BURA / ORA
Norveçdə ana olmaq - Günel Mövlud Tarix : 09 May 2019, 15:48
Yazar : Qadinkimi.com

"Səkkiz ay əvvəl rezidenti olduğum ölkədə, Norveçdə hamilə olduğumu öyrəndim. Bu barədə qeydiyyatında olduğum həkimimə dedim. Həmin andan etibarən bütün tibbi xidmətlər mənim üçün pulsuz oldu. Səkkiz ay müddətində hər ay bir dəfə həkim, bir dəfə də mamaça müayinəsindən keçdim. Görüşlərin vaxtı bir, ya iki həftə əvvəl mobil nömrəmə gəlirdi. Təyin olunmuş saatda gedir və heç bir növbə gözləmədən qəbula düşürdüm.

Norveç dilini bilmədiyimə görə, mamaça adətən rus dilindən tərcüməçi sifariş edirdi. Tərcümə xidmətinin haqqını dövlət ödəyir.

Həkimlə və mamaça ilə görüşlərə 3 yaşlı oğlumu da aparırdım. Bəzən yarım saat, bəzən 40 dəqiqə çəkən müayinələr zamanı oğlumun orda olması heç bir narahatlıq yaratmırdı – çünki həkimin də, mamaçanın da gözləmə otağında irili-xırdalı, rəngli, maraqlı o qədər oyuncaq olurdu ki, uşaq o oyuncaqlardan ayrıla bilmir və bizə mane olmurdu.

Hamiləliyimin 7 ayında Norveç hökuməti doğulacaq körpənin bütün ehtiyaclarını qarşılamaq üçün müəyyən məbləğdə pul köçürdü hesabıma. Bu pulu almaq üçün heç bir məmurun yanına getmədim. Məlumatlar onlayn şəkildə lazımi orqanların saytına ötürülmüşdü və pul avtomatik olaraq bank hesabıma yatırıldı. Bu məbləğ körpənin çarpayı, bələk masası, 2 uşaq arabası, bir yaşına qədər paltarı, oyuncaqları və bütün xırda-xuruşuna çatmalı idi və Norveç kimi bahalı ölkədə çatdı da.Doğuş vaxtına azalanda, internetdən maraqlandım ki, adətən bunun üçün gələcək analar xəstəxanaya özləri ilə nə aparmalıdırlar. Rusiyadakı video-bloqçuların çoxu iri bi çantanı dolduracaq şeylər sadalayırdılar. Uşaq üçün bezlər, paltarlar, nəm salfetlər, ana üçün paltar, bezlər, gigiyenik vasitələr, müxtəlif kremlər və s. Bu sadalananlar olduqca çox idi və hamısını almağa başlasaydım, pul çatsa da, vaxtım çatmazdı. Buna görə, Norveçdə dünyaya uşaq gətirmiş bir xanıma yazıb, ondan soruşdum ki, xəstəxanaya özümlə nə aparım. Onun cavabı qısa oldu: "Heç nə”.

Sancılarım tutanda, bizimlə bir şəhərdə yaşayan gürcü rəfiqəmə zəng elədim. Gürcü rəfiqəm gəlib məni klinikaya apardı. Klinikaya çatanda səhər saat 8 idi, tibbi heyət işə gəlirdi. Qapının ağzında hündür, çiyni çantalı bir kişi tez arabanı gətirib, məni otuzdurdu və rəfiqəmə kömək edərək məni doğuş şöbəsinə apardı. Sonra mənə uğur arzulayıb, getdi. Daha sonra rəfiqəm dedi ki, o, burda başqa şöbədə həkim işləyir, ən hörmətli cərrahlardan biridir.Doğuş steril, bütün şəraiti yerində olan bir otaqda keçdi. Heç kim məndən sənəd istəmədi, ancaq körpə və özümlə bağlı suallar verdilər. Bütün sənədləşməni doğuşdan sonraya saxladılar. Doğuş mamaçanın yüksək peşəkarlığı sayəsində cəmi 49 dəqiqə çəkdi. 

Daha sonra körpəyə lazım olan hər şey bir an içində otağa gətirilir. Körpə hər gün yoxlanır. 

Belə qayğını ilk dəfə idi ki, görürdüm. Burada uşaq dünyaya gəldiyinə görə ailəyə dövlət tərəfindən 4000 dollar pul ayrılır, bundan əlavə ailənin sosial durumu nəzərə alınmadan bütün uşaqlara 18 yaşları tamam olana qədər hər ay uşaq pulları ödənilir. 

Bəli, hər kəsin öz işini gördüyü, bütün xidmətlərin mükəmməl sistemləşdirildiyi, xüsusilə də vətəndaşının rahatlığını, təhlükəsizliyini düşünən ölkələrdə qohum lazım deyil. Çünki burda ən yaxın qohum dövlətdir və o dövlət səni darda qoymur, ən yaxşı övlad da dövlətdir, çünki o, səni heç vaxt atmır və qocalığnda da sənə minnət qoymadan baxır".

 



Yazdı: Günel İmanova