YAZI / DÜŞÜNCƏ
Paşa Qəlbinur - Onun sevgisi və mənim sevgim Tarix : 19 Mart 2020, 16:30
Yazar : Qadinkimi.com

(Esse - Onun sevgisi və mənim sevgim)


İBRAHİM BƏY TOBÇUBAŞOV

Yuxu: Quba. Aşura günü, adətən, küçədə yolboyu ara-sıra gözə dəyən ehsan süfrələri açılır. Samovar çayı, bir büküm halva, qənd. Bu gün də beləydi. Qubada bircə evin qarşısında fərqli, hələ heç kimin görmədiyi bir mənzərə var idi: Manqalda kabab bişirdi. Samovar qaynayırdı. Süfrədə konyak, araq var idi. Yoldan keçənlər süfrəyə dəvət olunurdu...

Saatın zənginə qan - tərin içində yuxudan ayıldım... Bu yuxuya birazdan qayıdacam.

Bu gün mən, uşaqlıq illərindən idealım (kumirim), müəllimim, sənətinə, yaradıcılığına, şəxsiyyətinə pərəstiş etdiyim professor İbrahim bəy Topçubaşovdan 15 yaş böyüyəm. Mən onu ilk dəfə canlı görəndə, əksinə o, məndən 27 yaş böyük idi. Təxminən 45 yaşında idi. Bakıxanovla Səməd Vurğun küçəsinin tinində yerləşən gözəl binanın önündə biz – Tibb İnstitutunun birinci kurs tələbələri – mən, Eldar, Hüseyn, dostlarımız Vahid, İlyasla birlikdə təsadüfən müəllimimiz – vaxtilə Üzeyir bəyin tələbəsi olmuş bəstəkar, şair, həkim Kazım Aslanlıya rast gəldik, salamlaşdıq. Elə bu vaxt önümüzdə bir "Volqa” avtomobili dayandı. Kazım müəllim dedi ki, baxın, professor İbrahim bəy Topçubaşovdu. O, maşından düşdü, bizim qarşımızdan keçəndə salam verdi və bir az yeyin addımlarla binanın girişinə doğru irəlilədi. Əynində tünd buludu rəngli mövsümə uyğun (sentyabrın əvvəlləriydi) kostyum var idi. Orta boylu, qarabuğdayı, iri qara gözlü (gözlərində qəribə parlaqlıq var idi), qalın qaşlı, indiki dillə desək, lazım olduğundan artıq çəkili bir kişi idi. Üzündə nə təkəbbür, nə iddia, azca ciddilik, yalnız harayasa tələsən insanın ifadəsi var idi. O, binaya daxil olanda Kazım müəllim dedi ki, o mənim qonşumdu, Flora Kərimovayla evlənib. Onunçün gözəl mahnılar yazıb... Floranın da səsi aləmdi... O, danışmaqda davam edirdi. Ancaq mən onun dediklərini daha eşitmirdim. Çünki xəyalım məni uşaqlıq illərimə - beş, altı, yeddi, səkkiz yaşlarımdakı vaxtlara aparmışdı. O vaxtlar mən xəstəlik dərəcəsində futbol azarkeşiydim. Məsələn, "Neftçi” Leninqradda "Zenitə” 3:1 uduzdu. Düz iki gün başım ağrıdı, həmin gecə səhərə kimi yata bilmədim. Uşaq vaxtı ən vacib sözləri atam otaqda heç kim olmasa da, pıçıltıyla qulağıma deyərdi. Əslində bu sözlər, öyüdlər, vəsiyyətlər mənim ömrüm boyu yadımda qalacaq və gələcəkdə həyatda, yaradıcılığımda istifadə edəcəyim qiymətli xəzinələr olacaqdı. Bəziləri isə öncəgörmələr – otuz, qırx, əlli, altmış il sonraya olan proqnozlar idi.
Bir dəfə fizika dərsini axşam yaxşı hazırlamamışdım. O, əyilib qulağıma pıçıltıyla dedi: "Bax, sən dərslərini yaxşı oxumasan böyüyəndə heç vaxt xarici ölkələrdə canlı futbola baxa bilməyəcəksən, məsələn, İngiltərədə, Amerikada. Çox yaxşı oxusan İbrahim Topçubaşov kimi olacaqsan...”
Futbol mənim yaralı yerimiydi. Dərhal kitabı götürdüm əlimə.

Orta məktəb illərində sərbəst güləşlə məşğul olurdum. Gərgin məşqlər vaxtımı çox alırdı. Yarışların birində sağ qolum bazu oynağından çıxdı. Axşam evdə atam qolumu gipsdə görəndə çox əsəbləşdi: "Əşi, mən səni İbrahim Topçubaşov kimi görmək istəyirəm. Sən də gedib süpürrəşirsən. O qədər güləşən var ki...”

