QADIN / KİŞİ
İnsanlar ölməsin - Nigar Adil yazır Tarix : 26 Avqust 2019, 01:04
Yazar : Qadinkimi.com
Qadın şiddətlə ilk dəfə ailə quranda tanış olmur. Qadına şiddətin ilkin dadını bəzən atası, qardaşı, çox vaxt sevgilisi, nişanlısı daddırır. Məsələn, həyətə düşmə, ucadan gülmə, səsini kəs, sus, rəfiqənlə əlaqəni kəs, nömrəni dəyiş, sosial şəbəkədə öz adınla olma (ən yaxşı halda), daha betəri heç bir sosial media hesabın olmasın, avtobusda yanında əks cinsdən heç kim əyləşməsin və. s bütün bunlar şiddətin bir növüdü. Tüm bunları "sevgi" adı ilə aldanıb qəbul edən qadının gələcəkdə həyat yoldaşı (demək olarsa) pəncərədən baxma, hətta paltar belə sərmə, uşağı həyətə çıxartma, parka aparma, tək isə ümumiyyətlə heç yerə getmə, telefonla heç kimlə danışma və. s kimi "sevgi" ilə tanış edir.

 
 
Anlayan, dərk edən qadın başından bunun sevgi yox, psixoloji rahatsızlıq olduğunu görür. Amma o bunu tək görür və ətrafındakı mentalitet sevdalı insanlar qadına öz qərarını verməkdə basqı edirlər. Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə qadınların qatili tək həyat yoldaşları deyil. Həm də qadınlardı...
 
 

Cəmiyyətdə aqressiya küpü, şiddətdolu yüzlərlə uşaq var. Hansı ki, ilk fürsətdə qarşısına çıxan insana, canlıya o şiddəti tətbiq edəcək. Bu gün 5 ailədən 3-də uşaqlar "ana, nolar ölmə" deyir və ya hər an anasının öləcəyi qorxusu ilə yaşayırlar. Problem artıq uzun illərdir var. Bəs həlli? Saysız halda yaradılan ictimai təşkilatların fəaliyyəti nədən hiss olunmur? Fikrimcə, bundan sonra da yaradılacaq minlərlə belə təşkilatların fəaliyyəti nəzərə çarpmayacaq.
 

Çünki, bu cür vəhşi canlıların var olma səbəbi elə qətlə yetirilən analardır, qadınlardır. "Sən kişisən" deyib oğlunu övən, "kişi ağlamaz" deyən, evindəki gəlininə əl qaldıran oğlu ilə fəxr edənin də cinsi qadındır. Amma insan deyil...
 

Müəllimim hər zaman deyirdi ki, ətrafımızda adamlar çoxdu, amma insan azdı. Qadın, kişi ayrı-seçkiliyinə hər zaman qarşıyam. Bu gün öz övladının qatili olan qadınlar da var, kişilər də. İnsan ola bilsək, bir-birimizi də anlayacağıq. Hər kəsi sevmək kimi bir məcburiyyətimiz yoxdu, amma hər kəsi anlaya bilərik...
 
 

Nigar Adil
Mənbə: olaylar.az
Qadinkimi.com