YAZI / DÜŞÜNCƏ
Neandertal münasibət, birunlar və əndərunlar - Kəmalə Səlim Tarix : 06 Fevral 2019, 15:17
Yazar : Qadinkimi.com

 

Son zamanlar ailədaxili münaqişələrin sayı çox artıb. Bunlar nəinki sosial şəbəkələrdə müzakirə olunur, eyni zamanda televiziyaların ən populyar verilişlərinin əsas müzakirə obyektinə çevrilib. Həyat yoldaşının başqasıyla olan əlaqəsini, onun məşuqunun başına gətirilən hadisələri çəkərək internetdə yayan ərlərin sayı artıqdıqca, bunu işıqlandıran proqramların reytinq "kraterləri də bolluca lava püskürür". Ərləri bunu etməyə vadar edən səbəbləri anlamaq istəyirəm: Bu görüntünün köməyilə qadını xəyanət maddəsilə təqsirləndirərək, əslində günahlandıraraq analıq hüququndan məhrum etmək, beləliklə də məhkəməni daha asan və sərfəli şəkildə udmaq. Deyək ki, ən başlıca səbəb budur, əşyayi-dəlil kara gələcək, ona görə çəkilir. Bəs maddi sübut məqsədilə çəkildiyi iddia edilən  kadrlar internetə necə ayaq açır? Medianın gündəmində bomba effekti yaradan manşetin "qəhrəmanları” olmağa nə deyir bu ərlər? Bütün bunlar nəyə lazımdır? Bəs sonrası necə olacaq? Bir qadın lüt vəziyyətdə sosial şəbəkələrdə, KİV- də rekord baxış sayı yığanda onun ərinin əlinə nə keçir? Anası, övladları, qohum-əqrəbası bu durumdan narahat olmurlarmı? Bunu düşünən heç yoxdurmu? Evə kişi qonağı gələndə külfətini burnunu mətbəxdən çıxartmağa qoymayan ərlər necə olur ki, bu cür rüsvayçılığa qədər uzana bilirlər? Bizim ailələr gələcək talelərinin necə olacağını düşünməyəcək dərəcədə psixopatlaşmağa nə vaxt məruz qaldılar?! 

Qohum-qardaşı da başına yığıb palatka toyu çəkirmiş kimi hay-küylə ”ekran işini" ərsəyə gətirən kişilərin inteqralını açmaq heç də asan iş deyil. Amma nədənsə "rejissoru” məlum filmlərin media üzrə "əlaqələndiriciləri” həmişə naməlum qalır. Problemi yaradan və yaşayan ailələrinin hamısı görüntülərin internetdə necə peyda olmasından söz düşəndə bir ağızdan "Bunu biz yaymamışıq” deyirlər. Bu iyrənc, qorxulu, ağrılı ailə dramını lentin yaddaşına həkk edən biri onun internetə necə ayaq açdığndan xəbərsizəm deyirsə, buna maymaqlıqdan başqa veriləsi ad yoxdur. Çəkiliş anında toruna qızılquş düşmüş səyyad kimi nəşələnən, bağıra-çığıra ittiham edən, qiymətli ovunu qaçırmamaq üçün kifayət qədər operativ tərpənən birinin "bilmirəm” lə yaxasını kənara çəkməsinə, etdiyi hərəkətin məsuliyyətini daşımaq istəməməsinə, maymaq rolunu boynuna götürməsinə isə dilçiliyimizin lüğət fondundan uyğun söz tapa bilmədim. 