Sonralar bildim ki, atam-anam məni niyə alim, cərrah kimi daha məşhur Mustafa bəy Topçubaşovla yox, İbrahimlə həvəsləndirirdilər. Çünki İbrahim həm də gözəl bəstəkar idi. O vaxtlar mən də təzə-təzə şeir yazmağa başlamışdım.
İllər uzunu təkrar-təkrar beynimə təlqin olunan idealım indi ilk dəfə canlı olaraq gözümün önündən keçib getdi. Ona görə Kazım müəllim onun haqqında daha nələr danışdısa, mən eşidə bilmədim.
İdealımla ikinci görüşüm Tibb İnstitutunun o ilki buraxılış gecəsində oldu:
Biz, birinci kurs tələbələrindən bir neçə nəfər Opera Balet Teatrındakı təntənəli görüşdən sonra dağüstü parkda səhərə qədər davam edən o unudulmaz gecədə iştirak edirdik.O gecəni dünyanın heç bir rəssamı və ya yazıçısı axıra qədər təsvir edə bilməzdi. Ancaq yenə də bir neçə kəlmə:
O vaxtlar mənim kumirim professor İbrahim bəy Topçubaşovla yaradıcılığa yeni başlayan Flora Kərimovanın məhəbbətlərinin zirvəsi idi (həmin illər Flora xanım Tibb İnstitutunda təhsil alırdı).
Dağüstü parkda "Drujba” restoranının həyətində İbrahim bəy royalda məhz Flora üçün bəstələnmiş nəğmələrini çalır, Flora oxuyur... Gözəl ilıq bir payız gecəsi. Gecə uzun, ömür qısa... İbrahim bəyin gözlərində qəribə ilahi bir eşq parıltısı – ay işığı qarışıq...

Bir virtuoz cərrahın, böyük alimin böyük ürəyi royalın şirmayı dillərində gəzir... Əllər quluydu o ürəyin... Mən – sonralar Riçard Bartonu Yelizabet Teyloru sevən anlarında səhnədə görmüşəm, mən – Mehdi Məmmədovla Şəfiqə Məmmədovanın müqəddəs sevgilərində (bu sevdanın zirvəsində) "Xəyyam”da tərəfmüqabil olanda görmüşəm, onlar özlərini oynayanda görmüşəm, eşqin özünü görmüşəm!.. Mən Rübabəni Leyli oynayanda görmüşəm. Ancaq onların heç biri o gecədə İbrahim ola bilməzdi. O gecədə Həzrəti İbrahimin sevdalı ürəyi oxuyurdu və o ürək Floranı oxudurdu. Flora da ki, Flora. O təkrarsız səs, gözəl ürək, İbrahimin ilahi məhəbbətiylə qovuşmuşdu, bir atəşdə iki pərvanə yanırdı. Odun, işığın çatırtısı hələ də qulaqlarımda səslənir, ürəyimi bağrımdan qoparıb aparır, aparır...

Və mənim ürəyimin ildırımlı şimşəklərində bir heyrətim də onda havalandı ki, İbrahim müəllim əlləri röyalın şirmayı dillərində oxumağa başladı. O səs – cərrahın, bəstəkarın, alimin, natiqin bənzərsiz səsi, hələ də qulaqlarımdan getmir. Sonralar mən Tofiq Quliyevi, Emin Sabitoğlunu, Şəfiqə Axundovanı və b. özləri öz nəğmələrini ifa edəndə canlı dinlədim – hamısı da gözəl ürəyəyatımlı! Ancaq İbrahimin ifası bənzərsiziydi...

O gecədə mələklər də göylərdən enib, bizim aramızda haradasa bir mübarək yerdə əyləşmişdi. O gecə ayrı bir gecəydi...
O gecə səhərə kimi Dağüstü parkda gəzintilərlə, şirin söhbətlərlə, nəğmələrlə davam elədi. Onda nə Qarabağ getmişdi, nə saysız qayğılarımız varıydı. Onda atam, anam, qardaşım, babam, nənəm, dayım sağ idi. Ayın işığından tutub göylərə dırmaşırdım ürəyim istəyəndə. Rəsul Rza demişkən, yol gedəndə heç kim məni tanımırdı, əzələləri kürəyimdə, qolumda balıq kimi gəzdirirdim...

