertolyotun Qarakənd üzərində ermənilər tərəfindən vurulmasından sonra heç kəs Cəvahirə "getmə” deyə bilmədi.  Abdullayeva Cəvahir Abdulla qızı 1960-ci il martın 31-də Balakən rayonunun Qullar kəndində dünyaya gəlib. Orta təhsilini Zaqatala rayonu Ortaçardaqlı kəndində alıb, burada boya-başa çatıb.  Zirəkliyi, bacarıqlı olması ilə, səliqə-səhmanı, əxlaqı ilə seçilən Cəvahir telejurnalist Çingiz Mustafayevin çağırışına səs verən  ilk döyüşçü qızlarımızdan biri oldu. Yenicə bitirdiyi "Tibb bacısı” kurslarından sonra təcrübəsini ordu sıralarında sınaqdan keçirməyi qərara aldı.

Cəvahirlə söhbətimiz əsnasında o söylədi ki, Ağdamdakı "Qarabağ şahinləri” yerli özünümüdafiə batalyonuna gəldi. Komandir Yaqub Rzayevin batalyonun tərkibində ilk döyüşə atılanda müharibənin nə olduğunu anladı. Qanlı Xramord döyüşü :Gözünün qarşısında şəhid olan əsgər yoldaşlarının itkisinə ürəyi ağrısa da, o vəzifə borcunu bir an da unutmadı: 6 yaralı döyüş yoldaşını, 3 avtomat silahı, bir plemyotu ön xətdən çıxara bildi.

Xramord kəndini təmizlədilər .Amma müəmmalı bir əmrlə batalyon kənddən geri çəkildi və kənd boşaldıldı:” 1992-ci il yanvarın 31-də bizə yenidən əmir gəldi ki, Xramordu alıb, oradan da hücuma keçib Xanabad kəndini azad etməliyik. Təbii ki, bu, sevindirici bir əmr idi.

Erməni vəhşiliyinin şahidi

"İstəyirdik ki, hər yeri xilas edək. Bu hücumda Xəlil Rza Ulutürkün oğlu Təbriz, bir də Mübariz Əhmədov (Azərbaycanın Milli Qəhrəmanı) sağımda-solumda idilər. Biz yenidən Xramordu aldıq. Leysan adlı əsgərimiz minaya düşdü, bizi orda satdılar, yenə çoxlu itki verdik, xeyli irəliləsək də, düşmən güclü texnika ilə qabağımızı kəsib, bizi mühasirəyə saldı. Təbrizi o döyüşdə gözümün qabağında vurdular, meyitini götürə bilmədik. Ermənilər bizim yeddi şəhidimizi, beş yaralımızı apardı ki, bizdə olan əsirləri ilə dəyişsinlər. Təbrizi başından vurmuşdular. Bizim yaralı əsgərlərin gözlərini   çıxarmışdılar, qulaqlarını, burunlarını kəsmişdilər, üstlərindən tankla keçib öldürmüşdülər. Bir əsgərimiz tankın içində yanırdı, tanınmaz halda idi, bu, dəhşətli görüntülər idi.Ermənilərin törətdiyi vəhşilikləri gördükcə onlara nifrətim birə min artırdı.

Cəvahir  bu sözləri tez-tez təkrar edir: "Fəxr edirəm ki, Azərbaycanın Milli Qəhrəmanları Ramiz Qəmbərov, Təbriz Xəlilbəyli, Baxşeyiş Paşayev, Mübariz Əhmədov kimi oğullarla bir səngərdə döyüşmüşəm”.

Rabitəçi Pənahın igidliyi

 Eyni zamanda, Vətən torpağının toxunulmazlığı uğrunda canlarını fəda etmiş  Şahmuradov qardaşlarının, Yasirin, İlqarın, kəşfiyyat komandiri Maqsudun,  Nizaminin, Sahibin və başqalarının igidliklərindən danışanda da Cəvahirin gözlərinin dərinliklərində yuva qurmuş kədəri, niskili, qəmi duymamaq mümkün deyil:

- 1992-ci il martın 30-da ermənilər Öküzuçan deyilən istiqamətdən hücuma keçmişdilər. Rabitəçi Pənahı əsir götürən düşmən ona nə qədər işgəncə versə də, şifrələnmiş lenti ala bilməmişdi. Əlacsız qalan Pənah şifrəni udaraq ordunun sirrini açmamışdı. Vəhşi ermənilər ona olmazın əzablar verməklə, şifrəni öyrənməyə çalışmışdılar.  Pənah vəhşicəsinə öldürüldü, sirri vermədi... Cəvahirin səsi boğuldu, danışa bilmədi, göz yaşları yanağından üzüaşağı yuvarlandı.

Nakam sevgi hekayəsi...

