YAZI / DÜŞÜNCƏ
Nazim Hikmətin ölüm günüdü - Atatürkə Məktubu Tarix : 03 İyun 2019, 10:28
Yazar : Qadinkimi.com

 

Nazim Hikmət noyabrın 20-si 1901-ci ildə Salonikidə (o vaxtkı Osmanlı, indiki Yunanıstan şəhəri) doğulub. Bir aya görə bir yaş böyük sayılmasın deyə ailəsi doğum tarixini 15 yanvar 1902-ci ilə dəyişib. Özü də sonralar bu tarixi mənimsəyib. Əks fikirləri, üsyankar yazıları və mövqeyinə görə Nazim Hikmət ömrünü həbsxanalarda, sürgünlərdə keçirib. Şair 3 iyun 1963-cü ildə Rusiyanın Moskva şəhərində dünyadan köçüb. Bu gün böyük şairin ölüm günüdü. Sayğıyla anırıq və 1928-ci ildə Atatürkə yazdığı məktubu sizə təqdim edirik:

 

Cümhurbaşqanı Atatürkün uca zirvəsinə!

"Türk ordusuna üsyan çağırışı" iddiasıyla on beş il ağır həbs cəzası aldım. İndi də Türk donanmasını "üsyana təşviq" etməklə töhmətləndirilirəm.
Türk devriminə və sənin adına and içirəm ki, suçsuzam. 
Əsgəri üsyana səsləmədim. 
Kor deyiləm və sənin irəli aparan hər dev addımını anlaya bilən başım, yurdumu sevən ürəyim var.  
Əsgəri üsyana səsləmədim.
Yurdum və devrimçi sən qarşısında üzüm ağdır. 
Yüksək əsgəri məqamlar, dövlət və ədalət; kiçik bürokrat və gizli rejim düşmənlərin tərəfindən aldadılır. 
Əsgəri üsyana səsləmədim.
Dəli, sərsəri, geriçi, satılmış, devrim və yurd xaini deyiləm ki, bunu bir an belə düşünə bilim. 
Əsgəri üsyana səsləmədim.
Sənin əsərin və sənə əziz olan Türk dilinin inanmış bir şairiyəm.
Kürəyimə yüklənən və yüklənəcək həbs illərini daşıya biləcək qədər səbirli ola bilərəm. Böyük işlərinin arasında səni bir Türk şairinin fəlakəti ilə yayındırmaq istəməzdim.  
Bağışla məni. Səni bir an özümlə  məşğul etdimsə, alnıma vurulması istənilən bu "devrim əsgərini üsyana səslədi" damğasının ancaq sənin əllərinlə silinə biləcəyinə  inandığımdandır.
Baş vura biləcəyim ən devrimçi baş sənsən. Kamalizmdən və səndən ədalət istəyirəm. 
Türk devriminə və sənin başına and içirəm ki, suçsuzam.”

 
Qeyd edək ki, məktub Nazim Hikmətin qohumu Əli Fuat Cebesoy tərəfindən Dolmabahçe Sarayında Atatürkə verilməli idi. Ancaq xəstə olduğundan məktub Atatürkə çatdırılmır.

 

 


 

 

 


qadinkimi.com