Üçüncü görüşümüz "Yanıqlar” mühazirəsində oldu. Bəlkə bu söyləyəcəklərim indiki gənclərə bir az qəribə gəldi. Bizlər tələbə olanda, o zamankı ali məktəblərdə olan görkəmli alimlərin mühazirələrinə qədim yunan natiqlərini dinləməyə gedən könüllülər kimi qulaq asardıq. O natiqlərin, alimlərin sırasında riyaziyyatçı Qara Bəhram, unudulmaz Azad Mirzəcanzadə, İbrahim bəy Topçubaşov və başqaları var idi. Mən – o zamankı birinci kurs tələbəsi bu minvalla iki dostumla birlikdə hələ dördüncü, beşinci kursda  mühazirələrə könüllü gedirdik. Bu mühazirə də o qəbildən idi. İynə atsaydın, yerə düşməzdi. Tibb İnstitutunun müxtəlif kurs tələbələri, Politexnikin, Universitetin, Neft-Kimya İnstitutunun və s. tələbəliri vardı. Ayaq üstə durmağa da yer yox idi. İbrahim bəy mühazirə oxuyurdu. "Yanıqlar” bəhsinin "Şua yanıqları” bölümünə çatanda "Xirosima-Naqasaki” faciəsinin təsvirində onun çöhrəsi bulud kimi oldu, gözəl nitqi azca titrədi və birdən pəncərəyə tərəf döndü. Üzü pəncərəyə, şəhərə, arxası salona bir nəhəng kişi hönkürürdü... Hamı nəfəsini çəkmişdi. Bir dəqiqəyə qədər davam edən bu mənzərə çox şaşırdıcı və gözlənilməz idi. O, gözlərini dəsmalla sildi və auditoriyaya tərəf çevrildi. Mühazirə davam edirdi... Qarşımızda Böyük Alim, virtuoz cərrah, təkrarsız Natiq, böyük ürək sahibi, qəlbinə dünyanın bütün rəngləri, sevgisi sığan müəllim, aşıq, bəstəkar, vulkan dağı, nur şəlaləsi – professor İbrahim bəy Topçubaşov idi...

Dördüncü görüşümüz Mustafa bəyin E.Əfəndiyev adına xəstəxanada yerləşən cərrahiyyə kafedrasında oldu:
Böyük cərrahiyyə otağı. Biz tələbələr otağın "şüşə papağından” baxırıq. (Həkim və tələbələrin otağa daxil olmadan əməliyyatları izləmək üçün xüsusi inşa olunmuş kümbəz). Otaqda İbrahim bəyin assistenti dosent Əli Abbasov (Alik), ikinci assistenti sevimli tələbəsi Qəmbər müəllim, kafedranın əməkdaşları – Azər, Akif və Şəfa müəllim. Xəstə əlli dörd yaşında nisbətən arıq, mədə rezeksiyası nəzərdə tutulan kişi. Xəstənin kürək əzələlərinə hər iki yandan məhlul inyeksiya edillir. Müəllimimiz bizə izah edir: "Bu, Mustafa bəy Topçubaşovun "Efir-yağ anesteziyası”dır (etil spirti, şaftalı yağı və novakain). Dünyada analoqu olmayan yeni üsuldur. Bu üsulun eksperimental elmi əsaslandırılmasında böyük fizioloq professor Q.Qəhrəmanovun  zəhməti olmuşdur. İbrahim Topçubaşovun da bu üsulun tətbiqiylə bağlı elmi araşdırmaları dünyanın bir çox nüfuzlu elmi dərgilərində çap olunub. Bu üsulla anesteziyanın fəsadından ölüm riski sıfırdır ("0”). Ən ağır əməliyyatların gedişində xəstənin huşu tam aydındır,”analgeziya davamlıdır.”

Onu da deyim ki, o zamanlar heç kim bilmirdi ki, M.Topçubaşov və Q.Qəhrəmanovun bu üsulu bir neçə il sonra 1977-ci ildə Nobel mükafatı komitəsinin təklifiylə mükafata təqdim olunacaq, 1978-ci ildə mükafatın təqdim olunmasına bir neçə ay qalmış Sovet rejiminin (qaraguruhun) qara əlləriylə "Bakinski raboçi” qəzetində 4 nömrədə Alfred Nobelin əleyhinə məqalələr dərc olundu. Guya Nobel Azərbaycana zərər və fəlakətlər gətirmişdir. Sovet rejimi Nobeli "ifşa” edirdi. Rejim heç vəchlə razı ola bilməzdi ki, müstəmləkələrindən birinin alimləri bu ada layiq görülsün.

Q.Qəhrəmanovun xatirələrindən: "1978-ci ilin oktyabr ayında əl radiosunu götürüb bağa getdik. Radioda Nobel mükafatı laureatlarının adları çəkilirdi. Bizim adımız çəkilmədi. 1978-ci ildə tibbə və fiziologiyaya nəzərdə tutulmuş mükafat heç kəsə verilmədi. Mustafa bəy mənə dedi: "Qəhrəman, mən dünyanı görə-görə gəlmişəm. Sənin başın çox qovğalıdır. Mükafat səni hücumlardan qoruya bilərdi”.