Belə bir deyim var "Yaxşı kişinin arvadı gəzməz”. Bu fikir əsrlərin yaddaşından sıyrılıb günümüzə qədər gəlib çatıbsa, söykənəcəyi ehkam var deməkdir. Amma bu deyimlə o qədər də  razı deyiləm. Çünki, o qədər yaxşı olmayan ərlər var ki, həyat yoldaşları susaraq, dözərək, saçlarını süpürgə edərək yaşayırlar. (Bu, həmin qadınların tərcihidir, müzakirə öbyektinə çevirməyi düşünmürəm. Seçimlərinə sayğıyla yanaşıram.) Bu göstərici qadının həyatını hansı müstəvidə paylaşmasının öz fərdi keyfiyyətlərinə bağlı olduğunun, davranışlarının öz əlində olduğunun sübutudur. Qadının "yaxşı” olmasında kişinin mütləq dominant-pay sahibi olmasında israrlı olanlar (təəssüflər ki, onların sırasında ziyalı adlanacaqlar da var) isə bu həyatda heç nə öyrənə bilməyib, sadəcə olaraq heyvani ömür sürənlərdir. Təəssüf edirəm.  Nə qədər ki qadına bioloji nəzərlərlə baxanlar cəmiyyətimizdə üstünlük təşkil edəcəklər, münasibətlərin bu cür iyrənc sonuclarıyla hələ çox qarşılaşacağıq.

 Bir haşiyə çıxmaq istəyirəm. Əziz Nesin evə gələrkən xanımını yad kişiylə masa ətrafında görür. Qadının köynəyinin yuxarı düymə (lər) si açıq olur. O, ərini görən kimi həyəcanlanır, qızarır, vəziyyətdən çıxmaq üçün rabitəsiz cümlələr uydurmağa başlayır. Situasiyanı anlayan yazıçı qadına bir sillə vurur və birdəfəlik onu həyatından silir. Deyilənə görə Nesini ağrıdan xəyanətdən daha çox xanımının danışdığı yalan imiş. Ona əli də məhz bu yalandan hiddətləndiyi üçün qaldırıbmış. Cahilləri bu dahi şəxsiyyətlə müqayisə etmək fikrindən uzağam. Təbii ki "bataqlıq canlıları”ndan ailələrində bu cür mədəni davranış sərgiləməyi gözləmirəm. Amma övladının anasını belə rüsvay etmələrini yaradan səbəbləri də çözmək istəyirəm. Əvvəllər bu cür hadisələrlə qarşılaşan ərlər çox böyük qalmaqallar yaradır, xanımlarını döyür, onları şikəst edir və hətta öldürürdülər. İndi vəziyyət xeyli dəyişib. Texnologiyanın inkişafı bu tip insanların da şüurlarında reform yaradıb. İllərlə bir evi, ocağı paylaşanların bu səviyyədə ayrılmasına rəvac verən səbəb nədir? Səbəb əslində çox sadə, sadə olduğu qədər də primitivdir. İnsan sevdiyi birinə belə bar-bar və acımasız davrana bilməz. Bir neçə illik xanımını bu durumda biabır edən kişi öz qızına da bu cür yanaşarmı? Onu da başqa biriylə yataqda tutanda videosunu çəkib yayarmı? Yox və yenə də yox. Bu rüsvayçılıq arvaddan, damğası yad qızı olan məxluqdan alınan ən sonuncu qisasdır. Qadınların ajiotaj yaradan bu hərəkətlərinə kişilər hər tinbaşı əməl edirlər. Nədənsə heç kim onları lentə almağı, söyüb-döyməyi, mediaya ötürməyi düşünmür. Çünki, nənələrimiz bizə "Kişi qara köynəkdir, ləkəsi bilinməz”, "Qadınsan yerini bilməlisən”, " Bir loxma çörəyini ye, şükr elə”, "Kişiylə çənə-boğazmı edəcəksən?” kimi nəsihətlər verərək ər evinə yola salırlar. Və bununla da ailədə bərabərliyin pozulmasına, qadının ikinci dərəcəli statusuna imza atılır. Həə burda yadınıza görkəmli rejissor Mustafa Akkadın Məhəmməd peyğəmbərin həyatından bəhs edən  "Çağırış” filmindən bir kadrı salmaq istəyirəm. Filmdə ağa qulu Bilala əmrə tabe olmadığı-Zeydi qırmanclamadığı üçün işgəncə verir. Zeyd onu xilas etməkçün pul təklif edəndə qulun işgəncə gördüyü anda satılmasının qadağan olduğunu əsas gətirərək imtina edirlər. Pulun məbləği fantastik rəqəmə çatanda və kölənin yaşamayacağına əmin olduğunda " O daha mənə lazım deyil, götürə bilərsən” deyə Bilalı Zeydə satır. 

