QADIN / KİŞİ
Qadın peyğəmbər Tarix : 08 İyul 2018, 16:08
Yazar : İlqar Kamil

Analıq hər bir qadının ən təbii haqqı, ən gözəl duyğusu və ən şərəfli statusudur. Və hər bir qadın, istisnasız olaraq, həm də anadır. Düzdür, biz kişilər məsuliyyətimizi yüngülləşdirək deyə, ana və qadın başqa-başqa şeylərdi deyib onları fərqləndirmək istəyirik. Mənsə düşünürəm ki, analıq qadının mahiyyətidir.  Dünyaya uşaq gətirməsə belə... 

“Allah kişiləri əhilləşdirməkçün qadınları yaratdı”. Volter belə düşünürdü. Bir az kobud səslənsə də, məncə, fikirin həqiqət payı az deyil; adicə öz ətrafımıza baxsaq görəcəyik ki, gerçəkdən də qadın (bir başa, ya dolasıyla) kişini nizam-intizama salmaq, sakitləşdirmək, şəkilləndirməklə məşğuldu, üstəlik, bu onun ən sevimli məşğuliyyətidi.

Bütünlükdə insan, düşünürəm ki, hətta bioloji olaraq da kişidən çox qadının əsəridi. Başqa ibarətlə desək, qadın bəşəriyyətin anasıdır, və demək, qadını sağlam olan cəmiyyət xarab, qadını yolunu azmış cəmiyyət sağlam ola bilməz!

Varlıqları dəyərləndirməmdə həmişə zərif yaradılışlara üstünlük vermişəm, elə bilirəm ki, Tanrı zərif varlıqları yaradanda bütün diqqət və istedadını səfərbər edib, onların üzərində zərgər dəqiqliyi ilə işləyib. Elə yəqin bundandır ki, qadını daha ali yaradılış hesab edirəm, fəqət... kaş ali hədəf üçün yaradılmış bu varlıq iyrənc istiqamətlərdə istismar olunmasına imkan verməyə. Bəşəriyyətin xilası da elə məhz bundadır!

"Səni görəndə bütün üzüntülərim yox olur, Fatiməcan!" İmam Əlinin etirafıdı. Necə də səmimi, kişicə (!) etirafdı. Hansı üzüntülərdən söhbət gedirdi? İmamın dərdi nə idi ki, Fatiməsini görəndə onların hamısı, hamısı ərşə çəkilirdi? Bu haqda susuram, elə imamın özü kimi. Əsas olansa budur: həzrəti imam, əsədüllah, fatihi-xeybər... xanımına belə zərif etiraflar etməkdən çəkinmirdi, bunu ayıb saymırdı. Elə isə, bəs hardan yarandı müsəlman dünyasındakı, qadınına xoş söz deməyi nakişilik sayan "ciddi" kişi obrazı? Onlar imam Əlidən dahamı ciddidilər? Bəs hardan peyda oldu xanımından danışanda günahından danışırmış kimi sıxıla-sıxıla "üzr istəyirəm" deyən kişi tipi?!

Düzü, mən bilmirəm.

Halısınız, daha acınacaqlı hallar da var. Məsələn, qadın elə bir vəziyyətə düşür ki, özü özünün müdafiəsinə qalxır. Təsəvvür edin, qadına təcavüz olunur, döyülür, söyülür, asılır, kəsilir... Kişilər çayxanalarda, tinlərdə, kafelərdə, sosial şəbəkələrdə sadəcə bütün bunların qeybətini etməklə məşğulkən qadın yıxıldığı yerdən özü qalxır, üst-başının cırılmış yerlərini əlləri ilə örtərək titrəyə-titrəyə özü özünü müdafiə etməyə məcbur olur... Bax, bu əsl faciədir!