Cərrahiyyə otağındakıların çox da nəzərə çarpmayan səfərbərliyi. Mənim idealım əməliyyat geyimində otağa daxil oldu. Əməliyyat başladı... Musiqinin əməliyyat otağında xəstəyə və cərrahlara təsiri mövzusunda İbrahim Topçubaşovun rəhbərliyi altında dissertasiya yazan Akif doktoru xüsusi musiqi müşayiət edirdi. Ətrafa könül oxşayan həzin musiqi yayılırdı – ətir kimi, dağ havası, bulaq suyu kimi...

O gündən düz on il sonra mənim aktiv cərrah ömrüm başlayacaqdı. Bir ömür dünyanın yaxın-uzaq ölkələrində əməliyyat otaqlarında ağır xəstələrin çətin problemləriylə üz-üzə qalacaqdım. Ancaq onların heç birində o günkü qədər həyəcanlı olmadım. O gün yuxarıdan – "şüşə gümbəzdən” baxanda 10-a yaxın kiçik "qar təpəcikləri” və bir ağappaq "dağ” görürdüm. "Ağ dağın” əlində gah skalpel, gah da başqa alətlər əməliyyat masasındakı xəstəyə can verirdi. Can verirdi deyəndə, elə bil ki, bir adamın kəsilmiş qarnında dünyanın ən nadir, miniatür xalısı toxunurdu. Əllər ağ, naxışları qırmızı kəpənək idilər, çəmən çiçəklərinə qonur və yenə azca havalanıb, titrəyib, yenidən qonurdu...

Dünyanın ən böyük əl sürətiylə əllərin cəldliyi bəhsə girmişdi, seyircilərin təfəkkür sürəti onlara çata bilmirdi. Elə bil ki, dünyanın cüt ən sürətli göyərçin raketinin dalınca nə qədər səy etsə də çata bilməyən əlliyə yaxın göz düşmüşdü...

Bir insanın mədəsində dünyanın ən zərif xalısı toxunurdu... Xəstə suallara aydın cavablar verirdi. Ağrı yox idi.
Mən dilin belə şirinliyini, sözlərin Məkkə göyərçinləri kimi, mübarək uçuşunu, rənglərin və təsvirlərin ilahi harmoniyasını ilk dəfə bu biçimdə canlı görürdüm. O dil ilanı yuvasından çıxara bilərdi. O dil Stravinskinin məhəbbətinin zirvəsi – "Simurq quşu” baletinin sözə transformasiyası idi. O dil "ol”! kəlmsindən yaranan dünyamızın, o uzaq "ol!”un əks-sədasıydı!...

O zamanlar qəzetlər böyük-böyük başlıqlarla onun haqqında xoş sözlər yazırdılar. O, yenicə Türkiyə, İtaliya və Yaponiya səfərlərindən qayıtmışdı. Hər üç ölkədə öd kisəsi məməciyinin xərçənginin yeni cərrahi müalicə üsulunu uğurla nümayiş etdirmişdi. Silsilə göstərmə cərrahi əməliyyatlar keçirmişdi, Türkiyədə cərrahlar cəmiyyətinin fəxri üzvü seçilmişdi.
Ankarada konsertdə Nesrin Sipahi onun bəstələdiyi "Dağlarda duman gözəldi” mahnısını ifa edirmiş. İbrahim bəy fasilədə xanımdan bu şarkının bəstəçisini soruşub və məlum olub ki, müğənni bəstəkarın adını bilmir.

İtaliyaya səfərinin yekununda ona "Haribaldi qızıl medalı” təltif olunub. Türkiyədə oxuduğu iyirmi dörd mühazirənin qonorarını kasıblara məxsus cərrahiyyə klinikasının hesabına köçürüb... Bir il Türkmənistandakı dağıdıcı zəlzələ zamanı insanları təmənnasız ölümdən xilas edib.
O zamanlar müxtəlif adamlar bu parlaq şəxsiyyət haqqında ziddiyyətli fikirlər söyləyirdilər. O zamanlar televiziya insanların ömrünə bu qədər nüfuz etməmişdi – ruhumuzun məkanını bu qədər zəbt etməmişdi, internet yox idi. Azərbaycanda əsas dedi-qodu mövzusu futbol – Banişevski, Müslüm Maqomayev, gözəl Nərgiz (SSRİ KKB-sinin şefi Semiçastnının sevgilisi, fontanlar bağında onun adına restoran) bir də İbrahim Topçubaşov idi.
Deyirdilər ki, İbrahim dünyada olan bütün kişilərdən fərqli gizlin-aşkar sevdiyi qadınların hamısını ZAQSa aparıb, kəbin kəsdirib. Dörd dəfə evlənib. Deyirdilər ki, əsl kişi belə olar.

