BİLİM / DİN
Oxutduğu üçün söyülən şair - Mirzə Ələkbər Sabirin doğum günüdü Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

Bu gün böyük şair Mirzə Ələkbər Sabirin doğum günüdü. M.Ə.Sabir 1862-ci il mayın 30-da Şamaxı şəhərində doğulub.

Atası onu ruhani kimi görmək istədiyi üçün mollaxaya qoyur. Səkkiz yaşında oruc tutmağa məcbur edilən Sabirin yazdığı bu üç misra dillər əzbəridi. 

Tutdum orucu İrəmazanda,

Qaldı iki gözzərim qazanda,

Mollam da döyür yazı yazanda.

On iki yaşında maarifçi şair Seyid Əzim Şirvaninin açdığı məktəbə keçməsi ilə həyatı dəyişir. Zamanla Seyid Əzimlə Sabirin şagird – müəllim münasibəti dostluğa çevrilir.

Sabir “Molla Nəsrəddin” məktəbinin üzvlərindən biridi.  

Öz üslubunda Şərq poeziyasının təkrarsız şairidi.

Azərbaycan uşaq ədəbiyyatı üçün misilsiz şeirlər də miras qoyub.

Şeirləri, satiraları, tərcümələri ilə əvəzsiz irs yaradıb.  

Cəhalətlə, təhsilsizliklə mübarizə aparıb, məktəb yaradıb.

Azərbaycanın ən dindar dönəmində yaşasa da,  xurafata öz şeirlərində ironiya etməkdən çəkinməyib.

Buna görə çox böyük çətinliklər yaşayır. Xurafatçılar, cahillər ona təzyiq və təhdidlər ediblər.

1908-ci ilin yayında Sabir Şamaxıdakı karvansaraların birinin iki otağını xalçaçı dostu Hacı Ağaəlinin köməyi ilə təmir etdirib, sentyabr ayında Hacıbala Zamanov adlı bir nəfər həmyerlisi ilə bərabər «Ümid” məktəbini açıb. Onu maarifçiliklə məşğul olduğuna, insanları ayıltdığına görə təhdid edir, işinə əngəllər yaradırdılar.

1909-cu ilin payızında S.M.Qənizadəyə göndərdiyi məktubunda yazırdı:  

«Keçən sənə (1908-1909-cu tədris ili nəzərdə tutulur – A.B.) öz həmvətənlərimə xidmət etməyə himmət bağladım. Lakin bu xidmətlərə qarşı onlardan mükafat əvəzinə aldığım mücazatlara da pək ağladım. Daha taqətim, taq və səbrim başa gəlibdir. Yusif kimi ixvan əlində əsir qalmışam. Birisi sillə ilə üzümə vurur; ağuşi-məhəbbət açıb o birisi tərəfə yönəldikdə yumuruğun başıma zolluyur; ondan rugərdan olub başqasına mütəvəcceh olduqda döşümdən itələyir, ağzıma vurur; ona dal çevirdikdə digəri dalımdan vurur, ağzı üstə yıxılıram…

Halım fəna, güzəranım bir qəmli faciə mənziləsindədir…»

60-a qədər şagirdin oxuduğu “Ümid”də  şagirdlər yeni üsulda - skamyada oturur. Dərsdə əyani vasitələrdən istifadə edilir, ekskursiyaya çıxır, nəğmə dərsi keçir, eyni zamanda şəhərdə olan kütləvi bayram tədbirlərində öz çıxışları ilə iştirak edirdilər. Burada ana dili, fars dili, hesab, coğrafiya və digər elmlərə dair ibtidai məlumat verilir, Quran və şəriət öyrədilirdi.

Mirzə Ələkbər Sabir müsəlman qadınlarının hüquqları uğrunda mübarizə aparan, onların elmə, təhsilə cəlb olunması üçün çalışan şeirləri ilə də məşhurdu. Dövrün tam hüquqsuz varlığı olan qadınların gənc ikən yaşlı adamlara zorla ərə verilməsi, təhsil almaması, ictimai yerlərə buraxılmaması Sabiri narahat edir. Sabir  “qadın mövzusunda” silsilə şeirlər yazır. İlk feminist şeirlərin də müəllifinə çevrilir.

Xan dostu, amandı, qoyma, gəldi!

Didarı yamandı qoyma gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!

Bir şəklə uyan təhər deyil bu!

Allahı sevirsən, ər deyil bu!

Ərdodu, qabandı, qoyma, gəldi!

Didarı yamandı, qoyma, gəldi!

Ol gən ki, adaxladız, utandım,

Oğlandı, dediz, ərin inandım,

Ər böylə olurmuş?! İndi qandım;

Xandostu amandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrm,

Bir nazik ipə sarıldı bağrım,

Gup-gup döyünüb darıldı bağrım,

Canım oda yandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,

Ağ tükləri bəllidir qaşında, Gərçi qocadır - babam yaşında,

Amma sodamandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,

Qətran qoxusu gəlir boyundan,

Lap doğrusu qorxmuşam xoyundan,

Bir əfi ilandı, qoyma gəldi

Kirdarı yamandır, qoyma, gəldi!

Bəzən qadınları maarifləndirmək üçün onları elə öz dillərindən tənqid edir:

Ay başı daşdı kişi! Dinmə, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Keyfınə dəymə, söyə ya sənə, ya qardaşına,
Atavun goru üçün, boşda bu tifli başına!
İndicə-indicə ancaq yetir on bir yaşına,
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,--
Oğlu söydükcə fərəhdən açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!?
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Deyilik erməni, zaye edək övladımızı,
Oxudaq gözləri açılmamış əhfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Özünə müxtəlif təxəllüslər götürür. Ən məşhuru Hophop - du.

Sabir 1910 - cu ildə ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər.  Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz

qəbiristanı"nda dəfn olunur. Şairin ilk şeir kitabı "Hophopnamə" adı ilə ölümündən sonra 1912- ci ildə xanımı Büllurnisə Tahirzadənin təşəbbüsü ilə İsa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində çap edilir.