QADIN / KİŞİ
Qadın sığınacağından dəhşətli həyat hekayəsi - Mehriban Zeynalova yazır Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Ailəsinin öldürmək istədiyi qadın

         Qadınlarla bağlı nə qədər mövzu olsa da, fikirlərimi yazmaq haqda təklif alanda bir az özümü itirdim. Hansı məsələdən yazım? Hansı məsələ daha çox diqqətdə ola bilər və ya daha aktualdır? Dərhal da vaz keçdim  fikrimdən. Aktual sayılan mövzuları özümdən qovdum. Şou zamanı deyil. Ciddi problemlərimiz var.

Bağışlayın, bu dəfə şou alınmayacaq. Deyim ki, bu yazıda elə də qolbal görünməyən, əslində ciddidən də ciddi olan mövzudan yazmaq istədim.  İki ən vacib mövzudan: biri - təqlid (özünü bənzətmə), ikinci - qorxu.

Hər ikisi problem olaraq qadınlarda daha çox kök salır və daha çox şəxsiyyətin məhv olmasına gətirib çıxarır. Qorxunun insanı necə aciz, yararsız, müti, xaraktersiz  canlıya çevirdiyini bir əhvalat danışmaqla göstərməyə çalışacam. Öncə qısa arayış verim:

Qorxu - insanın baza emosiyası olaraq, təhlükəli vəziyyət haqqında işarə verir, bir çox  xarici, daxili, anadangəlmə və ya qazanılmış səbəblərdən yaranır. Qorxunun yaranmasının koqnitiv səbəbləri var: yalnızlıq hissi, rədd edilmə, ruh düşkünlüyü, özünə hörmətə olan təhdidlər, uğursuzluq hissi, şəxsi uyğunsuzluq hissi. Qorxunun nəticələri: inamsızlığın emosional vəziyyətləri,  şəxsiyyəti qaçışa, qurtuluşa sürükləməsi, müdafiə axtarışından yaranan güclü əsəb gərginliyi.

         Bir gün sosial işçim gecə hamilə bir qadının gəldiyini söylədi. Qadın qorxu içində imiş, yardıma ehtiyacının oldugunu bilidirib. Lakin  ona elə gəlib ki, heç bir yer onun təhkəsizliyini təmin etmək gücündə deyil. Yardım almadan geri dönüb. Sosial işçi isə könüllülük prinsipini əsas götürərək, bəlkə də indandıra bilmədiyi üçün onu dayandırmağı bacarmayıb. Hadisə təxminən bir il yarım əvvəl baş verib. Bu yaxınlarda yenə də bir neçə qadının müşayiəti ilə ürkək, qorxu içində olan, yarpaq kimi titrəyən bir qadın gəldi. Qarşıladım. Eynən həmin sözlər səsləndi: “ Burda məni tapıb öldürməzlər” ? Kim bunu edə bilər soruşdum. Siz bilmirsiz, onların əli hər yerə çatır dedi. Hətta burda da məni öldürə bilərlər. İnandırdım, əmin etdim - mümkünsüz idi. Hətta yaxındakı polis idarəsinin məsafəsini də göstərdim. Nə qədər yaxın olduqlarını və operativ reaksiya verdiklərini izah etdim. Sakitləşdi, lakin sonacan uşaq kimi onu müşayiət edən qadınlardan əlini çəkmədi. İlk travması  atasının ölümü olub. Doqquz yaşında müharibənin acısını yaşayaraq, yurdunu  tərk edib ikinci travmasını alıb. Çoxuşaqlı ailənin son beşiyi olduğundan bütün bacı qardaşlar onu nəzarətdə saxlayıb, himayədarlıq ediblər. Öz sözü, öz qərarı olmayıb. Valideynsizlik elə bil qardaş bacılara başqa bir hökmranlıq verib. Əvvəlcə peşə məktəbində oxuyub, peşə əldə edib. Daha sonra universitetə qəbul olub. Qardaşları ona  yaşadıqları ərazidə bir ev də alıblar. Qardaşları ilə görüşdə onlardan biri belə bir ifadə işlətdi: “Mən uşaqlara “bakkuş” alanda, birini də ona alırdım”. Otuz iki yaşlı qadını uşaq gözündə görən qardaş - bacılar onunla normal ünsiyyətdə olmayıblar. Ehtiyaclarından, düşüncələrindən xəbərsiz yaşayıblar. Ünsiyyətə ehtiyacı olan bu gənc qadın evində işləyən usta ilə dostlaşıb. Bu dostluq uzun çəkməyib. Usta qohumların  qıza qarşı qəddar münasibətinə dair söhbətlərindən sui istifadə edərək onu zorlayıb. Qız qorxudan susub. Bir müddət sonra hamilə oldugunu öyrənib. Çaşqınlıq içində qalıb. Nə etsin, hara əl atsın? Xəbət tutarlar deyə abort etmək ağlına da gəlməyib. Bu arada usta evdən pulları oğurlayıb qaçıb. Sən demə, özünə toy edirmiş. Çabalaya - çabalaya qalan gənc qadın vaxtilə ona sevgi etirafı edən bir nəfərə əhvalatını danışıb. Oğlan onun övladına atalıq edəcəyinə və nikaha girəcəyinə söz verib. Onu evinə aparıb. Qaynana və qaynata qızı böyük hörmətlə qarşılayıblar, qır - qızıl alıblar.