Hər dəfə uğursuz ailə həyatından sonra ata qınağı ilə, Sovet rejiminin ağır nəfəsiylə üzləşib, iş yerini itirib, məhrumiyyətlərə düçar olub. Çalışdığı cərrahiyyə kafedrasından Quba şəhər xəstəxanasına, oradan Maştağa xəstəxanasına, yerdəyişmələri də bu səbəbdən olub. Quba mərkəzi xəstəxanasında bir müddət cərrah işləyib. Orada öz tibb bacısına vurulub. O, ömür boyu çalışdığı xəstəxanalarda iş saatını səhər gimnastikasıyla başlayar, musiqinin müşayiəti ilə cərrahi əməliyyatlara davam edərdi. Xülasə, çox az bir müddətdən sonra həmin tibb bacısıyla, sonralar bütün Azərbaycanın tanıyacağı "Qubalı qız”la İbrahimin arasında böyük sevgi – məhəbbət dastanı yarandı. Və onlar ən qısa müddətdə ailə qurdular. Bu izdivacdan üç gözəl övlad dünyaya gəldi. İş onda idi ki, bütün bu gözəlliyin içində bir "no” var idi. O da izdivacdan əvvəl "Qubalı qız”ın öz əmisi oğluna nişanlı olmasıydı...
İllər keçdi, İbrahim atasıyla barışdı, Bakıya döndü, doktorluq dissertasiyası müdafiə etdi, professor oldu. Yuxusuz gecələriylə, tükənməz enerjisiylə, ürəyinin böyük eşqi, Allah sevgisiylə, düzlüyü ilə, öz halal zəhmətiylə şöhrətinin zirvələrinə ucalmaqda davam etdi. Çoxlu sayda tələbələri oldu. Onlara övladları qədər atalıq elədi. Məsələn: Qəmbər müəllimin istedadını görüb Tovuzdan Bakıya dəvət etdi. Bu kasıb balasına öz ikinci mənzilini verdi ki, yaşasın, elmi rəhbəri oldu. Neçə-neçə insanlara Allahdan aşağı ömür bəxş etdi qızıl əlləriylə. Musiqinin cərrahiyyə əməliyyatlarında istifadəsinin elmi əsaslandırılmasının bütün dünyada pioneri oldu, rəhbərliyi altında dissertasiya səviyyəsində elmi işlər aparıldı və s., və s.

***
Və bir gün təxminən qırx yaşlarında bütün zamanlar üçün Azərbaycanımızın və dünyanın ən gözəl səslərindən olan Flora xanıma tuş gəldi. (Musiqiçilərin diliylə desək, dörd oktava səsi olan, dünyanın ən nadir məxmərindən, işığından, dəniz köpüyündən, quş iliyindən, bir də ki, göylərin maviliyindən yoğrulan bir səs – ürək). Və bu mübarək görüşü – dünya durduqca qalacaq nəğmələri, məhəbbəti Allah- təala özü yazmışdı taleyinə İbrahimin. Ağır zəhmli atanın, dəmir məngənəli Sovet rejiminin gizli-açıq təqibləri İbrahim bəy kimi zərif qəlbli, böyük ürəkli insanı desək də, deməsək də sağdan-soldan sıxırdı. Ürək də ki, ürəkdi də, o da ola cərrah ürəyi, aşiq ürəyi. Rəsmi bir insanın, kommunistin, ali məktəb professorunun, müəllimin, üstəlik dünyada tanınan akademik oğlunun özüylə nəzərə çarpacaq yaş fərqi olan həkim, tələbə, müğənniylə dördüncü evliliyi. O zamankı Sovet cəmiyyəti bu gerçəkliyi qəbul etmək gücündə deyildi. Səhnələrdə min il əvvəl vaqe olan Leyli-Məcnun faciəsi təqdir olunurdu, ancaq göz önündə onun qədər aydın və mübarək bir eşq təqib olunurdu.
Qızıl əlləriylə, istedadı, ağlıyla, sevdalı ürəyiylə Vətənimizi dünyada tanıdan bu nəhəng, dürüst şəxsiyyətə min illər təqdir olunan eşq, bu gün yaşandığına görə irad tutulurdu.