Cənnət anaların ayaqları altındadırsa, demək, halından-əxlaqından asılı olmayaraq, heç bir qadının yeri ayaqlar altı deyil - axı o, zərifdi. Ayaq altı qadını daşlaşdırar. Tapdamaqla yalnız möhkəmləri yumşaltmaq olar, zəriflərsə ayaq altında düzəlməz, daşlaşar. Daş da eynən qadın kimi zərif torpaqdı əvvəllər. O qədər yağış yağdı islatdı, külək yerdən-yerə vurdu, günəş şığıdı yandırdı ki, bütün bu təcavüzlər get-gedə onu daşa çevirdi. Qadının daşlaşması kainatın sonu deməkdir. “Kişiləşmiş” qadın yaradılışın cızığından çıxması deməkdir, və mən o qadınla çox razıyam: kişinin qadınlaşması - təbiətindirsə, qadının kişiləşməsi cəmiyyətin günahıdır. Cəmiyyət kimdir? Yumşaq torpağı ayaqlar altına düşmüş görüb üstünə hücum çəkən həmən yağışdı, küləkdi, günəşdi...

Qadına qarşı olan bütün bu zorakılıqların İslam dininin adına yazılması da alayı bir dərddi. Dərddi, ona görə ki, əsl səbəbkar tapılmayınca eyni cinayət hər gün-hər gün təkrarlanacaq, qadın yenə də, yenə də vurulacaq, əziləcək, yəni olan yenə də qadına olacaq! O İslam ki, onun banisi deyirdi: “Qadın qəhrəman (döyüşçü) deyil, onunla qəhrəman kimi deyil, bir reyhan (xoş ətirli gül) kimi davranın”. 
O İslam ki, Romada hələ 9-10 –cu əsrlərdə qadını insan hesab edəkmi-etməyəkmi müzakirələri getdiyi halda ondan düz üç əsr öncə hökm vermişdi: 
“Qadınını döyən kişi vurduğu xəsarətin miqdarından asılı olaraq qadınına diyə (cərimə) ödəməlidir!” 

O peyğəmbər ki, övladlar arasında fərq qoymaram, qoymalı olsam, qız övladını tərcih edərəm, deyirdi.

Və nəhayət, (İslamın nazil olduğu vaxtlar qadına qarşı amansızlıq o qədər acınacaqlı idi ki) Allah bu məsələyə bir başa özü müdaxilə elədi.

“Qadınlarınız sizin tarlanızdır!”

Olsun ki, bəziləri yenə məsələni düz anlamaq istəmədilər, Allah bu sözlə qadını təhqir edir, dedilər. Halbuki tarla nədir? Xüsusi diqqət tələb edən məhsuldar həyat mənbəyi. Ucu-bucağı görünməyən isti qum səhralardan cana gələn bir ərəb üçün qadının əhəmiyyətini çatdıra biləcək “tarladan” gözəl nə ola bilərdi?!

Qadının diri-diri basdırıldığı bir vaxtda Allah onun həyat mənbəyi olması məsələsinə diqqət çəkdi. Tarlanı vaxtı-vaxtında suvarmaq lazım, tarlanı qurddan-quşdan qorumaq lazım, tarlaya məhsulsuz-faydasız quru səhralıqlar kimi vecsiz yanaşmaq olmaz, dedi. Buydu məlum ayənin insanlığa olan hekayəti. Allah “tarla” ifadəsiylə qadına çox böyük bir fayda tanıdı: O, həyat mənbəyidir! 

Tarla! Onu bir gün belə susuz, qorumasız, diqqətsiz qoymaq olmaz!

Kişilərsə yenə də məsələni tərsə anladı...

PS. Sağlıq olsun, 50 il sonra yeni bir iri həcmli yazının üzərində işləyəcəm, orda hələ adını qoymadığım şıltaq bir qız lopabığ, şorgöz kişiyə belə deyəcək: Baxmaq mübah, toxunmaq yasaq!

Sonra da şirin-şirin qımışacaq: Yəqin Allah ona görə qadın peyğəmbər göndərməyib ki, siz kişilər onun dediklərinə məntiq, şüur üzündən deyil, ehtirasdan iman gətirərdiniz - sadəcə qadının xoşuna gələ, gözünə girə, onu sahiblənəsiniz deyə.

Olsun ki, qızın cəmi 17 yaşı olacaq, məncə, çox da məntiqsiz danışmayacaq.