Kişilərimiz ( əksəriyyəti )  öz həyat yoldaşlarıyla əşyası, şəxsi malı, üzərində ağalıq, sahiblik hakimiyyəti olan biri kimi davranır. Hər nə qədər bunu inkar etməyə çalışsalar da bu, belədir. "Sən özbaşınasan?”, "sahibsiz, yiyəsizin biri”, "tək qalıb, daha necə olasıdır ki?” tipli fikirlərə çox ailədə rast gəlirik. Bu fikir sahibləri öz "Bilalların” dan ən son anda-daha işə yaramayacağına əmin olduqda vaz keçir və ondan öz səviyyələrində heyf alma metodundan yararlanırlar.

 "Bu günə kimi mən qorudum, bundan sonra qızımı sənə əmanət edirəm” deyir atalar elçilik mərasimində. Ər xanımını başına tac edərsə, onu sevib həyat yolunun həm gözəl, həm də ağrılı günlərini onunla birgə addımlayarsa nə gözəl. Fiziki gücüylə də xanımını qoruyar istər kəm gözdən, istərsə də arzuolunmaz hadisələrdən. Amma lap yaxın keçmişimizin ekran işindəki Cənnət qarının " Mən bu evin xanımıyam, ağasıyam. Mənim bir sözüm iki olmamalıdır” deyimi gəlinlərin sosial durumunun vəziyyətini açıqlamırmı? Gəncliyində əzilən, hirsini, hikkəsini yığıb dağ ucaldan gəlinlər qaynana olarkən acıqlarınını birəbeş çıxmırlarmı? Amma bunu hamı, özəlliklə də kişilər biryolluq anlamalıdırlar ki, ağıllı, mədəni və intellektli qadının nəinki qorunmağa ehtiyacı yoxdur, əksinə o, özünü də, ailəsini də, cəmiyyətimizi də qorumağın ən mükəmməl üsullarının yaradıcısıdır. Mütaliədən, sivil həyatdan uzaq, bioloji həyat sürən qadınlarınsa müdafiəsi çox çətindir. Bu, müalicəyə, dərin cərrahi əməliyyata ehtiyacı olan dərin yaradır. 

Bir videoya rastladım, çox dəhşətli mənzərə idi. Qohumunun həyat yoldaşıyla qaçan  oğlanı döyür, söyür və bunları lentə alırdılar.  Amma cəzalandıran şəxsin davranışı namusu ləkələndiyi üçün qisas alandan daha çox, özünü reklam edən, "Baxın mən necə oğlanam” istəyini gözə soxmaq idi. Hələ bir az da o yana getsək ulduz olmaq arzusu idi... Adının ləkələndiyini düşünən biri bunu səssiz-səmirsiz edir, eləcə də kirimişcə çıxıb gedir. Qədimdə babalarımızın etdiyi kimi... Daha kamera qarşısında master klass sərgiləmir. Cahandar ağanın quyruğu kəsildiyinə görə sevimli atı-dostu Qəməri güllələyərkən çəkdiyi əzabları xatırladım. Təxminən bir əsrlik zamanda nə qədər mənəvi aşınmaya məruz qalmağımız heyrət doğurur. Biz mağaradan çıxdıq, amma alaçıqdan çıxa bilmədik.