Onun mübarək eşqi, nəğmələri, şəxsiyyətinin, sənətinin işığı dünyada ən uca musiqili fəvvarə kimi mazutlu bir şəhərdən, xeyli mazut qəlbli insanların arasından göylərə ucalırdı, ürəklərə sevinc, gözlərə nur paylayırdı. Ancaq o nur zərrəcikləri yerə qayıdanda, yenə o mazut ürəklərlə bir bərabərə çatanda ağrılar, acılar təzələnirdi. Bu minvalla göylərə zillənən işıq şəlaləsi yerlərə dönüşündə ağrı-acılara tuş gəlirdi. Ucalardaydı onun xoşbəxt məhəbbət ömrü. O da dəqiqələr çəkirdi. Zamanın qalan böyük bölümündə qaranlıq və cəhalət var idi. Və həmin cəhalət də onu qırx beş yaşında bu dünyadan qoparıb qədri bilinəcəyi bir dünyaya aparanda, bizim beşinci görüşümüz baş tutdu:

Böyük – çox böyük izdiham. Qara örtüklü tabutun dalınca müxtəlif məsafələrdə dörd qara geyimli, qara örpəkli qadın gedir. Ən kiçiyinin iyirmi doqquz, ən böyüyünün qırx beş yaşı var. Ən kiçiyi – Flora xanım onlardan bir az arxada addımlayırdı. Dördünün də qoluna yaxın rəfiqələri girib. Yoxsa addımlamaq olmazdı. Bu boyda dərdi tək daşımaq olmazdı!..

Onların dördü də tabutun dalınca mənə yaxın məsafədə addımlayırdılar. O hıcqırtılar, yanıqlı göz yaşları ürək dağlayırdı. Flora xanıma daha yaxın idim. Fikrim öndə tabutda gedən kumirimdə idi. Ömrümdə gözlərimdən bu qədər yaş axmamışdı. Birdən diqqətimi Flora xanımın yaxın məsafədən aydın eşidilən zümzüməsi çəkdi. O, İbrahimin ona həsr etdiyi mahnını qəribə yanıqlı səslə oxuyurdu. Bu eşitdiyim ağıların ən acısı, təsirlisi idi. Az qalırdı damarımda qanım dona. Elə bil ki, dünyanın ən təsirli zəhərinə bal qatmışdılar. Ölüm səsdə, nəğmədə həll olmuşdu...

Haşiyə:

Bu hadisədən düz otuz il sonra Flora xanım mənim sözlərimə Ətiqə Ələkbərovanın bəstələdiyi "Allah mənim köməyim ol” mahnısını həmin səslə oxudu...
O ağır, unudulmaz gündən üzü bəri yaxın – uzaq səfərlərimdə müəllimim, idealım İbrahim bəy Topçubaşovla bağlı bütün xatirələri ürəyimdə əzizlədim, saxladım. Bir neçəsini sizlərlə bölüşəcəyəm.

Tələbəsi, indi ATU-nun cərrahiyyə kafedrasının müdiri professor Həsən Sultanov:

"Bərdənin baş həkimi və cərrahı idim. Maddi sıxıntım yoxdu. İbrahim müəllim elmi rəhbərim idi. Müdafiəm çox yaxşı keçdi. Müdafiədən sonra ""İnturist”də banket behlədiyimi, kimləri buyurursunuz dəvət edin, axşam bu günü qeyd edək” - dedim. Etiraz elədi: Bu gün əməliyyatlarım olub, yorulmuşam, sonra da müdafiə, axşam da "Neftçi” oynayır, futbola gedəcəm. Bir ayrı vaxt qeyd edərik. Mən də utana-utana təkid elədim. Biz artıq geyinib küçəyə çıxmışdıq. Gəldik "Təzə bazar”a. Girəcəkdə, Gəncə səbətləri satılan yerdə dörd dənə böyk səbət aldı. Tez iki nəfər köməkçi çağırdım. Ət dükanında qəssaba iki qoç kəsdirdi, hər birini iki şaqqaya böldürdü, hər səbətə bir şaqqa qoydurdu, sonra bu minvalla hər səbətə 5 kq alma, 5 kq mandarin, balıq, meyvə, göy-göyərti, xülasə, bir evə lazım olacaq bir həftəlik bazarlıq. Dörd çox böyük səbəti iki taksiyə qoyduq, ünvanları dedi, hər ünvanda dayanıb taksi sürücülərinin köməyiylə (evlərin ikisi liftsiz idi) ünvanlara çatdırdıq, axırıncı səbəti Flora xanım yaşayan evə gətirdik. Bu ünvana çatanda gözümün ucuyla müəllimimin üzünə baxdım. Bu dolu bədənli, ağır çəkili adam əməlli başlı yorulmuşdu, tərləmişdi. İstəməsəm də təkidlə məni evə dəvət etdi. Saat təxminən altı olardı. Dedi ki, səhərdən başım işlərə o qədər qarışıb ki, heç nahar etməmişəm. Evdə heç kim yox idi. Soyuducudan yarım kiloluq şüşə qabda qara kürü, kərə yağı, ağ çörək və konyak gətirdi. Mən utana-utana kürü sevmədiyimi dedim, təkid etdi ki, birlikdə əyləşək. Kiçik çörəyə yağ və kürü sürtdü. Qalan bütün kürünü, yağı böyük çörəyə çəkib yedi. Nisbətən iri qədəhlərə konyak süzdü, məni uğurlu müdafiə münasibətilə təbrik etdi, qədəhləri içdik və mən ondan ayrıldım. Taleyindən keçən o dörd xanıma İbrahim bəyin münasibəti heç vaxt yadımdan çıxmaz. Yol boyu elə bil ki, aydan yerə dönmüş bir adam idim...
Sağlam qidalanmağın yolunu axı o bizim hamımızdan daha yaxşı bilirdi. O, niyə belə edirdi?..”

