BURA / ORA
Qabyuyan qadın çalışdığı restoranın sahibi oldu Tarix : 03 Oktyabr 2018, 10:43
Yazar : Qadinkimi.com
Türkiyənin Kastamonu şəhərində yaşayır. Üç  il əvvəl restoranlardan birində qabyuyan kimi işə başlayıb.  Zamanla restoran işini öyrənib. Restoranın 180 min lirə icra borcu yaranır. Həmidə Sazaq adlı bu qadın  oranı bu borcla təhvil alıb işlətməyi düşünür.  Dövlətdən 1 qəpik dəstək almadan, tamamilə nisyə çalışaraq bütün borcu 1 ildə ödəyə bilir.  

 

İki uşaq anası Həmidə Sazaq uşaqlarının gələcəyi üçün illərlə müxtəlif iş yerlərində çalışıb. 2015- ci ildə qabyuyan kimi işə başlayanda özünün də ağlına gəlməzdi ki, nə vaxtsa bu restoranın yiyəsi olacaq.  Həmidə Sazaqın çalışdığı iş yeri bir müddət sonra maddi problemlərdən bağlanma  nöqtəsinə gəldikdə qadın bu işi bacara biləcəyini düşünür və riskə gedir.
Heç bir maddi ehtiyatı olmasa da, özünə inanır. Yoldaşı başda olmaqla yaxın ətrafı 180 min lirəlik borcu olan restoranı götürməsini absurd sayır.  Heç kim bu borcu ödəyə biləcəyinə  inanmır. Həmidə Sazaq isə fikrindən dönmür. Bir nəfərlik kadrla restoranın başına keçərək aşbazlıqdan ofisiantlığa, təmizlikdən qabyuyana qədər  hər işi özü görür. 

 
 

Borcu bir ildə bağlayır.  Zamanla restoranı ayağa qaldırır. Yay tətillərində övladları da yanında çalışaraq ona yardım edirlər. Beləcə bir müddət sonra Həmidə əlavə 4 işçi də götürür. İndi restoran yalnız qadınların çalışdığı yer olaraq  fəaliyyət göstərir.  
İstəyəndən sonra qadının hər işi bacaracağını deyən Həmidə Sazaq, qadınları qorxmadan iş həyatına atılmağa çağırır.  Restoran sektorunda da qadınların uğur qazana biləcəyini deyir.  Həmidə Sazaqın işinə ətrafda hər kəs böyük maraqla azarkeşlik edir.