İşgəncəyə məruz qalanın başına gətirilənlər biabırçı idi. Bir anlıq daş dövrünə aid sənədli filmə baxdığımı zənn etdim. Bir neçə nəfər bir nəfərin üstünə düşüb, olmazın hoqqalar çıxardırdı. XXI əsrin insanının bu neandertal hərəkətini anlamaqda acizlik çəkdim. Məlum oldu ki oğlan qızı xoşluqla, öz istəyilə aparıb. Belə olan təqdirdə bəs niyə başına bu oyunu gətirirlər?! Ona görə ki bu, bizim genetikamızda var. Qurban Səid imzası ilə gözümüzə dürtülən, əslində Yusif Vəzir Çəmənzəminlinin başıbəlalı "Əli və Nino” romanında Nino Əliyə heç bir xəbərdarlıq etmədən, illərin ailə dostu erməni Məlik Naxaryana qoşulub qaçır. Bundan xəbər tutan Əli onları tapır, Məliki xəncərlə doğrayır. Ninodan üz çevirsə də, sonra barışır, evlənirlər. Övladları da olur. Əgər Əli yetişə bilməsəydi Nino erməni ilə evlənməycəkdimi? Əli onda neyləyəcəkdi? Məliki öldürüb Ninonu yenidən alacaqdımı?..

Həyat yoldaşı insanın yarısı deməkdir. Əgər bu yarı səni arzulamırsa, bunu anlamaq, səbəbini özündə axtarmaq lazımdır. Heç bir qadın sevdiyi adamdan qaçmaz, onu başqasına dəyişməz. Münasibətlərin bu qədər dəyərsizləşməsi, cılızlaşması, bir-birindən çirkin olayların baş verməsi və bunun da sosial verilişlərin gündəmini zəbt etməsi vəziyyəti daha da ağırlaşdırır. Bir ailədə yaşanan dramın ekranlardan bütün ölkəyə yayınlanması, beşpara etməz ekspertlərin "ağıllı” təhlilləri də cəmiyyət olaraq yarğanın dibindən ulduzları seyr etdiyimizin acı sübutudur. 

Döyülən (sonradan oğlanın öldürüldüyünü eşitdim ) oğlana ürəklərindən keçən hər şeyi edən dəstə sonunda onu soyundurub, qırmızı ətək geyindirib, başına da qırmızı ləçək bağlayaraq gətirib səhv etmirəmsə, bir çayxananın yanında boynundakı ipi ağaca bağladılar. Və bununla da ürəklərindəki tikanı çıxartdılar. 
Qadınlarımız (mən də daxil olmaqla) əsasən qış mövsümündə şalvar geyinir. Belə çıxır ki biz bu geyim tərzimizlə kişiləri şərəfləndiririk? Absurd, absurd olduğu qədər də bayağı olan bu tendensiyanı çözməyi çox arzulayıram. Bir qadını təhqir etmək, alçaltmaq istəyənin ona məcburi kişi paltarı geyindiməsinə rastlamısınızmı? Təbii ki yox. Bəs niyə kişini alçaltmaq istəyinin kulminasiya nöqtəsi ona qadın paltarı geyindirilməsidir? Yəni təhqirin başqa potensial yolu yoxdurmu? İctimai qınaq olmayan yerdə hərəkətlərdən nəticə çıxarılmır. Qadınların bu iyrənc olaya reaksiyasızlığı özlüyündə hadisəni törədənlərə haqq verir. Birinin başqa dini qəbul etməsi barədə bir xəbər yayılanda bütünlüklə ayağa qalxan ictimaiyyət bu barədə susdu və yaxud susmağa üstünlük verdi.
Folklorumuzda yer alan onlarla ifadə və deyimlər itib-batmış olsa, təkcə " Mənim xoruzum başqasının hasarında banlasın” məsəli qadınlığımızın həyata baxışını, hasarların arxasındakı həmcinsinə olan münasibətini müəyyənlişdirməyə yetərlidir. Özünüqorumanın bu mühafizəkar forması məzmununu tamamladıqca düşdüyünüz yarğandan çıxmağa bizə nicat yolu görünmür. Əsrlərdir BİRUNLARIN ƏNDƏRUNLARI sıxışdırdığı qaranlıq, kifsəmiş otaqlardan qurtulmağa, Günəşi salamlamağa can atın, əziz qadınlar. 




Müəllif: Kəmalə Səlim  

qadinkimi.com