ATU-nun kimya kafedrasının dosenti Əziz Məmmədov:
"Dost idik. Evdə yeyib-içirdik. Birdən həyat yoldaşımın biləyindəki şişi gördü, süfrədən dik qalxdı, yaxınlaşdı, əliylə tutdu, "klinikaya gedirik,” – dedi. (Onu da deyim ki, mən həyat yoldaşımı düz üç aydı ki, həkimə aparmağa razı sala bilmirdim. Qorxurdu...). Bu professor, İbrahim Topçubaşov idi. Böyük şöhrəti, sənəti, xəstələrə, – nüfuzlu ucalıqdan mütləq ani təlqini: "Gedək, dedi, – bir azdan qayıdarıq...”
Klinikaya zəng elədi: "Əməliyyat otağını hazırlayın.” Yeməklər süfrədə qaldı. Mən heç cür gözlərimə inana bilmirdim ki, "qorxaqların padişahı” xanımım necə ani olaraq getməyə razı oldu. Biz klinikaya daxil olanda həyat yoldaşımın ən çox xoşuna gələn musiqi sədaları (əlbəttə Flora xanımın ifasıyla) üstümüzə çiləndi...

İki saatdan sonra evimizdəydik, İbrahim bəy sağlıq deyirdi...
İbrahim dünyasını dəyişəndə üç gün evimizdə matəm oldu. Üç gecə-gündüz mən həyat yoldaşımı sakitləşdirə bilmədim...”

Tələbəsi, indi yetmiş beş yaşı olan dosent Azər Şadlinski.

"Mən ömrümdə çox cərrahlar və natiqlər görmüşəm. Heç bir qələm onun cərrahiyyə əməliyyatlarındakı əllərinin uğurunu, insan topoqrafik anatomiyasına bu qədər bələdliyini, xəstələrə baxışdan sonrakı ilahi təhlilini, mühazirələrindəki dil şirinliyini, royalın arxasında özü öz nəğmələrini ifa edəndə olan halını təsvir edə bilməz. Sonra sakit səslə: sən də əbəs yerə özünü yorma...”

Tələbəsi dosent
Şəfa Əliyev.

"Professor İbrahim Topçubaşov geniş dünyagörüşünə, müstəsna istedada və dərin zəkaya malik bir alim idi. O, böyük işgüzarlığı və gərgin əməyi ilə hamını heyran edirdi, cərrahlığın müxtəlif sahələrində eyni intensivlikdə uğurlu fəaliyyət göstərirdi. Özü öz işindən zövq alırdı!!.
Qırx beş il, üç ay, iyirmi doqquz gün mənalı bir ömür yaşadı.”

Professor
Zəhra xanım Quliyeva:
Qonşu idik. Uşaq baxçasına birgə gedərdik. İbrahim kök, nadinc uşaq idi. Bir yerdə durmazdı. O qədər o yan-bu yana qaçardı ki, qan-tər içində olardı. Müəlliməsi kürəyinə paltarın altından ağ dəsmal salardı, tez-tez də dəyişərdi... Bir dəfə təxminən on yaşım olanda, anam məni nə üçünsə Reyhan xanımgilə göndərdi...  Elə yenicə sözümü demişdim ki, İbrahim həyətdən evə gəldi. Məni görcək royalın arxasına keçib ani bəstələdiyi və sözlərini quraşdırdığı mahnısını çalıb - oxumağa başladı: "Zəhra bizə qonaq gəlib...”Onu bir dəfə görən adam ömür boyu unuda bilməzdi...!!!”

Haşiyə:

Keçən əsrdə dünyada insanın bütün əzalarında (ayaqdan - başa, beyinə qədər, qaraciyərdən ürəyə qədər, damarlardan sümüyə qədər hər yerdə, hər yerdə) bıçağı işləyən bir neçə Böyük Cərrah, Alim yaşayıb. Azərbaycanın payına akademik Mustafa bəy Topçubaşov düşmüşdü. (Çox-çox ölkələr, məmləkətlər var idi ki, heç belə birisi də yox idi). O Mustafa bəyin də iki tələbəsi belə hünər sahibiydilər. Biri professor Fuad Əfəndiyev, digəri professor İbrahim Topçubaşov.  Hər ikisi  müəllimlərinin yarı yaşında bizləri tərk etdilər...

