YAZI / DÜŞÜNCƏ
Çoxmu istədim - Yeganə İskəndərova Tarix : 04 Yanvar 2020, 15:19
Yazar : Qadinkimi.com
Yeni ilin ilk ayı
 

Yeni - 2020 - ci ilin ilk günlərini yaşayırıq. Hamının arzuladığı, diləklərimizin gerçəkləşdiyi, həyat eşqilə yaşamaq üçün möcüzə ilə dolu uğurlu bir il olsun istərdim...

İnsanın mövcud olması və yaşaması üçün vacib olan faktorların hər biri möcüzədi. Kainatın yaranması, Günəş sisteminin mükəmməl şəkildə meydana gəlməsi də möcüzədi. Bu möhtəşəmliyin fonunda ən şüurlu məxluq insan olsa da, heyvanlar öz nəcibliyi, sadiqliyi, vəfası ilə sevimlidirlər. İlin heyvan üzərində təhvil olması da bir təsadüf deyil.

Zaman - zaman insanlar ağılın hüdudlarına sığmayan göy cisimlərinin hərəkətlərini və səmadakı hadisələri diqqətlə izləyib, ulduzları xəyali xətlərlə birləşdirib, təqvim yaradıblar. Astronomiya ilə yanaşı astrologiya da inkişaf edib. Beləliklə, hər bir vaxtı öz naxışlarına uyğunlaşdıraraq 12 bürcə uyğun hər ilin insan xarakterinə təsirlərini və həmin ildə yaşanacaq problemlərin izahını veriblər. Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrlə hər il bir heyvan üzərində təhvil olur. Yenicə qədəm basdığımız 2020 - ci ilimiz də, inanclara söykənsək, şərq təqviminə görə, ağ metal siçan üzərində təhvil oldu. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir. 

Eyni zamanda Şərq təqviminə görə yeni dövr başlayır, yəni bu il yeni kəşflər və gözəl başlanğıclar üçün əlverişlidir. Kainatın hər kəsə göndərdiyi şanslardan faydalanmaq lazımdır. Bütün kainat canlı və cansız varliqlarıyla birgə yaradanın bənzərsiz elmini, sonsuz gücünü, möhtəşəmliyini sübut edir.
İnsanlar, həyatın sirlərini uzaqlarda, göy qübbəsində deyil, ürəyinizdə axtarın. Ən ilıq baxışlarınız gözlərinizdə, ən şirin sözləriniz qulaqlarınızda, bütün xoşbəxtliklər ovuclarınızda və ən sonsuz sevgilərin könlünüzdə yaşanacağı XOŞBƏXT iliniz, ayınız , günləriniz olsun istərdim. İnsan öz qəlbinə,xəyal aləminə sığmayan kiçik bir dünyadı, dünya isə böyük bir İnsan... Düşünən insan üstündü, ağlıyla, qəlbiylə, ruhuyla...

Hər bir insanın düşüncələriylə, xəyallarıyla, qorxularıyla, istək və arzularıyla formalaşdırdığı bir aləmi var. Və hər insanın qurduğu aləmin dirəyi onun həyatıdı. Bütün varlığı ilə səadət və rahatlıq axtarışında olan insanlar həyatın keşməkeşlərinə biganə olmadan axtardığını tapa bilərmi?! Ruhumuz "səadət” deyə bağırırkən, şərait və səbəblər səsimizi içimizdəcə susdurmazmı?!

Kainatda saysız - hesabsız şüursuz maddi varlıqlar var. Kainatda hər bir hadisədə bir yardımlaşma görünür. Bulud torpağın, bitkilər heyvanların, hətta qida zərrələri hüceyrələrimizin köməyinə çatır. Çünki hər şey bir sistemə tabe olaraq çalışır. Elə olmasa idi qarışıqlıq düşər, nizam pozulardı.
İlimizin günündən, ayından, saatından asılı olmayaraq bütün xəstələrə şəfa verən təbib olmaq istərdim, kədərli üzlərdə sevinc, ümidsiz gözlərdə nur olmaq istərdim, ürəklərə təskinlik verən, rahatlıq gətirən göz yaşi olmaq istərdim hətta. Riyadan, məkrdən uzaq ürəklərdə, işığa həsrət gözlərdə işıq olmaq istərdim, arzularını boğanlara, ümidsiz olanlara inam olmaq istərdim, sevdiyim insanlarin istəklərini reallaşdlrmaq istərdim, məğrur qadınların səsi - ünü olmaq istərdim, ruhun ağıla sığmayan tərəflərini çözmək istərdim. RUHU öldürənlərdən, sevinci oğurlayanlardan, qorunmağımızı istərdim... İstərdim ki, sevməyi uşaqlardan öyrənək. Çoxmu istədim? 

Hə bir də, bir də ölümsüzlük istərdim....

Yeni ilimizin ilk ayı mübarək. Azərbaycanımızın inkişafı naminə yeni ildə nail olmaq istədiyimiz uğurlar üçün sərf edəcəyimiz enerji tükənməsin, İlimiz ömrümüzə yadda qalan günlərlə qədəm qoysun, dilədiyimiz bütün gözəlliyi Tanrı qapımıza gətirsin. Qara buludlar səmamızdan silinsin, hər fəsildə ömrümüzə günəş nur ələsin. Qəlbimizdə həmişə bahar olsun. Evlərdən ruzi – bərəkət, üzümüzdən təbəssüm əskilməsin. Təbəssüm könüllərə sevinc gətirər, hətta bizi sevməyənləri də xoşbəxt edə bilər. Elə isə təbəssümümüzü bir-birimizdən əskik etməyək.



Müəllif: Yeganə İskəndərova
qadinkimi.com