         Uşaq dünyaya gələndə ər-arvad onun vaxtından tez doğulduğunu deyiblər. Buna baxmayaraq, evdəkilər uşağın 7 aylıq  yox, tam 9 aylıq olduğundan şübhələnib. Hadisə böyüyüb. Qadın hamiləlikdə UZİ-nin surətini çıxarırkən, hamiləlik müddətini  silib, yenidən yazıb.... 40 həftə əvəzinə 32 həftə. Ailədə sakitlik yaranıb. Hadisədən xəbər tutan qızın qardaşları isə əl çəkməyiblər. Araşdırmağa başlayıblar. Müəyyən ediblər ki, sənədin surəti çıxarılarkən dəyişiklik edilib. Ərə getdiyi oğlanın valideynləri hadisəni bilib. Qızdan imtina ediblər. Oğlan qızı müdafiə etsə də, sonacan ailəsinə qarşı çıxa bilməyib. Uşağın ondan olmadığını boynuna alıb. Qardaşı və arvadının  zorakılığı nəticəsində qızı ərindən boşadıblar. Hadisələrin  gedişatı daha da dramatikləşib. Oğlan evi atalıq faktının ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə iddianı qəbul edib. Qardaşları daha da qızışıblar. Bacını uşaqdan imtina etməyə məcbur ediblər.  Öz əli ilə uşaq evinə verilməsinə dair imtina ərizəsi yazdırıblar. Qadın bir neçə dəfə uşaq evinə getsə də, fikrini, diləyini bildirə bilməyib. Qorxu, həyəcan onu üstələyib. Ona elə gəlib ki, qardaşları hər yerə kamera qoyub onu izləyirlər. Hər yerdə adamlar onu tanıyır və günahlandırır. Bundan sonra “uşaq ölüb” deyərək, qonşulara yas mərasimi verilib. Qadın bu mərasimi dinməzcə izləməli olub. Cürəti çatmayıb "mənim balam ölməyib, sağdı" deyib fəryad etməyə. Qardaşlar yenə sakitləşməyib, bacının evini məcburi  imzaladaraq satıblar. Guya pulu onun borclarını ödəməyə sərf ediblər. 34 yaşında ilk və bəlkə də son övladını, həyatda ilk sevgisini, çətinliklə qurduğu ailəsini dağıtmaqları bəs etməyib. Qardaşlar sakitləşməyiblər. Hər gün “adımızı batırdın, bizi rüsvay etdin, ölməlisən” deyiblər. Nəhayət mal - qaraya verilən qurd dərmanını içməsinə vadar ediblər. Qadının başqa çarəsi qalmayıb. Dərmanı içib. Bəxtindən sağ qalıb. Dərman əməliyyatının baş tutmaması, qardaş - bacıları sakitləşdirməyib. Əksinə, böyük qardaş çıxış yolu axtarıb tapıb və qərar verib. Qurana əl basıb and içib ki, bacı üç gün ərzində özünü öldürməsə, onu özüm öldürəcəm. Növbəti  gün qadın nəhayət bir neçə tanış qadına hadisəni danışıb kömək istəyib. Evdən qaça bilib.

Hadisə burda bitmir. Faciə getdikcə artır. Qız bu hadisəni yalnız özü bitirə bilər. Hadisəni bitirmək üçün isə öncə qorxu dəf edilməlidir. El arasında bir deyim var : "Qorxu adamın sümüyünə işləyir".  Qorxu həqiqətən qadının sümüklərinə, iliklərinə işləyib. Onu ordan qoparmaq üçün aylarla çalışmaq lazım gəlir. Danışdığım əhvalat stereotiplərdən doğan zorakılığın bir nümunəsidir. Bu cür nümunə saysızdı.  Bu nümunəyə dini fanatizm çalarları da əlavə edildiyindən, daha dəhşətli forma alıb. Ailə dindardı.  

         Danışdığım əhvalat təhsilli, öz sahəsində peşəkar olan bir qadının əhvalatıdır. Ailə münasibətlərində olan despotizm, nadanlıq bir qadının bütün həyatını məhvə sürükləyib. Qarşı tərəf bu hadisələri özünün mənafeyini müdafiə kimi qiymətləndirir, bəs siz? Sizcə, bütün bu hadisələr hansı səbəbdən baş verir?

         Məhkəməyə müraciət etmişik. Qadının hüquqlarını müdafiə edəcəyik. Övladını da geri almağı düşünürük. Vəziyyət çox qarışıqdı. Ötən il uşağı bir ailə övladlığa götürüb. Qardaş - bacılar isə əl çəkmirlər. Onu geri gətirib öldürmək istəyirlər. Hə, məhz bacılar da...

P.S. Qarşı tərəf özünə vəkil tutub. Qarşı tərəf - ailə üzvləri ilə birgə 20 nəfərdi. Əgər “şahidlər” filan da tapılsa, 25 - 30 nəfərə qarşı bir nəfərin döyüşü başlayır. Qoç döyüşünə isə qoç buynuzu gərəkdir. Qorxusu olanın buynuzu çıxmaz. Onun özünü qoruması üçün ürəkli olması lazımdı. Məhkəmədə olanları danışmalı, ayaqları üzərində dik durmalıdı. Qadınlara məsləhətimiz budu: Əvvəlcə özünüz özünüzü müdafiə edin ki, sizə kömək etmək istəyənlər də bunu edə bilsinlər.