Bu yazını məhz indi yazmağa məni sövq edən gördüyüm yuxu oldu.
Əslində bu yuxu mənim idealım professor İbrahim bəy Topçubaşovun tələbəsi, professor Baxşəli Baxşəliyevin beş il əvvəl mənə danışdığı gerçəyin yaddaşımdakı kölgəsi idi. Baxşəli müəllim deyirdi ki, 1970-ci ilin 23 fevralında (o zamanlar Qubada şəhər xəstəxanasında cərrah işləyirdim) küçədə bir evin qarşısında süfrə açılmışdı. Beş addımlıqda manqalda kabab bişirdi, samovar qaynayırdı. Süfrədə araq, şərab var idi. Ev yiyəsi yoldan keçənləri dəvət edirdi. Heç olmasa, iki tikə kabab götürüb yüz qram araq vurmağı xahiş edirdi. Mən lap yaxından keçirdim, yaxınlaşdım. Xəstəxanamızın feldşeri orada idi. Soruşmaq istəyəndə başını aşağı salıb yavaş səslə dedi: "Baxşəli doktor, gedək, bu kişi İbrahim doktorun vaxtilə Qubada işləyəndə evləndiyi "Qubalı qızın” əmisi, həm də o vaxtlar nişanlı olduğu oğlanın atasıdır. Bu gün professor İbrahim Topçubaşov rəhmətə gedib. Bu axmaq kişi şadyanalıq edib, keçənləri süfrəyə dəvət edir...”

Baxşəli müəllim deyirdi ki, ayaqlarım bu ağırlıqda zindana dönməmişdi. Hannan-hana ayaqlarımı zorla dalımca sürüyə-sürüyə oradan uzaqlaşdım. Bir taksiyə oturub birbaşa: "Bakıya sür,” – dedim... Yol boyu nələr keçdi beynimdən, ürəyimdən. Xatirələr, xatirələr... Xeyirxahım, müəllimim, dünyanın ən gözəl kişisi, qadınların dəlicəsinə sevdiyi erkək, atam, qardaşım professor İbrahim bəy Topçubaşov. Yüksək mədəniyyətli, qanadlı, nəğməli, səxavətli, yaxşılıqdan doymayan, yorulmaq bilməyən, pislikləri görməyən, görmək istəməyən, zəmanəsinin düşməni, yetimlərin dostu idi o....

Bu gün Baxşəli müəllimlə telefon danşdım, hal-əhval tutdum, dedi ki, səhər iki ağır əməliyyat etmişəm. Ağır olsa da, vaxtilə mənə danışdığı xatirəsini onun yadına saldım. Dəstəkdə uzun fasilədən sonra güclə eşidilən hıçqırıqlar eşitdim. Nə isə demək istədi, tez sağollaşdım. Bəlkə də, demək istəyirdi ki, o faciə Cavidin, Şekspirin qələminə layiq idi. Heyif İbrahimdən,.. Onu hələ də əvəz edən yoxdur...

SON
İbrahim bəy bütün zamanlar üçün dünyanın ən gözəl cərrahı, Bülbül İnsanımız təkrarsız müəllimimiz, bənzərsiz ustadımız idi.
O, təpədən-dırnağa, başdan-ayağa eşq idi. Eşq – İşıqdır. İşıq haqdan yanırsa, məhv ola bilməz. İşıq qınanmaz! İşıq yalnız öyülər. İşığı quyulamaq olmaz. İşığı nə dondurmaq, nə də yandırmaq olar. İşıqdan adam islana bilər. Ürəklərdən qan qarışıq İşıq axa bilər... Maye işıq.

İşıq əsrin, zamanın, bir millətin, xalqın da damarlarından axa bilər. O heç vaxt yox ola bilməz. İşıq ucalıqdır! O, dua kimi Tanrıya ən tez çatandır! Bizi ucalara səsləyən İbrahim bəy işıq idi. İbrahim bəy İşıqdır, yalnız özünə bənzəyən!.. Həmişə var olan!!!

Gözəl böyük müəllimim, fizioloq professor Qəhrəman Qəhrəmanov deyirdi ki, şüurlu fəaliyyət emosiyasız qeyri-mümkündür.

Bir ömür emosional nəhəng vulkanda yaşayan İbrahim Topçubaşov bənzərsiz təfəkkür, enerji sahibi idi. Çox təəssüf ki, ətrafdakılara, xalqımıza, Vətənimizə nur çiləyən o gur enerji və zamanın basqısı onun özünü cismən belə tez məhv etdi. Qırx beş yaş nə idi ki...


Paşa Qəlbinur 

qadinkimi.com