SƏNƏT
Qadına öz yaradıcılığında azadlıq verən dahi - Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov Tarix : 18 Sentyabr 2019, 11:56
Yazar : Qadinkimi.com
 

 
 
Bu gün onun doğum günüdür. Görkəmli bəstəkarımız 18 sentyabr 1885- ci ildə Ağcabədi şəhərində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində dünyaya gözlərini açıb. Uşaqlıq, ilk gənclik illəri Şuşada keçən Üzeyir bəy ilk təhsilini də burada alır. Şuşanın zəngin musiqi - ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib.

Azad sevgini, azad münasibətləri, sağlam ailəni, qadın azadlığını xüsusi ilə " Arşın mal alan" operettasında canlandıran, şəriət qanunları ilə ərə verilən, ailə quracağı kişini tanımadan onun xanımı olan qızların hüquqlarını ifadə edən maarifçi bəstəkar Azərbaycan mədəniyyətində feminizmin banilərindən biri kimi qəbul edilə bilər.

 
Çadrada yaşamağa məcbur edilən qızların sevməyə belə ixtiyarları olmadığı dönəmdə Üzeyir bəy yaratdığı obrazlarla bu gərəksiz klişelərə qarşı çıxır, öz əsərlərində qızla oğlanı əvvəlcə üz-üzə gətirir, sonra sevgili edir, sonda isə sevgililəri qovuşduraraq eşqin, gəncliyin, gələcəyin və azadlığın yanında olduğunu sərgiləyir. Onun əsərləri mədəniyyətin təkrarsız örnəkləri kimi bütün dünya səhnələrini gəzərək şöhrət qazanıb. 

Bu gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Dahi bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Unudulmaz bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərdi. Maestro Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995- ci ildə dövlət statusu aldı. Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr – "Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.

 
Dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb. Görkəmli bəstəkarın ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrünü Azərbaycan mədəniyyətinə, musiqisinə həsr edən bu unudulmaz şəxsiyyət 300- dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsusdur. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün də məhəbbətlə səsləndiririk. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır. 

 
Üzeyir bəy saysız mədəniyyət xadiminin yetişməsində, maarifçiliyin inkişafında, xalq yaradıcılığının, muğamların, dünya musiqisinin Azərbaycan musiqi sənətində layiqli yer tapmasında inanılmaz xidməti olan böyük ustaddır. 

Sənətkarın ruhu qarşısında baş əyirik!

 
 
 
Qadinkimi.com