QADIN / KİŞİ
Qadın özgüvəni və həyatı üçün dönüş nöqtəsi sayıla biləcək anlar Tarix : 15 Aprel 2021, 12:47

1. Qadının hər şeyin öhdəsindən tək gəlməyi öyrəndiyi an həyatda qalmaq üçün artıq heç kəsə gərək duymadığını anladığı andır.

Bu nöqtəni yaşamış qadın sonsuz özgüvənə sahib olar, insanlarla, əks cinslə maddi maraq güdən münasibətlər qurmaz, kömək gözləntisi içində olmaz, əks cinsə xilaskar kimi baxmaz, son ümid tək tutunmaz. Qısası, öz başının çarəsinə özü baxar. Bəzi qadınlar bu nöqtəyə ilk gündən, bəziləri yaşayaraq gələr .

2. Bizlər üçün digər dönüş nöqtəsi ehtiyacımız olan sevgini özümüzə verməyi və özümüzlə harmoniyada olmağı öyrəndiyimiz andır.

Bu andan etibarən qadın artıq sevgi axtarışlarına son verər, münasibətinin olub olmamasından asılı olmayaraq öz dünyasında xoşbəxt yaşayar.

Bu iki dönüş nöqtəsini keçmisinizsə çox güclüsünüz.

 
***

Bu gün xanımlardan biri ilə söhbətdə qəşəng bir söz eşitdim: "Çoxşeyşünas"

Müxtəlif maraqları olmaq gözəldir, amma əksər hallarda uğuru bütün maraqlarını deyil yalnız bir marağını inkişaf etdirən insanlar qazanır.

Bir əlinizdə 155 qarpız tutmağa çalışmayın. Özünüzə dar bir sahə seçin. Zamanınızın 100%-ni ora yatırın. Mütəxəssis səviyyəsinə çatana kimi (azı 5 il) digər sahələrə gözlərinizi kor edin.

Peşəkar ədəbiyyat oxuyun, sahəyə aid filmləri, peşəkar bloqları izləyin, peşəkar jurnallara abunəlik götürün.

Şəxsi müşahidələr, araşdırmalar və eksperimentlər edin, öz fikirlərinizi formalaşdırın və qeydlər aparın. Bir müddət sonra gündüz şamla axtarılan professionala çevriləcəksiniz.

Enerji və zaman ən dəyərli resurslardır. Onları nəyə sərf etdiyinizə diqqət edin, çünki insan gəncləşən deyil yaşlanan varlıqdır.  Yer üzündə zamanımız limitlidir və hər gün dünənkinə nisbətən bir gün daha yaşlanırıq.
Resurslarımızın dəyərini bilək.
 
***

Bir vaxtlar mənə deyirdilər:
Qadın üçün ən gözəl sənət müəllimlikdir.
 
Mən indi Sizlərə deyirəm:
İNSAN üçün ən yaxşı sənət sevib seçdiyi sənətdir!

Mənə deyirdilər:
Qadın çox pul qazanmaz!
Mən deyirəm:
Heç kimdən asılı olmayacaq qədər çox pul qazanın!

Mənə deyirdilər:
Heç kimdən fərqli deyilsən.
Mən deyirəm:
Hamınız özünəməxsus və bənzərsizsiniz!

Mənə deyirdilər: 
Çox yuxarıdan gedirsən, aşağı düş!
Mən deyirəm:
Başınızdan yüksəklərə tullanın!

Mənə deyirdilər:
Bircə müğənnimiz çatmır!
Mən deyirəm:
İstedadınızın ardınca gedin!

Mənə deyirdilər:
Aza qane ol.
Mən deyirəm:
Ən yaxşısından azına razılaşmayın!

Mənə deyirdilər:
Səhv etsən əvvəl səni, sonra özümü öldürəcəyəm!
Mən deyirəm:
Sən insansan, səhv edə bilərsən.

Mənə deyirdilər:
Səni güdürəm, birdən çaşarsan!!!
Mən deyirəm:
Əxlaqınız üçün özünüz məsuliyyət daşıyın.

Mənə deyirdilər:
Əks cinslə ünsiyyət qursan əxlaqsızsan!
Mən deyirəm:
Ünsiyyətsiz insanları tanıya bilməzsən.

Mənə deyirdilər:
Qadının yeri ailəsi, ərinin yanıdır!
Mən deyirəm:
Qadının yeri olmaq istədiyi yerdir!

Bu mətni "Qaşına dəymə", "qısa geyinmə", "evə gec gəlmə", "rəfinqənlə qalma" deyə sonsuza qədər uzada bilərdim.

Qadın doğulduğumuz ücün cəmiyyətdə hamımıza diktə edilənlər var.
Söhbət etsək görərik ki, Biz əslində Hamımız Sevilik.

Bəziləri güclü və cəsur olub o səsləri kəsməyi bacarar və özünü qurtarar. Bəziləri ömrünü kəsər...

Övladlarımıza doğrunu öyrətmək yerinə doğrunu göstərək.
Onları tərbiyə etmək əvəzinə daha çox sevgi, birgə zaman, doğru nümunə və seçim hüququ verək.
 
Ailəsinin diqqətini görmüş, sevgisinə doymuş fərd əxlaqlı, mənəviyyatlı və xoşbəxt olmağı seçən İnsan olacaq.
 
Kama Ahmad
qadinkimi.com/az