Bir qədər sakitləşdikdən sonra özünü ilk və son məhəbbəti, igid əsgər,Azərbaycanın Milli Qəhrəmanı  Mübariz  Əhmədovdan  söhbət saldı. Onun adını çəkər-çəkməz hönkürtü ilə ağlamağa başladı. Göz yaşları yazda yağan leysan yağışları kimi sellənirdi. Bütün batalyona bəllii idi ki, Mübariz  Cəvahiri sevir. Valideynləri, bacısı həm Mübarizə, həm də gələcək gəlinlərinə dualar edir, tezliklə sağ-salamat geri dönmələrini diləyir, uca Tanrıdan onları qorumasını təvəqqe edirdilər. Amma necə deyərlər, "sən saydığını say...” 

Növbəti döyüşlərinin birində Cəvahirin məhəbbət oxu daşa dəydi.  Mübariz düşmən gülləsinə tuş gələrək, Vətən uğrunda şəhid oldu... onunla birlikdə Cəvahirin arzuları, diləkləri də şəhid oldu həmin gün. Cəvahir sevgisinə vəfasız çıxmadı, bu gün şəhid Mübarizin foto-şəkil ilə başa-başa yaşayır, şəhid olmuş sevgisini isə qəlbində yaşadır..Kədərli, yeksənək günlərdən biri idi. Cəvahir elə xatırlayır. Cəbhə xəttində atəşkəs haqqında razılaşma imzalandıqdan sonra bir az sakitlik yaranmışdı. Ermənlər hər gün atəşkəsi pozsalar da, irimiqyaslı hücum əməliyyatları olmurdu. Bax elə o günlərin birində  Mübarizin anasıyla bacısı Cəvahirin qapısını döydülər. Hal-əhval  tutduqdan sonra Mübarizli  günlərin xatirələrini bölüşdülər. Birlikdə ağladılar, sızladılar, igid döyüşçü ilə bağlı epizodları yada saldılar. Xeyli dərdləşdikdən sonra ayrılmaq məqamı çatdı. Mübarizin anası Cəvahirin qarşısına bir bağlama qoyub dedi:

- Mübarizin toyu üçün alınanlardır, bunlar sənə çatacaq. Xahiş edirik, bunları Mübarizdən bir yadigar kimi qəbul edəsən. Cəvahir yenidən göz yaşları axıtmağa başladı. Mübarizin əzizlərinin qəlbinə dəyməmək üçün onların hədiyyələrini qəbul etdi...

 Cəvahir bir-birinin ardınca döyüş dostlarını, sevgisini, torpağı, bütün Qarabağı itirirdi.  İtirir və yana-yana, qovrula-qovrula ağlayırdı... Onlara əsgərin cəsədini min əzab-əziyyətlə ön xətdən çıxararaq, düşmən əlinə keçməsinə imkan verməyib, yüzlərlə yaralıya yardım edib, yaralarını sarıyıb, lazım gələndə özü də qan verib, onları ölməyə qoymayıb . Abdal Qəhrəmandan müsahibə alarkən o söylədi ki, yaralanıb, döyüş xəttində qalanda onu  güllələrin altından Cəvahir xilas etmişdi:” 1992-ci ildə Cəvahirin necə mərd, cəsur döyüşçü olduğunu görən silahdaşlarımız onu "Qarabağın Həcəri” adı ilə çağırdılar”.

Qəhrəman Hüseynovun ən böyük arzularından biri də ölüm məqamında "Qarabağın Həcəri” olan Cəvahirin onu çıxartdığı həmin o yaralandığı yerdə onunla görüşmək, o yerlərdə döyüş dostlarını anmaqdı.

Cəvahir hələ bu günün  adamı ola bilməyib,1993-cü ildən ayrıla bilməyib. Bütün ruhuyla, canıyla, qanıyla əsgər yoldaşlarının yanındadır, müharibə gedən ərazilərdən bir an da olsa uzaqlaşmır, onlarla birlikdə qələbəyə doğru addımlayır. Amma bu, yalnız Cəvahirin fikrində belədir. Müharibənin ağır günlərini görməyənlər, özünü oda-közə atmayanlar, əzizləri gözləri qarşısında şəhid olmayanlar üçün döyüş çoxdan bitib. Onun həyatında qələbədən başqa, sevinə biləcəyi heç nə, heç kim yoxdur.  

 Və nəhayət...

Nə yaxşı ki, 44 günlük müharibə baş verdi, nə yaxşı ki, bir çox yaraların qanı kəsdi, sağalmağa doğru gedir. Nə yaxşı ki, Cəvahir xanım Azərbaycan Ordusunun düşmən üzərində qələbəsinin şahidi oldu. Bu xəbəri şəhid qardaşlarına sevinə-sevinə aparıb çatdırdı...

 

Torpağın bağrından dikəlib qalxan,

Elə bil qranit dağdı Cəvahir.

Bir az güllələnmiş arzularıyla,

 Bu gün də keşikdə sağdı Cəvahir...

 

 

Əntiqə Rəşid